“Teleqraf” “Qarabağ”dan yazdı: Erməni işğalı…

Böyük Britaniyanın məşhur "Teleqraf" nəşri bu mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ" futbol klubu haqqında yazı hazırlayıb.
 
Yazıda Azərbaycanın işğal olunmuş ərazilərindən və klubun "qaçqın" statusu daşımasından bəhs edilib.
“Bu klub işğal edilmiş əraziləri təmsil edir. “Qarabağ” komandasının tarixi stadionu "İmarət" olub. Amma illərdir onlar Bakıda oynayırlar. Erməni işğalı nəticəsində bu klub didərgin düşüb. Komanda Azərbaycan çempionatında mübarizə aparır. Onlar son 4 mövsümü qalib kimi başa vurublar", - məqalədə bildirilir.
Daha sonra Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun açıqlamasına yer verilib: “Bu klub Azərbaycan azarkeşləri üçün hər şeydir. Çünki işğal olunmuş torpaqları təmsil edir. Biz də bu həqiqətləri dünyaya çatdırmağa çalışırıq”.
Komandanın sabiq hücumçusu Müşviq Hüseynov da fikirlərini bildirib:
“Biz heç zaman inanmırdıq ki, bu davam edəcək. Çünki müharibə zamanı həyatımız risk altında idi. Toplanışlar və məşqlər zamanı stadiona mərmi düşürdü. Həmin dövrlərdə insanlar daha cəlbedici futbol tələb edirdi. Biz 10 min nəfərlik stadionda 15 min azarkeş görürdük. Müharibə zamanı isə "Qarabağ" hadisəyə çevrildi”.
“Qarabağ”ın Ağdamdakı son mövsümdəki kapitanı Şahid Həsənov bildirib ki, 1992-ci ildə stadiona bomba düşmüşdü və çuxur yaranmışdı:
“Həmin çuxuru doldurmaq məcburiyyətində qaldıq. O vaxt biz döyüş olduğunu bilirdik və havada təyyarələr uçurdu. Amma biz ölməkdən qorxmurduq. Ağdam bizim evimiz idi və biz döyüşçülər üçün futbol oynamalı idik, borcumuz idi”.
Qeyd edək ki, "Teleqraf" erməni politoloq Arsen Zaqaryanın fikirlərinə də yer verib: "İnsanlar bilir ki, "Qarabağ" Azərbaycanda oynayır. Bu da onları inandırır ki, Qarabağ torpağı Azərbaycanındır, Ermənistanın deyil. Nəticədə bu da siyasi bir layihədir”.