MEHMAN ƏLİYEV MÜXALİFƏTİN VAHİD NAMİZƏDİ OLA BİLƏR? - Siyasilərdən açıqlama

Mirmahmud Mirəlioğlu: “Mehman Əliyev hazırda namizəd olmağa razı olmaz”

Arif Hacılı: “Müxalifətin vahid namizədi məsələləri müzakirə olunmur”

Həsrət Rüstəmov: “Bu mövzunun bəlli tərəfdən gəlməsi başqa niyyətlərdən xəbər verir”

Sülhəddin Əkbər: “Müxalifətin vəzifəsi ilk növbədə ölkədə demokratik şəraitin yaradılması üçün birləşməkdir”

Azər Qasımlı: “Bu məsələni şərhsiz buraxmaq daha məqsədəuyğun olar”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı maraqlı bir versiya irəli sürüb. Onun fikrincə, ictimai rəydə belə bir fikir var ki, Mehman Əliyev tezliklə azad olunacaq və bu dəfə növbəti seçkilərdə müxalifət düşərgəsinin vahid namizədi olacaq.
Deputat onu da qeyd edib ki, Mətbuat Şurasının Mehman Əliyevin barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə çağırışına əhəmiyyət verilməməsi də bununla bağlıdır.
Maraqlıdır, Mehman Əliyev müxalifətin vahid namizədi ola bilərmi? Siyasilər Mehman Əliyevin siyasi lider olmaq potensialını necə  dəyərləndirirlər? 

“İndiki halda Mehman Əliyevin azad olunması vacibdir”

BAXCP sədri Qüdrət Həsənquliyevin fikrinə münasibətini ifadə edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu Hurriyyet.org-a bildirdi ki, o da sözügedən müsahibə ilə tanışdır: “Yəqin ki, bu və ya digər dərəcədə reallığa söykənən və söykənməyən mülahizələr, fikirlər ola bilər. Bu, belədir. İndiki halda Mehman Əliyevin azad olunması vacibdir. Qüdrət bəyin də müsahibəsində, məncə, əsas hədəf, vurğu odur. Yəni nəinki Mehman Əliyev, siyasi məhbus adı ilə həbs olanların, Azərbaycan əleyhinə istifadə olunanların hamısının azad olunması istəyi, təklifi irəli sürülür. Bu, təqdirəlayiqdir. Qalan məsələlərdə hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır”.

“Mehman Əliyev namizəd olmağa razı olmaz”

M.Mirəloğlunun fikrincə, Mehman Əliyev hazırda nəinki müxalifətin vahid namizədi, ümumiyyətlə, namizəd olmağa razı olmaz: “Doğrusunu özü bilər, bəlkə də onun əvəzinə danışmaq da doğru deyil. Bu məsələ Mehman Əliyevin özünün açıqlamalı olduğu məsələdir, ondan sonra ona münasibət bildirmək olar”.

“Bu, hər kəsin doğal, Allahdan verilən haqqıdır”

“Amma istənilən adam istənilən şəraitdə bu və ya digər iddia qoyub, mövqe bildirə bilər və platformasını da irəli sürə biər. Bu, hər kəsin doğal, Allahdan verilən haqqıdır”, - deyə KXCP sədri vurğuladı.

“Mehman Əliyev siyasi sifarişlə həbs olunub”

Müsavat Partiyasının sədri Arif Hacılı bildirdi ki, ilk nöbvədə, onu qeyd etmək lazımdır ki, Mehman Əliyev tamamilə qeyri-qanuni olaraq siyasi sifarişlə həbs olunub və onun azad olunması təbii bir hadisədir.
“Hazırda müxalifətin namizədi və ya vahid namizədi məsələləri müzakirə olunmur. Ona görə, bu məsələlərlə bağlı mənim hər hansı bir xüsusi rəy bildirməyimə zərurət yoxdur”, - dedi partiya sədri.
 
“Mehman Əliyevin özünün rəyini bilmədən bu məsələlərin müzakirəyə çıxarılmasıdüzgün deyil”

A.Hacılı onu da vurğuladı ki, Mehman Əliyev Azərbaycanın yeni jurnalistikasının qurucularından biridir: “Siyasi qüvvələrlə kifayət qədər yaxşı münasibətlər qurmaqla yanaşı, zəruri distansiyanı da saxlamağı bacaran bir şəxsdir. Azərbaycan cəmiyyətində kifayət qədər nüfuza malikdir. Ancaq onun öz gələcəyi ilə bağlı hansı planlarının olduğu haqda məndə hər hansı məlumat yoxdur. Ona görə, o suallarla bağlı Mehman Əliyevin özünün rəyini bilmədən bu məsələlərin müzakirəyə çıxarılması düzgün deyil”.

