ATƏT-dən ABŞ prezidentinə çağırış: Jurnalistlərə hücumları dayandır!

ATƏT Donald Trampı jurnalistlərə qarşı hücumları dayandırmağa çağırıb; Trampın bəyanatı media azadlığı ilə bağlı ABŞ-ın beynəlxalq öhdəliklərinə ziddir
 
ABŞ administrasiyası jurnalistlərə qarşı hücumlardan əl çəkməlidir.
Bu barədə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin ABŞ dövlət katibi Reks Tillersona göndərdiyi məktubunda deyilir.
A.Dezir qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda KİV ilə bağlı etdiyi xəbərdarlıq ciddi narahatlıq doğurur.
ATƏT-in məlumatına görə, D.Tramp avqustun 22-də Finiksdə (Arizona ştatı) mitinq zamanı çıxış edərkən medianı "həqiqətən ədalətsiz", "saxta", "pis", "hekayələr uydura" və "ölkə daxilində bölmələri kəskinləşdirən" təyinləri ilə ittiham edib.
"Qətiyyətlə Birləşmiş Ştatların administrasiyasını KİV-ə qarşı bu cür hücumlardan çəkinməyə çağırırıq. ABŞ prezidentinin bəyanatı hər bir demokratik cəmiyyətdə medianın oynadığı mühüm rolu azaltmaq baxımından problemlidir. Əslində, media hökuməti məsuliyyətli olmağa cəlb edir", - A.Dezirin məktubunda vurğulanıb.
ATƏT nümayəndəsi həmçinin bildirib ki, Donald Trampın bəyanatı media azadlığı ilə bağlı ABŞ-ın beynəlxalq öhdəliklərinə ziddir.