Xırdalanda qanunsuz tikiliyə kim icazə verib? - "Fövqəlnazir"in "qohumu" Vüqar Sədibəyli haqda ŞOK FAKTLAR

Barəsində söhbət açacağımız şəxs məmur, yaxud oliqarx deyil. Dünənə qədər Dərnəgül bazarında aylıq 500-600 manat maaş qarşılığında satıcı işləyirdi. İndi isə korrupsioner məmurlardan, oliqarxlardan heç də az sərvət sahibi sayılmır. Sual oluna bilər ki, bu adam qısa müddətdə bu qədər böyük varidatı necə toplayıb? O, həqiqətənmi öz bilik və bacarığı ilə “ticarətin atası”na çevirilib?
Öncə ikincu suala cavab olaraq bildirək ki, onun ticarət sahəsində bacarığı o qədər də yüksək deyil. Doğrudur, alçıpan satışı ilə məşğul olduğu müddətdə bu sahənin sirlərinə az-çox bələd olduğundan, ticarətdə tam da qabiliyyətsiz birisi hesab oluna bilməz. Amma ona böyük sərvət qazandıran Drənəgül bazarında topladığı təcrübə deyil, onun insanları ələ almaq bacarığıdır. Hansı ki, bu şəxs indiyədək yüksək rütbəli məmurların adından istifadə etməklə, yəni qarşısındakını onların qohumu olduğuna inandırmaqla, çox böyük işlər görə bilib. Hazırda onu onlarla obyekt, yüzə yaxın villa sahibinə çevirən də məhz bu bacarığıdır...
O ki qaldı birinci suala - onun qısa müddətdə necə və hansı yollarla böyük sərvət sahibi olmasına, şübhəsiz, burada da “məmurlarla qohumluğu” başlıca rol oynayıb. Hansı ki, ötən yazımızda bu haqda oxucularımıza az-çox məlumat vermişdik. Bəli, söhbət iş adamı Vüqar Sədibəylidən gedir. O iş adamı ki, “AAAF Park” Yaşayış Kompleksinin girişində mərhum dövlət başçısı Heydər Əliyevin posterini və dövlət atributlarını sökdürərək, yerində 700 kv.metrlik obyekt tikdirib. Ən maraqlısı isə odur ki, sözügedən obyektin tikintisi artıq başa çatsa da, hər bir rəsmi qurum, xüsusilə də Abşeron İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi bundan xəbərsiz olduğunu bildirir. Hətta İcra Hakimiyyəti özünün “Facebook” səhifəsində bu haqda açıqlama yayaraq, tikintinin qanunsuz aparıldığını rəsmi olaraq etiraf edib:
"Araşdırma zamanı müəyyən olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış kompleksinin daxilində vətəndaş Vüqar Sədibəyli mülkiyyətində olan 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə 15.10.2024-cü il tarixli, EDO-20756/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikinti niyyəti barədə müraciət etmiş, lakin vətəndaş tərəfindən məlumatlandırma-icraatı çərçivəsində daxil olmuş ərizənin nəticəsini gözləmədən tikinti işlərinə başlanmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vətəndaş V.Sədibəyliyə aparılan tikinti işlərinin dayandırılması ilə bağlıciddi şəkildə xəbərdalıq olunmuş, qanunsuzluğun qarşısının alınması və ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə qurumlara məlumat verilmişdir".
Maraqlıdır ki, hansısa vətəndaş öz ərazisində daşı daş üstünə qoyan zaman dərhal başının üstü kəsildiyi halda, Abşeron Rayon İcra Hakimiyyəti Xırdalanda 700 kv.metrlik obyektin tikintisinin başa çatmasına aylarla göz yumub. Bəli, tikilinin qanunsuz aparıldığını elan edib. Amma bu, nəyi dəyişir ki?! Bir halda ki, Vüqar Sədibəyli heç bir qurumun razılığı olmadan qanunsuz əməllərini başa çatdırıb, deməli, İcra Hakimiyyəti bir çox mətləbləri gizlədib. Necə olur ki, hansısa vətəndaş rüşvət vermədən özünə 15-20 kv.metrlik ev tikəndə onun komasını başına uçururlar, amma V.Sədibəyliyə kimsə “gözünün üstündə qaşın var” demir?! Yoxsa, iş adamının iddia etdiyi kimi, o, gerçəkdən də hər bir qurumu rüşvətlə ələ alıb? Hansı ki, Vüqar Sədibəyli öz yaxın çevrəsində belə bir fikir səsləndirib ki, “AAAF Park” Yaşayış Kompleksinin girişindəki obyekt ona çox baha başa gəlib, çünki bütün qurumları rüşvətlə susdurmağa məcbur olub...
Bu iddianın nə dərəcədə doğru olduğunu deyə bilməsək də, Fövqəladə Hallar Nazirliyinin “Hürriyyət”in sorğusuna cavabı xeyli müəmmalı və təzadlıdır:
“Sorğunuza cavab olaraq bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Sədibəyli Vüqar İlqar oğlu tərəfindən qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri pozulmaqla tikinti işlərinin aparıldığını müəyyən edib. Agentlik tərəfindən həmin ərazidə tikinti işlərinin dayandırılması barədə 10 yanvar 2025-ci il tarixli “Qərar” qəbul edilib. Həmçinin, “Qərar”ın tələblərinə əməl olunmadığına görə, adı çəkilən şəxs barəsində 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilib. Hazırda ərazidə heç bir tikinti-quraşdırma işləri aparılmır”.
Əlbəttə, bizim FHN-ə sorğu ünvanlamağımız heç də təsadüfi deyildi. Ötən yazımızda da qeyd etdiyimiz kimi, Vüqar Sədibəyli özünü hər yerdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun “qohumu” kimi təqdim edir. Bizim də məqsədimiz “AAAF Park” Yaşayış Kompleksinin qarşısındakı qanunsuz tikiliyə Fövqəladə Hallar Nazirliyi tərəfindən hər hansı icazə, yaxud rəy verilib-verilmədiyini aydınlaşdırmaq idi...
Bir anlıq düşünsək ki, həqiqətən də Abşeron Rayon İcra Hakimiyyəti Vüqar Sədibəylinin obyektinin tikintisinə icazə verməyib, üstəlik Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi də bu tikilidən xəbərsiz olub, o halda iş adamı bu obyektin tikintisini necə başa çatdırıb? Yəqin ki, bu zaman “sehrbazlıq fəndi”ndən istifadə olumayıb. O halda, bu məsələdə iş adamına, necə deyərlər, “krışalıq” edən kim, hansı məmur olub?! Əgər həqiqətən də bu şəxs “fövqəlnazir” Kəmaləddin Heydərovdursa, onda belə çıxır ki, “AAAF Park” Yaşayış Kompleksinin girişindəki dövlət atributlarının və mərhum dövlət başçısı Heydər Əliyevin posterinin sökülməsinə məhz o, razılıq verib? Yox, FHN-nin iddia etdiyi kimi, K.Heydərov bu işdən xəbərsizdirsə, bəs, Vüqar Sədibəylinin qanunsuz əməllərinə kim “dobro” verib?
Hər halda bu sualların cavabı indi bizimlə yanaşı, çoxları üçün qaranlıqdır. Amma ortada belə bir şəxs yoxdursa, deməli, V.Sədibyəli haqlıdır, o, hər kəsi pul gücünə susdurub!
Xatırladaq ki, V.Sədibəylinin hazırda onlarla obyekti və 100-ə yaxın villasının olduğu bildirilir. Deyilənə görə, əsas villaları Mərdəkan və Şüvəlan ərazilərində yerləşir...
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.