Dünya bir pəncərədir... - MƏMMƏDXAN ƏZİZXANLI YAZIR

Dünya-canlıların görüş yeridi...
Duyğularım baş alıb gedir... insan ömrünün niyə belə çox qısalığını, dünyanın əvvəlini, axırını, din alverçilərinin öz avam qurbanlarını əsas qorxutma aləti olan, ölümdən sonra O Dünyanın doğrudan da olub, olmadığını fikirləşirdim, birdən yadıma bayatılarımızdan iki sononcu misralar düşdü, əvvəlini bitikdən (kitabdan) axtarmağa səbrim çatmadı, özüm qondardım, belə alındı:
Gün gələr yaxar gedər,
Su gələr axar gedər,
Dünya bir pəncərədir,
Hər gələn baxar gedər...
Həmin bayatı, əslində də elə buna oxşar bir şey olub yəqin, məqsədim bu deyil, fikrim odu ki, görün son iki misrada dünyanın qavrayışında nə qədər böyük fəlsəvi fikir ifadə olunur. İfadə olunan fikrləri düşündükcə məni heyrət bürüdü. Bütün cəhalət sürünənlərinə ən obrazlı, gözəl bədii ifada, qısa cavab tapmışdım. Diqqət elə əziz öxucu, beşiyimiz başında səslənən, ana südü və ata qayğısı kimi halal, heca vəznli, sadə qurluşlu bu ikicə misrada verilən fikir düşüncə dərinliyinə, ehtiva dairəsinə və məna yükünə görə necə də misilsiz və sonsuzdur...
...Sən demə, dünya biz insanlar, elə bütün canlılar üçün pəncərə olmaqdan başqa bir şey deyilmiş... və hər gələn də oradan baxıb, gedirmiş... vəssəlam, bu qədər, başqa heç nə! Dünya, insan üçün, yalnızca, bundan ibarətmiş, başqa heç nədən... Bircə qalır, doğulmaqla fakta çevrildikdən sonra qismətimizi, yəni, ömrümüzü necə yaşamaq - elmdən, gözəl tərbiyədən yararlanmaqla dolğunmu, yoxsa cəhalətə gömülməklə miskinmi? Mövzu, bu qədər sadə və ciddidir.
Bu gün elmin ortaya qoyduğu, insan - dünya münaisbətinin mahiyyətcə nədən ibarət olması reallığını... müdriklərimiz haçansa, çox dərin təcrübə və düşüncələrinin sonucu kimi, bizimçün ikicə misrada sıraya düzmüşlər. Təkcə, sağlam düşüncəli baş gərəkdir ki, düzgün qavrayıb da, yaşayasan.
“Hürriyyət” qəzetinin 22-24 noyabr 2016-cı il tarixli sayında, BDU-nun Coğrafiya fakültəsinin professoru, hörmətli Əsgər Məmmədovun “5 milyard yaşlı Yerin itən şəhərləri” adlı bir bitüdə (məqalədə) Yerimizin, Günəş sistemimizin, Qalakrikamızın ulduzlar sisteminin hərəkətinə, qarşılıqlı münasibətinə elmi aydınlıq gətirmişdir.
Mövzu ilə səsləşdiyindən, həmin bitüdən (məqalədən) alıntıları verirəm: “Qalaktikanın bütün ulduzlar sistemi onun mərkəzi (Oxatan bürcü) ətrafında fırlanır.”, “Günəş sistemi Qalaktika mərkəzi ətrafında tam bir dövrünü, 200 km saniyə sürətlə, 250 milyon ilə başa vurur. Bu müddət Qalaktika ili adlanır.”, “Onda belə çıxır ki, Günəş sistemində bütövlükdə hər qalaktika ilində ciddi dəyişiliklər baş verir. Deməli, indiyə kimi 5 milyard il ərzində Yer kürəsi bütövlükdə dəfələrlə iqlim dəyişmələrinə məruz qalıb, bütöv şəhərlər yaddaşlardan silinərək yox olub.”, “Beləliklə, Yer kürəsinin yaşının təxminən 5 milyard ilə yaxın olduğunu qəbul etsək, onda indiyə qədər təqribən 20 qalaktika ilinin keçdiyini demək olar. Deməli, Yer kürəsi indiyə qədər 20 dəfə iqlim dəyişmələrinə məruz qalıb. Əlbəttə qeyd edilən dövrün hər birində insan cəmiyyəti dəyişib yeniləşib. Əks halda yox olan şəhərlər haqqında cəmiyyətin tarixində bir iz qalmış olardı.”
