“İrəvan casus formasında Qərb alyansının içərisinə sızmağa çalışır” - Qabil HÜSEYNLİ

“Ermənistanın missiyası Rusiyanın tapşırıqlarını NATO içərisində yerinə yetirməkdən ibarət ola bilər”
Xəbər verdiyimiz kimi, Gürcüstanda NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimləri keçiriləcək.
Bildirilir ki, təlimlər 3-11 sentyabr tarixində Orpolo hərbi poliqonu və leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq.
Təlimlərdə Gürcüstan hərbçiləri ilə yanaşı ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri də iştirak edəcək.
İyulun 30-u avqustun 12-də Gürcüstanda “NATO-nun “Layiqli tərəfdaş 2017” adı altnda təlimlərində Ermənistanın iştirakından sonra Soçidə Putin-Sarkisyan görüşü diqqətdə oldu. Bəzi ekspertlər düşünürdülər ki, Ermənistan NATO-nun təlimlərində iştirak etdiyi üçün Sarkisyan cəzalandırıla bilər. Amma görünür ki, ehtimallar doğrulmadı. Ermənistan yenidən NATO təlimlərində iştirak edir. Maraqlıdır, Ermənistan Rusiyanın forpostu olduğu halda, NATO təlimlərində də sərbəst iştirak edir. Azərbaycan isə heç bir hərbi-siyasi ittifaqın üzvü olmadığı halda bu təlimlərə qatıla bilmir. İkiüzlü siyasət yürüdən Ermənistan isə həm Rusiyanın yanında yer alır, həm də NATO təlimərinə qatılır.
“Bir-biri ilə heç cürə uzlaşmayan proseslər baş verir”
Gürcüstanda keçiriləcək növbəti təlimləri şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Hurriyyet.org-a bildirdi ki, Sarkisyan Putinə meydan oxuyur, Ermənistanın Moskva ilə arasını pozmağa çalışır: “Üstəlik, İrəvan Avropa İttifaqı ilə asossiativ sazişi də imzalamağa hazırdır və bu payızda baş verəcək. Belə görünür ki, Ermənistan əməlli-başlı Qərbyönümlü siyasət yürütməyə başlayıb. O biri tərəfdən də Rusiyanın vassalı görkəmindən hələ tam azad ola bilməyib. Mən burada nəsə qanunauyğun bir şey görmürəm. Yəni sən Rusiyaya meydan oxuyasan, Rusiya isə sənə rəğbət göstərməkdə davam etsin, Dağlıq Qarabağ problemində sənin mövqeyini müdafiə etsin, Ermənistan və Rusiya silahlı birləşmələri yaratsın, onların təlimi keçirilsin, üstəlik də “Putinin NATO-su” deyilən hərbi-siyasi ittifaqa erməni general baş katib gətirilsin. Yəni bir-biri ilə heç cürə uzlaşmayan proseslər baş verir. Əqli nəticə çıxararkən belə görürsən ki, Ermənistanın bu qədər müstəqil hərəkət etməyə imkanı yoxdur. Çünki sərhədləri Rusiya tərəfindən qorunur, ölkənin yaşaması üçün lazım olan bir çox şeylər Rusiya tərəfindən göndərilir və Rusiyanın hesabına da Azərbaycana Ermənistan xox gəlir”.
“Ermənistanın yeni missiyası NATO-nun içərilərində yuva salmaq və qurumun sirlərinə vaqif olduqdan sonra Rusiyanı bilgiləndirməkdir”
“Təbii ki, belə bir qənaət hasil olur ki, bu, razılaşdırılmış bir ssenaridir. Bu razılaşdırılmış ssenari ilə Ermənistana yeni bir missiya tapşırılıb. Bu missiya NATO-nun içərilərində yuva salmaq və qurumun sirlərinə vaqif olduqdan sonra Rusiyanı bilgiləndirməkdir. Başqa heç cür düşünmək mümkün deyil. Yəni Rusiyaya nə düşübdür ki, Ermənistana bu qədər dəstək olur? Son məlumata görə, Rusiya son illərdə Ermənistana ən azı 5 milyard dollarlıq pulsuz silah verib. Ermənistan bunun hesabına Azərbaycanın ərazilərini işğal altında saxlayır. Üstəlik də Ermənistan Rusiyadan aldığı dotasiyalar hesabına əhalinin maddi rifah halını da təmin edir. Yəni ya Ermənistanın nankorluğu olmalıdır və yaxud Rusiyanın bu dərəcədə biganəliyini başa düşmək çətindir. Görünür, burada ikinci hiyləgər bir metod var. Bu hiyləgər metod isə həm İrəvanın, həm də Moskvanın birgə hazırlanmış metodudur və İrəvan casus formasında Qərb alyansının içərisinə sızmağa çalışır və ola bilsin ki, gələcəkdə Avropa Birliyinə çıxsın, beləliklə də Moskva üçün yeni bir casus şəbəkəsi yaransın. Bu, çoxlarına qəribə gələ bilər, amma bunu başqa bir məntiqlə yozmaq mümkün deyil”, - deyə politoloq bildirdi.
