HƏRBİ HİSSƏDƏ MÜƏMMALI ÖLÜM: Vəli özünü öldürüb, yoxsa... - Prezidentə müraciət / FOTO

Bərdə rayonu, Həsənqaya kənd sakini Abbasova Vəsilə Arzuman qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:
"Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Mən, Abbasova Vəsilə Arzuman qızı, oğlum Abbasov Vəli Asəf oğlunun hərbi xidmətdə olarkən müammalı şəkildə ölməsi ilə əlaqədar məlumat vermək istəyirəm.
Oğlum Abbasov Vəli Asəf oğlu 2024-cü ilin yanvar ayının 24-də hərbi xidmətə çağırılıb. O, Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə düşmüşdür. Burada 3 aylıq təlimdən sonra Tovuz rayonunda yerləşən N saylı hərbi hissəyə göndərildi.
Hərbi xidmətdə olduğu müddətdə 2 dəfə məzuniyyətə gəlmişdir. Hər dəfə söhbət zamanı hərbi hissədə heç bir probleminin olmadığını və xidmətinin əla getdiyini deyirdi. Amma xidmət etdiyi müddətdə məndən, əmisindən və dayısından dəfələrlə pul istəyib.
2024-cü il sentyabr ayının 4-də görüntülü zənglə bacısının ad gününü təbrik etmişdir. Ona ayın 10-da postdan düşəcəyini, bundan sona hərbi hissədə görüşə biləcəyini deyib.
Ayın 5-də, axşam saat 8 radələrində hərbi hissədən əmisinə zəng edərək, qara xəbər veriblər. İddia olunub ki, guya, Abbasov Vəli Asəf oğlu intihar etmişdir.
Biz ora gedəndə dedilər ki, postda Xəyal adlı əsgərlə mübahisə edib və Xəyal Vəlinin üstünə silah çəkərək atəş açıb.
Bunu eşidən bölük komandiri və bölüyün giziri hadisə yerinə getmişlər. Ora gedəndə Vəlidən soruşublar ki, "Xəyal sənə gülə atanda niyə məlumat verməmisən?" Daha sonra "Səni "dizbat"a basıb, 10 il iş verdirəcəm" deyib.
Sonra Vəlinin postda tək qoyub, Xəyalı bölüyə apararkən yenidən gizir qışqıraraq Vəliyə deyib ki, "hazırlaş, səni göndərəcəm "dizbat"a".
Həmin gün saaat 17:57-də yenidən atəş səsi eşidilib. Hadisə yerinə qayıdıb gəliblər ki, dediklərinə görə, oğlum Vəli özünü alın nahiyəsindən vurub.
Əgər burda insident olubsa, bu əsgərin hər ikisi nizamnaməyə uyğun olaraq postdan çıxarılmalı deyildimi?
Bölük komandiri və gizir ilk hadisə zamanı, yəni Vəli atəş açan zaman niyə yalnız Xəyal adlı əsgəri bölüyə aparıblar?
Təəssüflə qeyd edirəm ki, Şəmkir Hərbi Prokurorluğu cinayət işində bütün məsuliyyətin Vəlinin üzərində qaldığını bildirdi. Bu işdə cinayətə təhrik və təndid edən şəxslərin heç biri cinayyət məsuliyyətinə cəlb edilmədi. Onların adlarını bu işdənn çıxarıblar.
Resbubilaka Hərbi Prokurorluğundan xahiş edirəm, bu işə yenidən baxılsın və cinəyatkarlar öz layiqli cəzalarını alsınlar".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.