Avtoritarizmin və imperiya təfəkkürünün iflası

Baxış sayı:
939

Rusiyada şovinizm, milli ayrı-seçkilik dövlət siyasətinə çevrilir 

Son dövrlər Rusiya daxilində baş verən ictimai-siyasi hadisələr, bu ölkədə dövlət səviyyəsində aparılan irqçi və şovinist siyasətin nəinki dərinləşdiyini, hətta ifrat formaya keçdiyini bütün çılpaqlığı ilə göstərir. Kreml daxili narazılığı boğmaq və totalitar nəzarəti möhkəmləndirmək üçün qeyri-rus xalqları və miqrantları hədəf seçərək onları günah keçisi rolunda təqdim edir. Rəsmi Moskvanın “xarici düşmən” mifologiyasını canfəşanlıqla diriltməsi, əslində, sistemli repressiya maşınının miqrantlara, etnik azlıqlara və fərqli düşünən hər kəsə qarşı yönəldiyini gizlətmək cəhdidir. Artıq bu basqılar fərdi hallarla məhdudlaşmır – etnik ayrı-seçkilik, zorakılıq və məcburi səfərbərlik kimi cinayət xarakterli siyasətlər dövlətin ideoloji dayağına çevrilib. Rusiya hakimiyyəti, açıq şəkildə, çoxmillətli cəmiyyət modelini dağıdaraq, monoetnik və aqressiv imperiya xülyasını reallaşdırmağa çalışır.

Rusiyada qorxu siyasəti dövlətin rəsmi alətinə çevrilir

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar İskəndərov APA-ya açıqlamasında qeyd edib ki, Rusiyada ultramillətçilik və qorxu siyasəti dövlətin rəsmi alətinə çevrilir.
“Böyük imperiyalar ya böyüməlidir, ya da kiçilib dağılmalıdır. Təəssüflər olsun ki, bu gün dünyada məhz dediyimiz bu məsələlərin şahidi oluruq. Baş verən hadisələr bir daha göstərir ki, bu gün qanun aliliyi deyil, gücün qanunlar üzərində hökmü hər kəsə açıq-aşkar nümayiş etdirilir. Rusiyada baş verən son hadisə və onun doğurduğu rezonans deməyə əsas verir ki, bu ölkədə zaman-zaman ultramillətçilik və fobiya siyasi alət kimi istifadə olunur. Müəyyən dairələr tərəfindən komandalar verilir və həmin şəxslər dövlətin açıq şəkildə ifadə etmədiyi, lakin sifariş verdiyi tezisləri cəmiyyətə sırımağa çalışırlar. Hazırda Rusiyanın düşdüyü çətin vəziyyət, müharibənin yaratdığı psixoloji gərginlik və cəmiyyətdəki sarsıntı demək olar ki, federasiyanın bütün bölgələrinə yayılıb. Bu isə əhali arasında bir psixoz yaradıb. Həmin psixozun qarşısını almaq üçün isə müvəqqəti olaraq ultramillətçilik “rusiyalı ruslar” üçün daxili düşmən axtarışı ilə əvəz olunub. Bu mənzərə hazırda açıq-aşkar şəkildə görünməkdədir,” deyə Vüqar İskəndərov bildirib.

Rusiya rəsmilərinin ayrı-seçkiliyi açıq-aydın görünür

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin Deputatı Ceyhun Məmmədov isə bildirib ki, miqrantlara, xüsusilə azərbaycanlılara qarşı Rusiya rəsmilərinin ayrı-seçkiliyi açıq-aydın görünür.
“Rusiya hüquq-mühafizə orqanlarının vəhşiliyinə məruz qalan şəxslərin verdikləri ifadələr bir daha təsdiqləyir ki, miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı ciddi ayrı-seçkilik və xoşagəlməz münasibət mövcuddur. Rusiya tərəfi bu kimi hallar və proseslərin qarşısını almalı, gələcəkdə belə hadisələrin baş verməməsi üçün qəti tədbirlər görməlidir. Əks halda, bu cür hallar xalqlar arasında etimada ağır zərbə vuracaq, nifrət və qarşıdurmanı daha da artıracaq və nəticədə ciddi problemlərə yol açacaq. Belə addımlara və bu cür təhlükəli meyillərə dərhal son qoyulmalıdır”.