“Putin dövründə KQB metodu xarici siyasətin prioritetlərindən birinə çevrilib”
Hüseynli nəzərə çatdırdı ki, həm “Putin NATO-sunun” əsasnaməsində, həm də NATO-nun nizamnaməsində göstərilir ki, NATO-nun təlimlərində iştirak edən və yaxud NATO-ya qatılmaq iddiasında olan hər hansı bir ölkə ikinci bir hərbi-siyasi ittifaqın üzvü ola bilməz: “İndi bu müstəsnalıq, Ermənistan üçün istisna hal nə ilə bağlıdır, bunun özünü də yozmaq çox çətindir. NATO-nun özü də qəribə hərəkət edir. NATO istəyir ki, Ermənistanı Rusiyanın ağzından qoparıb çıxartsın və onu Qərbə meylləndirsin. Onu da deyim ki, Ermənistan əhalisinin içərisində də böyük əksəriyyət Qərbyönümlü siyasətin tərəfdarıdır. Rusiyadan beziblər və düşünürlər ki, Qərbə meyllənsələr, daha çox şey əldə edə bilərlər. Rusiyanın mövqeyi maraqlıdır, təəccüb doğurur. Çünki asi çıxmış, Rusiyaya meydan oxuyan Ermənistana qarşı hər hansı bir tədbir görmürlər. Bu, Rusiyanın kütləvi informasiya vasitələrində, siyasilərin çıxışında da hiss olunmur. Sadəcə olaraq, prosesləri seyr edirlər. Sanki heç nə olmamış kimi davranırlar. Bu da sözsüz ki, şübhələrə səbəb olur. Şübhələrin də bir məqsədi ola bilər ki, Rusiya üçün xarakterik olan Qərbin içərisinə casus salmaq, müəyyən proseslərə rəvac vermək, ondan sonra isə bu proseslərdən yararlanmaq. Putin dövründə KQB metodu xarici siyasətin də prioritetlərindən birinə çevrilib. Məncə, Ermənistan indiyə qədər Rusiya üçün forpost, oyuncaq bir rejim kimi sədaqətlə qulluq etdiyi kimi, bundan sonra da qulluq edəcək. Amma Ermənistana yeni bir missiya ayrılıb və bu missiya əvvəl dediyim kimi başqa bir formada Rusiyanın tapşırıqlarını NATO içərisində yerinə yetirməkdən ibarət ola bilər”.
“Azərbaycan siyasətində bütün super dövlətlərin maraqlarını nəzərə almağa məhkumdur”
Hüseynli onu da vurğuladı ki, Azərbaycan ehtiyatlı siyasət yeritməyə məcburdur: “Çünki Azərbaycan müsəlman ölkəsidir, Azərbycanın Dağlıq Qarabağ kimi böyük problemi var. Ona görə də siyasətində bütün super dövlətlərin maraqlarını nəzərə almağa məhkumdur. Yəni Azərbaycan elə bir balanslaşıdırılmış siyasət yürütməlidir ki, bu siyasət Rusiyanı da, Qərb dövlətlərini də qıcıqlandırmasın. Azərbaycan böyük bir missiyanın yerinə yetirilməsinin başa çatdırlması üzrədir. Söhbət TANAP layihəsi üzrə “ Şahdəniz-1” və “Şahdəniz-2”nin reallaşdırılması nəticəsində Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasından gedir. Hər iki layihə başa çatdıqdan sonra Azərbaycan Qərb bazarlarına təkbaşına ildə təqribən 30-32 milyard kubmetr qaz çıxaracaq. Bu da Avropanın qaza olan ehtiyacının 25-30 faizini təşkil edə bilər. Bu, həm Azərbaycan, həm də Avropa üçün çox böyük əhəmiyyətə malikdir. Belə bir şəraitdə Azərbaycanın risklərə getməsi, yəni NATO-nun hərbi təlimlərinə qatılması Avropa üçün də o qədər lazım deyil, həm də Azərbaycan üçün mühüm əhəmiyyətə malik deyil. Ermənistan və Rusiya arasında isə hər hansı bir gizli sövdələşmənin olduğunu istisna etmirəm və bu səbəbdən də Ermənistana olan münasibət Azərbaycana olan münasibətlə eyni deyil. Bu səbəbdən də Azərbaycan ehtiyatlı davranmağa məcburdur”.
“İndi regionda xaosun əsas səbəkarı Rusiyadır”
“NATO təlimlərinin Gürcüstan üçün böyük əhəmiyyəti var. Bu təlimlərin region üçün də əhəmiyyətini görürəm. Çünki indi regionda xaosun əsas səbəbkarı Rusiyadır. Bölgədə keçirilən təlimlər də NATO-nun bölgəyə gəlməsi ilə bağlı şərtləri hazırlayır. NATO Rusiyanın bütün sərhədləri boyunca, yəni Baltik dənizindən Qara dənizə qədər artıq bərqərar olub, lazimi hərbi müdafiə sistemlərini qurub, indi Cənubi Qafqaza doğru irəliləməkdədir. NATO Cənubi Qafqazda da hərbi-siyasi qüvvə kimi hakim mövqelərə malik olsa, bu, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması anlamına gələ bilər. Praktika göstərir ki, Rusiya indiyə qədər Cənubi Qafqaza həmişə münaqişələr, qarşıdurmalar və dezinteqrasiya prosesləri gətirib. Bu səbəbdən də Rusiyanın bölgədəki imici mühariblərlə, qarşıdurmalarla yadda qalıb. Bu bölgənin xalqları NATO-nun simasında qarşıdurmlar deyil, daha çox sülhə və əmin-amanlığıa söykənən yeni bir düzənin formlaşamasına ümid edir. O səbəbdən də NATO-nun bu təlimlərini təqdir edirəm”, - deyə politoloq əlavə etdi.