“Partlayışla bağlı özfəaliyyəti təcili dayandırın” – Millət vəkili

Bakı-Quba yolu yaxınlığında N saylı hərbi hissədə silah anbarındakı partlayışla bağlı hər kəsi özfəaliyyəti təcili dayandırmağa çağırıram. Ehtiyatsız verilən xəbər və ya şəkil düşmən Ermənistan üçün qiymətli tapıntıdır.
Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib.
O, Bakı-Quba yolu yaxınlığında N saylı hərbi hissədə silah anbarındakı partlayışın bütün Azərbaycanı narahat etdiyini, dövlətin operativ reaksiyası və görülən tədbirlər nəticəsində problemi tez bir zamanda aradan qaldırmağın mümkün olduğunu bildirib: “Ancaq bununla belə artıq ayrı-ayrı saytlarda və bəzi sosial şəbəkə istifadəçilərinin səhifələrində hadisə ilə bağlı özlərinin topladığı şəkillər, təfsilatlı açıqlamalar verilir. Mən hər kəsi belə xəbərləri silməyə və rəsmi xəbərlərdən kənar informasiya yaymamağa çağırıram. Ermənistanın sosial şəbəkələrimizi izləyən orqanları kimlərinsə şöhrətpərəstliyindən asanlıqla istfadə edə bilər. Dövlət üçün məsuliyyətli olun, düşmənə fürsət verib hərbi sirlərimizi yaymayın”.