Həkim Firdovsi İbrahimov 2-ci qrup müharibə veteranını müayinədən imtina etdi, BİR GÜN SONRA XƏSTƏ DÜNYASINI DƏYİŞDİ

Siyəzən rayonu, M.V.Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Məlumat üçün bildirmək istəyirəm ki, atam, 2‐ci qrup müharibə əlili Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkib. 18 aprel 2025‐ci il tarixdə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyə edilmişdir.
Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov atam Qabil Zeynalovu müayinə edən zaman onda ürək damarının tutulması aşkar edilmişdir. Nəticədə, onun ürək damarına angioplastika yolu ilə STENT qoyulduqdan sonra, təkrarən 26 aprel 2025‐ci il tarixində müayinədən geçməli olduğunu bildirmişdir.
26 aprel 2025‐ci il tarixində atam Qabil Zeynalov təkrar müayinə edilməsi, Firdovsi həkimin baxışından keçməsi üçün ailə üzvlərimizin köməyi ilə Mərkəzi Klinikaya gətirilsə də, qeydiyyat şöbəsinə yaxınlaşan zaman, qanunsuz olaraq, yenidən pul köçürülməsi tələb edilmiş, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək, xəstə yaxınlarından pul köçürmələrini tələb etmişlər.
Nəzərinizə çatdırmaq istəyirəm ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanun”da göstərilir ki, vətəndaşa qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlər göstərilə, bu mümkün olmadığı təqdirdə, aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər.
Firdovsi İbrahimov
Burdan da açıq‐aydın görünür ki, Mərkəzi Klinikanın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanun”un bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı ailə üzvlərimiz Firdovsi həkimin otağına yaxınlaşaraq, cəmi 1 həftə əvvəl ödəniş edildiyini və xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, əfsuslar olsun ki, o və köməkçiləri ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovun sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliyə yol verməklə, aşkar təxribatla məşğul olublar. Bütün bunlarla bağlı əlimizdə onların videogörüntüləri və səs yazıları mövcuddur. Lazım gələrsə, həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazırıq.
Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkim və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan ailə üzvlərimiz xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinikaya təkrar ödəniş etmişlər. Həmin ödənişlərə dair qəbzlər əlimizdədir. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, klinikanın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o olmuşdur ki, Firdovsi həkimin dediyinə görə, guya, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Əslində isə, belə şey baş verməmişdir. Halbuki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Ailə üzvlərimiz Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini Firdovsi həkimin diqqətinə çatdırsalar da, bütün bunlara baxmayaraq, o, hikkəsi və inadkarlığı ilə rəftar edərək, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili olan atam Zeynalov Qabil Mabəddin oğlunu ixtisaslı müayinə və müalicə etməkdən, bir sözlə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina etmişdir.
Mən və ailə üzvlərim bu barədə dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin - 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinikanın müvafiq şəxsləri ilə əlaqə yaratmağa çalışsa da, həkimlər danışmaqdan boyun qaçırmışlar.
Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan öncə də, qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə Səhiyyə Nazirliyinin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyinin ‐ 1542 və TƏBİB‐in ‐ 815 qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, eyni zamanda müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə Firdovsi İbrahimovun məsuliyyət daşıyacağını bildirmişdim. Lakin, onunla bağlı heç bir tədbir görülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri günü, yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişdi.
Qeyd edim ki, 26 aprel 2025‐ci il tarixli müraciətimdə qeyd etmişdim:
“Cənab Prezident!
Yuxarıda qeyd edib göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, “Mərkəzi Klinika”da kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim‐kardioloq Firdovsi İbrahimovun xəstəmizə qarşı etmiş olduğu qanunsuz və cinayətxarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq ciddi tədbirlər görməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm””.
Hörmətli Redaksiya!
Sizdən xahiş edirəm ki, müraciətimin cənab Prezidentə çatdırılması üçün məktubumu işıqlandırasınız”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.