Hörmətli, alimin bitüsindən (məqaləsindən) belə məlum olur ki, hələ, bizim Günəş sisteninin də daxil olduğu Qalaktika, digər qalaktikalarla birgə, haçansa Qara Dəliyə sovrulanadək, yəni, Dünya, Aləm bir-birinə dəyənədək... Yer kürəsinin, bizim Günəş sisteminin, Qalaktikamız ətrafında tam bir dövrə vurması 250 milyon ilə başa gəlir və bu vaxt ərzində, ciddi iqlim dəyişilikləri baş verir, nəticədə mədəniyyətlər dəyişir, yox olur... yenisi yaranır, köhnə canlılarla, yenisi arasında əlaqə tam və uzun müddətə qırıldığından, bu barədə cəmiyyətin tarixində bir iz də qalmır. Yəni, həyatımız – bu qədər sonucludur.
Dünya, Aləm bir-birinə dəyəndən (Qara Dəliyə sovrulandan) sonra yaranacaq Yeni Aləm Düzəninin necə olacağını isə... hansısa formada və keyfiyyətdə, yeni əmələ gələn (əgər yaransa) şüurlu canlılar özləriyçün aydınlaşdıra bilər, yəqin...
Həmin bitünün (məqalənin) və digər elm sahələrinin təqdim etdiyi elmi bilgilərdən anlaşılan budur - materiyanın qarşılıqlı təsirindən yeni hal və ətrafa daha aktiv təsir edəcək qüdrətli çəkmə (cazibə) qüvvəsi yaranır... və bundan kənar heç bir qüvvə müşahidə olunmur. Çəkmə (cazibə) qüvvəsi, materiyanın mahiyyətində olub, kütlənin həcm, keyfiyyət və kəmiyyət ölçülərinə uyğun fərqdədir.
İndi görün, Kainatda, ölçüyə gəlməyəcək bu qüvvələr nisbətində, bir nöqtə boyda olan Yer kürəsində, milyonlarla canlılardan bir canlı növü olan... İnsanın yeri nə ola bilər?
Lap tutalım, İnsan elmin aşkar etdiyi, öz hüceyrələrini yeniləməklə ölümsüz yaşayan “Turritopsis Nutricula” meduzasının yaşam üsulunu özünə tətbiq edib ölümsüz oldu... Bəs İnsan, Yerin, Günəş sisteminin, Qalaktikamızın çəkmə (cazibə) qüvvəsindən necə çıxıb, başqa hansı həyat olan planetə gedə biləcək ki, Yerin kəskin iqlim dəyişikliyindən, yaxud, Qalaktikaların qənimi Qara Dəliyə sovrulmasından yayına bilsin? Bu suallara cavabı, yalnız, elm verə bilər, başqa heç nə...
Ola da bilsin ki, İnsan özünün ani fikir sürətini əldə edib, Qalaktikamızın başqa Günəş sistemindəki canlıya əlverişli fazasında olan planetə, yaxud, hələlik Qara Dəliyə sovrulmayan, daha doğrusu daha gec sovrulan başqa Qalaktikanın Günəş sisteminin canlı yaşaya bilən planetinə gedə...
Əlbəttə, bu gün, yalnız, xəyaldan ibarət olan bu düşüncələrin haçansa həqiqətə çevrilməsi üçün dünyadakı İnsanlar onu gerilədən mövhumatdan, cahillikdən, dağıntılardan yaxa qurtarmalı, bütün gücünü daha üstün yaşayışa və elmin inkişafına yönəltməlidir.
İnsan, düşünən bir canlı olmayan, bu makroAləmdə, xaotik qaydalı hərəkətləri yaradan və yox edən hansı makroQüvvənin “diqqət mərkəzində” niyə və necə ola bilər, onun (canlı olmayan, düşüncəsiz qüvvənin) nəyinə, harasına və necə gərəy ola bilər?! Milyonlarla canlıların bir növü olan İnsanın , necə və nə cür olmasının, nə edib, etməməsinin bu makroAləmdəki, şüursuz makroQüvvələrə nə istisi, nə soyuğu ki, hələ bir “diqqət mərkəzində” də ola?! Çünki, diqqət mərkəzində olmaq keyfiyyəti, canlı, beyni olan düşüncəliyə xasdır. Maraqlıdır, deyilmi?
