Hacı İbrahimə məxsus şirkətin 700 min manatdan çox vergi borcu var

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qardaşı, iş adamı İbrahim İbrahimova məxsus "Avesta Konserni" şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Muxalifet.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 703 985,46 manat təşkil edir.
"Avesta Konserni" 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 320 manatdır. 2021-ci ilə qədər şirkətin qanuni təmsilçisi İbrahim İbrahimovun özü olub. Hazırda isə "Avest Konserni"nin qanuni təmsilçsi adirov Araz Ələsgər oğludur.
Mediada tirajlanan məlumatlara görə, Araz Nadirov İbrahim İbrahimova yaxın şəxsdir.
İbrahim İbrahimov Hacı İbrahim Nehrəmli kimi tanınır. O, "Xəzər adaları" layihəsinin müəllifidir. 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı kredit qalmaqalından sonra Hacı İbrahimin ulduzu sönməyə başlayıb. Onun da ABB-yə külli miqdarda vergi borcu olub. Kredit "Xəzər adaları" layihəsinin icrası üçün götürülüb. Lakin "kredit qalmaqalı" zamanı Hacı İbrahimdən götürdüyü pulların qaytarılması tələb edilib.
Bu hadisədən sonra "Xəzər adaları" layihəsi də dayanıb.
Hacı İbrahim Nehrəmlinin iki qardaşı hazırda həbsdədir. Onlardan biri ATV kanalının keçmiş prezidenti Tağı İbrahimov, digəri isə inşaat biznesi ilə məşğul olan Sahib İbrahimovdur.
Tağı İbrahimov "Bakı Ağac Emalı" ASC-də 10 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə, Sahib İbrahimov isə dələduzluq və vəzifə saxtakarlığına görə həbs edilib.