​Putinin dostları Yanukoviçin iqamətgahına sahib çıxdılar

Rusiya prezidenti Vladimir Putinin dostları Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç üçün Krımda tikilən villanı alıblar.
Munscanner.com saytının araşdırmasına görə, 2007-ci ildə Yanukoviç Krımın Ayya burnunda yerləşən istirahət bazasını özəlləşdirib (bəzi məlumatlara görə, Viktor Yanukoviçin oğlu Aleksandr tərəfindən 1,2 milyon dollara satın alınmışdı - red.). İstirahət bazası hasarlanıb və təmtəraqlı villanın tikintisinə başlanılıb.
Ancaq 2014-cü ildə Yanukoviç Ukraynadan Rusiyaya qaçdı və Krım Rusiya tərəfindən ilhaq edildi. Krım hakimiyyəti tikintiləri əvvəlcə sökmək istəyirdi. Amma sonradan ərazinin Rusiya hökumətinin sərəncamına verilməsi planlaşdırılıb.
2016-cı ilin mayında Krımda Yanukoviçin obyektləri “Şans" MMC-nin balansına keçib. MMC-nin sahibləri Putinin dostları və “Rusiya” bankının şərikləri olan Yuri və Boris Kovalçuk idi.
Bu ilin iyununda isə “Şans” MMC Ayya burnundakı ərazini Rusiya prezidentinin başqa dostları - Gennadi Timçenko, Nikolay Şamalov, Sergey Rudnov və Sergey Rolduqinin sahibi olduqları “Sahil” şirkətinin sərəncamına veriblər.
Qeyd edilir ki, Yanukovdən alınmış villanın tikintisi indi də davam edir və artıq işlərin 70-90 faizi yerinə yetirilib(publika.az).