Ramiz Mehdiyev dosyesində azyaşlı qızların oğurlanması epizodu - DTX-ya MÜRACİƏT

Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunması onun adıyla bağlı cinayətlərin də açılacağına ümidlər yaradıb.
Musavat.com xəbər verir ki, belə işlərdən biri 2007-ci ildə Şabran rayonunun Dağbilici kəndində iki azyaşlı qızın, 1 qadının oğurlanması, işdə adı keçən bir nəfərin sirli şəkildə itkin düşməsi, şahidlərdən birinin müəmmalı şəkildə ölməsi və digər xüsusilə ağır cinayətləri əhatə edir.
Hadisənin xronologiyası belədir:
Rəsmi məlumatlara görə, 2007-ci ilin avqust ayında Dağbilici kəndində yaşayan 15 yaşlı Nailə Məcidova və 8 yaşlı Reyhanə Məcidova kənd ərazisində böyürtkən yığmağa gedərkən naməlum şəxslər tərəfindən oğurlanıb. Hadisədən dərhal sonra aparılan ilkin axtarış tədbirləri nəticəsiz qalıb. Qızların taleyi ilə bağlı ailəyə uzun illər ərzində rəsmi, hüquqi baxımdan əsaslandırılmış məlumat təqdim olunmayıb.
Cinayət işi üzrə əsas icraçı kimi məhkum edilmiş Təvəkkül İsmayılov istintaq və məhkəmə ifadələrində qızların, eləcə də daha əvvəl itkin düşmüş Diləfruz Daşdıyevanın oğurlanaraq Şabran Rayon Polis Şöbəsinin rəhbərliyində təmsil olunan vəzifəli şəxsə təhvil verildiyini bildirib. Bu etirafa baxmayaraq, adı çəkilən şəxslər barəsində cinayət təqibi aparılmayıb.
Məhkəmə prosesi, yoxsa imitasiya?
İşə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində baxılıb. Məhkəmə cinayətin sifarişçisi və mümkün himayəçiləri ilə bağlı istiqamətdə araşdırma aparmayıb, yalnız icraçı səviyyəsində hökm çıxarılıb. Bu isə işin tam açılmasına deyil, faktiki olaraq dar çərçivədə bağlanmasına gətirib çıxarıb.
Ailəyə təqdim edilən naməlum meyitin qızlardan birinə aid olması iddia edilsə də, meyit valideynlər tərəfindən tanınmayıb. Daha sonra Rusiya Federasiyasında aparıldığı bildirilən ekspertiza rəyi təqdim olunub. Sonradan həmin rəyin etibarlılığı ciddi şübhə altına düşüb, saxtalaşdırma ehtimalı ortaya çıxıb. Ekshumasiya və əlavə ekspertiza ilə bağlı vəsatətlər isə təmin edilməyib.
Sənədlər niyə yoxa çıxdı?
Araşdırmanın ən diqqətçəkən məqamlarından biri Şabran rayon VVAQ şöbəsində qızlarla bağlı sənədlərin tam şəkildə yoxa çıxmasıdır. Bu fakt təsadüfi səhlənkarlıqdan daha çox, məqsədli şəkildə izlərin silinməsi ehtimalını gücləndirir. Belə əməliyyatların isə yalnız yerli səviyyədə deyil, yuxarıdan koordinasiya olunmadan həyata keçirilməsi real görünmür.
Ramiz Mehdiyev faktoru və regionda baş verənlər
2007-ci ildə Şabran rayonunda hüquq-mühafizə və icra strukturlarında çalışan bir sıra şəxslərin sonradan karyera yüksəlişi keçməsi diqqət çəkir. Həmin dövrdə Ramiz Mehdiyevin ölkənin siyasi və kadr siyasətində əsas fiqurlardan biri olması bu faktların təsadüfi olmadığını göstərir. Məhz bu kontekstdə zərərçəkən ata Zamir Məcidov hesab edir ki, qızlarının oğurlanması işi birbaşa Mehdiyevin rəhbərliyi altında formalaşmış və regionlarda icra olunan mütəşəkkil mexanizmin tərkib hissəsi olub.
Əlavə olaraq, bu iş üzrə 9 ay istintaq altında saxlanıldıqdan sonra naməlum səbəblərlə azadlığa buraxılmış Qələgah kənd sakini Ənvər Müslümovun 2023-cü ildə yoxa çıxması da sualları daha da artırır. Bu fakt potensial şahidlərin sıradan çıxarılması ehtimalını gündəmə gətirir.
DTX-yə şikayət
Zamir Məcidov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə “xüsusi nəzarət tələb edən şikayət”lə müraciət edib. Şikayətdə 2007-ci ildə azyaşlı qızların oğurlanması faktı Ramiz Mehdiyevin hazırda istintaq olunan cinayət işi çərçivəsində ayrıca epizod kimi araşdırılması və bu prosesin yalnız DTX tərəfindən həyata keçirilməsini istəyib.
Zərərçəkən bildirir ki, işin yenidən prokurorluq və ya polis orqanlarına qaytarılması məqsədəuyğun deyil. Çünki məhz həmin strukturların bəzi vəzifəli şəxsləri bu cinayətin ört-basdır edilməsində iştirak edib.
E.Məmmədəliyev




















