​Ağdaş rayon icra başçısı müavininin oğlu həbs olundu - YENİLƏNİB

Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə  orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu İlqar Həsənov 30 gün müddətinə həbs edilib.
Muxalifet.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbələr haqqin.az saytına bildirib.
Ağdaş rayon məhkəməsi bir gün əvvəl törətdiyi qəzadan sonra İlqar Həsənovun inzibati həbsinə dair qərar verib.
Xatırladaq ki, İ.Həsənov 90 ZM 111 dövlət nömrəl nişanlı “İnfiniti” markalı avtomobillə yüksək sürətlə Ağdaşdakı 5 nömrəli məktəbin binasına girib. Qəza zamanı İ.Həsənov içkili vəziyyətdə olub.
Bundan əlavə, Ağdaş rayon Məhkəməsinin qərarı ilə İlqar Həsənov iki il müddətinə avtomobil idarə etmək hüququndan məhrum edilib.
Muxalifet.az

***
Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır qəza törədib.
Ə.Həsənovun oğlu İlqar Həsənovun idarə etdiyi maşın 5 nömrəli məktəbin həyətinə girib.
Məsələ ilə bağlı Publika.az-a məlumat verən məktəbin direktoru İradə Məmmədova bildirib ki, hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb.
“Hadisə avqustun 27-si gecə saat 1-2 radələrində baş verib. Məktəbin binasına ziyan dəyməyib. Sadəcə hasarın küncündə işıq dirəyinə çırpılan maşın onu yerə aşırıb. Hasarın künc divarını uçurub. Hadisə yerinə baxış keçirilib. İşıq dirəyi bərpa edilib, yəqin ki, məktəbin hasarı ilə bağlı da tədbir görüləcək”.
İ.Məmmədova hadisə baş verən zaman gözətçinin məktəbdə olduğunu deyib:
“Gözətçi zərbə səsinə çölə çıxıb, bir maşının hasara çırpıldığını görüb. Maşının məkrəbin binasına daxil olmasına az məsafə qalıb. Məktəbimiz yol kənarındadır, amma yəqin ki, sürət həddi yüksək olub. Çünki bizim məktəbdən başqa yaxınlıqdakı ərzaq mağazasının həyətdəki soyuducusuna da zərər vurub. Dərhal hadisə yerinə sürücünün qohumları gəlib. Sürücünün 23-24 yaşı olar, içkili olduğu deyilir. Çünki o sürətlə normal insan maşın idarə etməz”.