“Burada söhbət vahid namizəd məsələsindən getmir…”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov isə bildirdi ki, belə bir versiyanın hazırkı zamanda nə məqsədlə ortaya atıldığı bəlli deyil: “Amma xatırladıram ki, sonuncu prezident seçkilərindən öncə mətbuatda belə bir versiya müzakirə mövzularından biri idi. Hazırda bu aktual deyil ki, vahid namizəd kim olsun. Müxalifət bu məsələ ətrafında hər hansı bir müzakirə aparmır. Bu mövzunun da bəlli tərəfdən gəlməsi hansısa başqa niyyətlərdən xəbər verir. Yəni söhbət vahid namizəd məsələsindən getmir. Ümumiyyətlə, belə bir məsələnin yaxın gələcəkdə olacağı hələ ki, bəlli deyil”.
 
“Mehman Əliyev vahid namizəd potensialı olan, Azərbaycanı da sevən adamdır”

“Mehman Əliyevin belə bir patensialı olmasını mən qəbul edirəm. Mehman Əliyev Azərbaycanda həm mətbuatda, həm də siyasətdə yeni bir adam deyil, baxmayaraq ki, konkret siyasi partiya rəhbəri və yaxud funksioneri deyil, ancaq belə bir potensialı olan, Azərbaycanı da sevən adamdır. Hansısa siyasi mərkəzdə müxalifət Mehman bəyin namizədliyi ətrafında birləşərsə, ortalığa normal bir şey çıxara bilərlər”, - deyə sədr müavini vurğuladı.

“Azərbaycan müxalifətinin vəzifəsi ölkədə demokratik şəraitin yaradılması üçün birləşməkdir”

Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər isə bildirdi ki, vahid namizəd məsələsi müxalifət daxilində gedən müzakirələrdən asılıdır:“İlk növbədə, ən vacib olan məsələ ölkədə demokratik şəraitin yardılmasıdır. Ölkədə demokratik şərait yardılmasa, insan haqları qorunmasa, ölkədə seçki qabağı demokratik şərait olmur. Seçkiqabağı demokratik şərait olmayacaqsa, deməli, seçkilərin keçirlməsi də düzgün  olmayacaq. O halda kimin namizəd olmasının elə bir əhəmiyyəti yoxdur, seçki formal bir xarakter daşıyacaq, əvvəlki dövrlərdə olduğu kimi heç bir real nəticəsi də olmayacaq. Ona görə də Azərbaycan müxalifətinin vəzifəsi ilk növbədə ölkədə demokratik şəraitin yaradılması üçün birləşməkdir. Yəni demokratik insan haqları urğunda mübarizədə birləşməlidir. Əsas vəzifə ölkədə azad və ədalətli seçkilərin keçirlməsi üçün demokratik şəraitin yaradılması olmalıdır. Konkret namizəd məsələsi ondan sonrakı mərhələnin mövzusudur. Müxalifət ümumi maraq kəsb edən məsələdə bir araya gələ bilmirsə, konkret məsələ üzərində bir araya gəlməsi qeyri-mümkün olacaq”.

“Mehman Əliyevin prezidentliyə namizəd olması çox ciddi bir məsələdir”

Əkbər qeyd etdi ki, Mehman Əliyev bu günə kimi birbaşa siyasətlə məşğul olmayıb: “Ona görə də Mehman Əliyevin prezidentliyə namizəd olması çox ciddi bir məsələdir. O, ancaq siyasi konsensium ilə ola bilər ki, siyasilər öz aralarında bir siyasi fiqur üzərində razılığa gələ bilmirlərsə, o zaman bir ictimai fiqur üzərində razılığa gələ bilərlər. Yəni Azərbaycan siyasətində belə nümunələr olubdur. Uzağa getməyək, 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyov, professor Cəmil Həsənlinin namizədliyi məsələsi kimi faktlar var”.

“Qüdrət Həsənquliyev deyib deyə, biz onu şərh etməməliyik”

 Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı bildirdi ki, həyatda hər şey ola bilər: “Mehman Əliyev vahid namzidə ola da bilər, olmaya da bilər. Ancaq o qədər də ciddi bir mövzu deyil. Qüdrət Həsənquliyev deyib deyə, biz onu şərh etməməliyik, axı. O, çox şey deyə bilər, hər deyiləni şərh etməliyik? Ümumiyyətlə, bu məsələni şərhsiz buraxmaq daha məqsədəuyğun olar”.

Hurriyyet.org