"İLHAM ƏLİYEV İRƏVANA GEDƏCƏK!?” - Erməni mətbuatı bu suala cavab axtarır

Baxış sayı:
275

“Avropa Siyasi Birliyi”nin gələn ilin yazına təyin edilən növbəti sammiti İrəvanda keçiriləcək. 

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat yayıb.

Bu xəbər erməni mətbuatında ciddi müzakirələrə səbəb olub. Xüsusilə müxalif mətbuat Paşinyanın bu qərardan məmnunluq duyduğunu qeyd edir və sammitin İrəvanda keçirilməsini Avropa siyasi dairələrinin Paşinyana seçkiqabağı dəstəyi kimi dəyərləndirir. Bildirilir ki, gələn ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək və bu seçkilər Paşinyanın, eləcə də Ermənistanın növbəti beşillik siyasi taleyində həlledici rol oynayacaq. Müxalif mətbuat hesab edir ki, sammitin seçkilərdən öncə İrəvanda keçirilməsi təsadüfi deyil və bu, Paşinyana göstərilən siyasi dəstəyin göstəricisidir.

Bu kontekstdə gündəmə gələn əsas məsələlərdən biri isə Azərbaycan Prezidentinin İrəvanda keçiriləcək sammitə qatılıb-qatılmayacağıdır. Erməni mətbuatı artıq bu sualı müzakirə etməyə başlayıb. Media diqqəti ona yönəldir ki, bu il Albaniyanın paytaxtı Tiranada keçirilən sammitdə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş baş tutub və həmin görüşdə xarici işlər nazirləri də iştirak ediblər.

Eyni zamanda vurğulanır ki, Avropa siyasi platformasında Bakı və İrəvan bir-birini dəstəkləyən addımlar atıblar. Belə ki, rəsmi Bakı 2025-ci il sammitinin İrəvanda, Ermənistan isə 2028-ci ildə bu tədbirin Bakıda keçirilməsini dəstəkləyib.

Bu baxımdan erməni mətbuatı sual edir: “Bircə sual qalır – İlham Əliyev İrəvanda keçiriləcək sammitə gələcəkmi?”

Yəqin ki, bu sualın cavabı bir çox digər amillərlə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı davam edən danışıqların nəticəsindən də asılı olacaq.../azpolitika