“Rusiyanın casus şəbəkəsindən aldığımız bu dərsi gərək heç zaman unutmayaq” - Elxan ŞAHİNOĞLU

“Yaradılan komissiya bütün mümkün versiyaları araşdırmalıdır”
“Silah anbarlarında partlayışlar zaman-zaman müxtəlif ölkələrdə baş verir. Bu yaxınlarda Abxaziyada silah anbarında güclü partlayış oldu, hətta rus turistlər zərər gördülər. Ən maraqlısı o idi ki, həmin ərəfədə Rusiya prezidenti Vladimir Putin Abxaziyaya səfər etməli idi. Ancaq o zaman xatırlamıram ki, Abxaziyadakı partlayışı kimsə Gürcüstanın təxribatı kimi qiymətləndirsin. Çünki bu halda həm Rusiya, həm də Abxaziya separatçıları Gürcüstanın gücünü etiraf etmiş olardı”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərhində bildirib.
“Rusiya istənilən, özəlliklə də qonşu ölkələrdə casus şəbəkəsi yaratmaqda ustadır”
“Indi baxıram ki, Xızıdakı partlayışda da başqa ölkənin izi axtarılır. Ən çox Rusiyanın adı çəkilir. Bunu istisna etmək olmaz. Ancaq partlayış adi səhlənkarlıqla da əlaqəli ola bilər. Müharibə vəziyyətindəyik. Ona görə, yaradılan komissiya bütün mümkün versiyaları araşdırılmalıdır. Azərbaycana problem yaratmaq istəyən xarici güc mərkəzləri kifayət qədərdir. Rusiya istənilən, özəlliklə də qonşu ölkələrdə casus şəbəkəsi yaratmaqda ustadır. Həmin şəbəkənin nəyi və nə vaxt həyata keçirəcəyi bəlli olmaz. Necə ki, 1992-ci ildə uğurlu hərbi əməliyyata başlayan və sürətlə yaşayış məntəqələrini azad edən Azərbaycan ordusu çox keçmədən həmin casus şəbəkəsinin içəridən hücumuna məruz qaldı və azad edilən rayonlar bir yana yenilərinin itkisi ilə üzləşdi. Rusiyanın casus şəbəkəsindən aldığımız bu dərsi gərək heç zaman unutmayaq. Bu mənada hərbçilərimizin Rusiyada hərbi təhsil alması qərarını yanlış hesab edirəm. Bu bizə lazım deyil”, - deyə politoloq vurğulayıb.