Ağlıma bir müqaisə gəldi:- İnsan anadan olmamışdan öncə nə idi, nəsə olubmu, canlı kimi duyğusu, hissiyatı, siniri, vərdişi, refleksi, görməsi, insan kimi düşüncəsi vardımı? Cavab, YOXdur.
Yəni, biz, anadan olmamışdan, əslində isə ana bətninə düşməmişdən, başqa sözlə döl olmamışdan öncə , canlı kimi işarələnməmiş materiya olmuşuq. Əlbəttə, nəzəri baxımdan xammal materialımız hansısa formada, haralardasa olub, kainatın mövcudluğu qədər gələcək törədicilərimizdə “veyllənib”, ama, yaranışımızı şərtləndirən amillər, yəni ata və anamız (yaxud, onların (insanın), döl yaradıcı toxumları) bir yerə gəlişmədiyindən biz heç rüşeym kimi də mövcud olmamışıq, ola bilməmişik, ola da bilməzdik...
Ruh deyilən, insan fikrinin, düşüncəsinin eyni olub, insan beyninin məhsulu kimi mənəviyyata, təkə aiddir, canlıya xasdır, ömrü də beynin ömrü qədərdir.
Ölüm – canlılıqdan, cansızlığa keçiddir. Başqa sözlə, ölüm mahiyyətcə – anadan olanadək, əslində isə ana bətnində döl olmamışdan qabaqkı, cansız materiya halına fərqli halda qayıdışdır. Deməli, canlı, xüsusən insan olmaq, cansızdan fərqli olaraq, nə qədər gözəl, nadir (unikal) imkanlara malik olmaq deməkmiş...
İnsanın ölümündən sonrakı materiya halında, canlıya xas kefiyyətlər olmadığından, təbii ki, ona əzab vermək, ondan nəsə tələb etmək də olmaz, mümkün deyil. Deməli, insanın ölümündən sonra da, onun başqa hala keçmiş cansız cəsədindən hesabat sormaq məntiqsizlik olduğu qədər də cəfəngiyyatdır.
Qədim (e.ə. 342-271,Ə.Nicat) Yunan filosofu Epikur ölüm haqqında:
“Mən var ikən ölüm yoxdur,
Ölüm var ikən mən yoxam.
O halda qorxmalı nə var ki?”, deyir. Məncə, o, haqlıdır.
İnsanın gözlədiyi (öz bilgisinə dayanaraq) olay (hadisə, fakt) onun üçün olacağdır (baş verməsi gözlənilən, zərurət), gözləmədiyi tək ona xas, yəni fərdi əlamətli olaysa – oluşu, yaxud olmaması görünməzdir, yəni təsadüfdür.
Oluşu, olmaması görünməzdə, yəni təsadüfdə deyək ki, ailə quran cütlüyün özəlliklərinə uyğun övladı olacağı gözləniləndir, lakin, bizə bəri başdan məlum olmayan bəzi səbəblərdən, yəni olmayacağı bizə görünməzdən, yəni təsadüfdən onların uşaqları olmaya da və ya gözlənilən vaxtda olmaya bilər. Bizim bilgimizlə beləsinin oluşu, ya əksinə olmamasını şərtləndirən amillərin birgə gəlişməsi... tərəfimizdən əsla gözlənilmirsə - istisnadır. İstisnanın olacağı obyektiv olaraq olmuş olsa da, lakin, əlamətləri bizə məlum olmadığından bizimçün gözlənilməzdir.
Habelə, ailə quran cütlüyün özəlliklərinə uyğun övladı olacağını hamı bilib gözləsə də, lakin, gözlənilən ümumi əlamətlərdən fərqli, məhz necə MƏNli nəticə olacağı hamıya görünməzdir, təsadüfdür. Odur ki, doğumunadək heç vaxt canlı aləmdə olmayan, canlı həyat üzü görməyən, konkret əlamətli təkin, fərdin özəl MƏN olaraq, oluşunu, yaranışını şərtləndirən amillərin görünən iki ünsürü –Ata və Ana - övlad üçün əvəzsiz dəyərli, yəni müqəddəsdir. Çünki, bizim malik olduğumuz bilgiyə görə, insan olaraq təkin, fərdin oluşunu, yaranışını şərtləndirən amillərin ilk öncəsi, habelə həyatda yaşamının təminatçısı Ata və Anadır. Övladın, valideyinə təmənnasız qayğı borcu da bu anlamdan qaynaqlanır, görünür (bir sıra gəlişmiş Avropa ölkələrində, valideyin qayğısını övlad əvəzinə dövlət, qocalar evində, həm də daha üstün çəkir).Yəqin elə bu səbəbdəndir ki, Ata və Ananın övladına düzünə qəsdlə edilməyən səhvləri, olan çatışmazlığı əsaslı olaraq ciddiyə alınmaz və alınmamalı olduğuna görə də - bağışlanandır. Görünür, elə bu səbəbdən də, valideyin üzünə ağ olmaq, övlad üçün ən böyük, bağışlanmayan günah sayılır... Lakin, valideyinlə, övladın bu özəl münasibəti, onların arasında yer alan hərəkət və hərəkətsizliklərinə obyektiv qarşılıqlı tənqidi əsla aradan qaldırmamalıdır. Çünki, tənqidsiz, insanın özü, ailə və digər birlik əlaqələri normal oluşmaz, yəni, qüsurlu formalaşdığından inkişafdan qalar.