“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər

Rusiyanın müxtəlif regionlarında, xüsusilə də böyük şəhərlərində qeyri-rus mənşəli vətəndaşlara, o cümlədən Azərbaycan əsilli insanlara qarşı basqılar sürətlə artır. Ötən gün Yekaterinburqda FSB tərəfindən azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilmiş xüsusi əməliyyat zamanı iki nəfərin amansızcasına qətlə yetirilməsi, 9 nəfərin isə həbs olunması ölkədə hüququn deyil, etnik nifrətin hökm sürdüyünü göstərir. Əməliyyatın detalları ilə bağlı heç bir şəffaflıq təmin olunmadan, hüquq-mühafizə orqanlarının özbaşınalığı dövlət siyasətinə çevrilib.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda rəsmi Bakı Rusiyadan azərbaycanlıların Yekaterinburqda qətlinin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.
“İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk. Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", deyə bəyanatda vurğulanıb.
Miqrantlara qarşı şantaj və müharibəyə məcburi səfərbərlik
Ukrayna müharibəsində ciddi insan resursu çatışmazlığı yaşayan Rusiya, bu boşluğu miqrantların hesabına doldurmağa çalışır. Lakin könüllülük prinsipi burada keçərli deyil – Kreml miqrantları törətmədikləri cinayətlərdə ittiham edərək, müxtəlif şantaj yolları ilə onların ailə üzvlərini təhdid edir və nəticədə yüzlərlə insan məcburiyyət qarşısında müharibəyə göndərilir. Bu, insan haqlarının və beynəlxalq humanitar hüququn açıq-aşkar pozuntusudur.
 
Solovyov anti-Azərbaycan təbliğatı ilə nəyə nail olmaq istəyir?
 
Moskvanın anti-Azərbaycan ritorikası təkcə hüquq-mühafizə orqanlarının hərəkətləri ilə məhdudlaşmır. Kremlə bağlı olan media ruporları – xüsusən də Solovyov kimi təxribatçı fiqurlar – Azərbaycana qarşı açıq şəkildə düşmənçilik mövqeyi sərgiləyirlər. Azərbaycanın ərazi bütövlüyünü hədəfə alan, regiondakı sabitliyi pozmağa yönəlmiş təxribatçı çağırışlar Rusiya mətbuatında sistemli şəkildə yer alır. Bu isə rəsmi Moskvanın Azərbaycanla münasibətləri pozmaq niyyətinin mərkəzində informasiya müharibəsinin dayandığını təsdiqləyir. Bir müddət əvvəl Azərbaycanın əsas informasiya resurslarına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumların arxasında da Rusiya kəşfiyyat strukturlarının dayandığına dair güclü əsaslı şübhələr mövcuddur. Bu akt bir daha sübut edir ki, Rusiya yalnız fiziki zorakılıqla deyil, informasiya texnologiyaları vasitəsilə də Azərbaycana qarşı mübarizə aparır və bu mübarizəni dövlət strategiyası səviyyəsinə qaldırıb.
Rusiya daxilində şovinizmin və etnik ayrı-seçkiliyin dərinləşməsi təkcə bu ölkədə yaşayan azsaylı xalqlar üçün deyil, bütövlükdə regionun sabitliyi üçün ciddi təhdid yaradır. Kreml rejimi artıq çoxdan multikulturalizmi və beynəlxalq hüququ deyil, qorxu, təzyiq və nifrət üzərində qurulmuş bir ideologiyanı dəstəkləyir. Azərbaycanın hədəfə alınması isə Rusiyanın post-imperial iddialarının bir növ təzahürüdür.

Muxalifet.az