Pəncərənin içində yaşamalı olduqlarımızdan biri də bu məsələ idi.
Deməli, bizimlə bağlı bütün məsələlər şəksiz, şübhəsiz bu, pəncərə dünyada həll olunmalı imiş.
Cahillərin sevmədiyi, Şərqin və Avropanın dahisi, loğman İbn Sina (Avropada, Avtisenna) “Risalətül-Adhaviye” bitiyində (kitabında) deyir: “Ölümdən sonrakı həyata inanmıram. Cənnət, Cəhənnəm peyğəmbər uydurmalarıdır.”
Razılaşmamaq olmur, çünki, fikir məntiqlidir.
Çox maraqlıdır, nədənsə (bəlkə də, mövhumi bir qorxudan) bəzi aydınlar, alimlər, hətta filosoflar da, varlığının təsdiqinə bircə elmi sübut belə təqdim olunmayan çoxlu dinləri, təriqətləri zəruri sayır, bunlarsız cəmiyyətin ruhani aləmində bir boşluq yaranacağı təhlükəsini və bu boşluğun doldurulması üçün yeni bir din fikirləşməyə məcbur olacağımızın narahatlığını deyib, olanımızla (dinlərlə) barışıb yola getməyi tövsiyyə edir, onları (dinləri) bir qədər islah etməklə müasirləşdirməyi lazım bilirlər... baxaq, bu mümkünmü?
Yüz illərdir fikir adamları bu cür islahatları düşünüblər, nəticədə özlərinin sayı qədər də təriqətlər yaranıb, ama dinlər düzəlməyiblər və heç düzəlməyəcəklər də. Çünki, köhnə dini də, yeni dini də uyduranlar insanların özləridir və əməllərinin boş mahiyyətini hamıdan yaxşı özləri bilirlər, 0+0=0 alındığı kimi.
Bir istinad nöqtəsi, faktı, məntiqi olmayan uydurmaya, nə islahat? Axı, məntiqi, tənqidi, şübhəni, sualı qəbul etməyən, fərqli düşüncəni cəzalandıran ehkamın harasını, necə düzəltmək, dəyişmək olar? Bu, bir növ hər şeyi öz ağlıyla (əslində, ağılsızlığıyla) və ya tərsinə edən, sağalmaq istəməyən xəstənin sağaldılması cəhdinə bənzəyir. Beləsi, sağalmazdır, ona sadəcə fikir verməyib öz dünyəvi, gərəkli işlərinlə məşğul olmalısan, vəssəlam.
Amma, fikir verməmək də olmur, çünki, özlərini allahın yerdəki imtiyazlı nümayəndəsi sayan bu növbənöv din həşaratları, sanki gənə kimi insanların düz beyninə yapışıb onun sağlam düşüncəsini, əmlakını sormaqla parazit kimi keyflə yaşayır, əvəzində yeni mövhumat hadisələri (hədisləri) quraşdırıb, ifraz etməklə şəxsin, bütövlükdə isə cəmiyyətin sağlam düşüncə və həyat tərzini cəhalətlə zəhərləyir, toplumu idarəçilik elminin əksinə yönətir, gücləndikcə baş da kəsirlər.
O, elmdir ki, istinad nöqtəsi var, faktı, şübhəni, sualı, məntiqi, müzakirəni qəbul edir, tənqidə dözümlüdür və elə bunlara görə də daim inkişafdadır.
Siyasi nəzəriyyələr tarixi adlı fənn, mövhumatın, elmə əsaslanmayan çoxallahlığın (panteizm, bütpərəstlik), təkallahlığın (monteizm) - dinlərin, təriqətlərin, habelə, elmə, tarixi fakta, təcrübəyə əsaslanan adətlərin, ictimai-siyasi-fəlsəfi cərəyanların, nəzəriyyələrin yaranmasının, inkişafının və süqutunun tarixi reallığını anlatdığından mənim bu barədə danışmağım yersiz olar. Amma, bu mövzulara baş qoşanlar bu bilgini öyrənməlidirlər, yoxsa fikirləri bitkin olmaz.
Öncə deyim ki, oxumaq, bilik əldə etmək, elm öyrənmək çox çətin işdir. Bunun üçün təbii qabiliyyətdən daha çox, inadkarcasına çalışmaq lazımdır. İnsan, dünyəvi işlərdə çalışqan olduğu qədər elmə, olmadığı qədər də dinə, mövhumata meyllənir. Odu ki, dünyəvi işlərə, elmə nisbətən, çörəyə çatmağın asan yolu dindir, mövhumatdır. Biliksizin, işdən qaçan dələduzun dindən, mövhumatdan başqa tapınaq yeri qalmır, bir balaca söz hozalama, yalan qondarma, artistlik, başlanğıcda bir balaca da üzlülük (getdikcə siyapurlaşacaq, sırtıqlaşacaq, yəni üzü bərkiyəcək) qabiliyyəti lazımdır, vəssəlam. Odu ki, təhsilsiz, tərbiyəsiz cahillər kütləsi, dinin, mövhumatın öz içinə gömə biləcəyi potensial qurbanlıqdır.
Mənim şəxsi bir fikrim var: hamı kimi mənim də bioloji atam, anamla yanaşı, bir şəxsiyyət olaraq formalaşmağımda aldığım təhsil, tanış olduğum milli folklorumuz, Azərbaycan və dünya ədəbiyyatı, mədəniyyəti, musiqisi, toplumun intensiv təsiri böyük rol oynamışdır. Bunlar, danılmaz reallıqdır. Özəlliklə, bizim milli folklorumuzu özümün mənəvi atam və anam sayıram. Mənim xarakterim, şəxsiyyətim, mənəviyyatım, genimlə yanaşı aldığım təlim, tərbiyədən ibarətdir ki, bunlar sağlam olacaqsa nəticə müsbət, sağlam olmayacaqsa nəticə mənfi olacaqdır. Bu tərkibın birinin çatışmazlığı, elmdən, reallıqdan uzaq olması, bir o qədər bütövlüyümə qüsur gətirəcəkdir. Məncə, sadaladığım bu kompleks dəyərlərlə silahlanan, yəni tərbiyə alan şəxsin və toplumun mənəvi, ruhi boşluğu əsla ola bilməz. Başqa sözlə, yalnız, müsbət milli və bəşəri dəyərləri mənimsəyib zənginləşməklə, ruhani deyilən, mənəvi ehtiyacı daha dolğun ödəməklə, nəzərdə tutulan ruhani, mənəvi boşluğun yaranmasının qarşısını almaq və kamil həyat tərzini yaşamaq olar.
Bütün bu işlər, yalnız, milli, hüquqi və demokratik üsulla idarə olunan dövlət və vətəndaş toplumu tərəfindən uğurla icra oluna bilər.
Bu zaman dinə, mövhumata ehtiyac nədən yarana bilər? Cavab, heç nədəndir.
Görünür, çağdaş Avropa adamının problemi də məhz bu mənəvi çatışmazlıq və çətin həll edilməyən məişət qayğısızlığıdır. Bununla belə, ən mükəmməl cəmiyyətin də qüsurlusunun azacıq da olması təbiidir.
Canlıya, ən böyük fürsət - sağlam insan doğulmaq olduğundan, bizim hər an olayüstüdür (fövqəladədir). Xoş, ömrünü mənalı və dolğun yaşayanın halına, beləsi dünyadan kam alıb gedər. Odur ki, Dünyamızda təsadüfən, müvəqqəti olaraq görüşüb, qonuşa, fikrimi bölüşə bildiyim əziz düşünə bilənlər, bizçün doğrudan da,
Dünya bir pəncərədir,
Hər gələn, baxar, gedər...
Məmmədxan Əzizxanlı,
hüquqşünas
Bakl, 31 aralıq (dekabr) 2016-cı il.