Hədə-qorxu ilə 130 min dolları ələ keçirildi, şikayətinə baxılmır - İDDİA / FOTOLAR

Ağcabədi sakini Elnur Əhmədov kriminal qrupun üzvləri tərəfindən ölümlə təhdid olunduğunu iddia edir
Ağcabədi şəhəri, H.Əliyev prospekti, ev 54 ünvanında qeydiyyatda olan Əhmədov Elnur Mirəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına müraciət daxil olub. Redaksiyamıza gələn E.Əhmədov iddia edir ki, dələduzluq və hədə-qorxu yolu ilə külli miqdarda vəsaiti ələ keçirilsə də, aidiyyəti qurumlar şikayətinə baxmır. Onun müraciətini olduğu kimi dərc edirik:
“Bildirirəm ki, bir qrup şəxs tərəfindən dələduzluq və hədə-qorxu ilə külli miqdarda - 130 000 ABŞ dolları (təxminən 221 min manat – red.) vəsaitim ələ keçirilmişdir. Bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişəm. Mənim şikayətim əsasında cinayət işi başlanılsa da, müstəntiq İlkin tərəfindən qərəzli olaraq ədalətli araşdırma aparılmır. Belə ki, mənə qarşı cinayət əməlləri törətmiş Ceyhun, Xamis, Rövşən, Haqverdi, Ramin və “Sədərək Yusif” kimi tanınan iş adamının qardaşı Ənvərin İlkin və İlham adlı oğlanları hələ də azadlıqda gəzir”.
Elnur Əhmədov deyir ki, sözügedən şəxslər barəsində Nərimanov RPİ-yə şikayət etdiyi üçün hazırda ölümlə təhdid olunur və həyatı təhlükə altındadır: “Onlar tərəfindən mənim həyat və sağlamlığıma hər an real təhlükə var. Hətta bu şəxslər evimə daxil olaraq, mənim maşınıma da xəsarət yetiriblər. Onlar özlərini “kriminal aləmdə tanınmış şəxslər” kimi apararaq, məni ölümlə hədələyirlər”.
Şikayətçinin sözlərinə görə, adlarını çəkdiyi şəxslər onu ölümlə hədələyərək, 130 min dollardan əlavə, 4 min manatını da əlindən alıblar: “Məni Gürcüstanda kriminal aləmdə “oğru İlqam” kimi tanınan şəxsin yanına aparıb, orada öldürəcəkləri ilə hədələyib, yenidən 4000 manat pulumu alıblar. Həmin pulu Haqverdi və Raminin vasitəsi ilə Badamdar qəsəbəsində alıblar”.
E.Əhmədov bildirir ki, onu ölümlə təhdid edən şəxslərin cinayət əməllərini təsdiq edən faktları müstəntiqə təqdim etsə də, o, bütün bunları ört-basdır edir: “Bildirirəm ki, həmin şəxslərin cinayət əməllərini sübut edəcək kifayət qədər səs yazılarını diskdə müstəntiqə təqdim etmişəm. Lakin müstəntiq sanki həmin şəxslərə kömək etməklə məşğuldur”.
Şikayətçi sonda onu da vurğulayır ki, o və vəkili qeyd olunan faktlarla bağlı dəfələrlə Daxili İşlər nazirinin və Baş prokurorun qəbulunda olsalar da, yenə də şikayətlərinə baxılmır: “Mən və vəkilim Rüstəmov Ramil Litvin oğlu bir dəfə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin, dörd dəfə Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda, dəfələrlə Bakı Şəhər Prokurorluğunda qəbullarda olsaq da, şikayətimizə baxan yoxdur”.
Qeyd edək ki, Elnur Əhmədov redaksiyamıza yuxarıda adları qeyd olunan şəxslərin bəziləri ilə telefon yazışmalarını da təqdim edib. Bu mesajlarda da ona məxsus 130 min dolların ələ keçirildiyi təsdiq olunur.
“Hürriyyət”
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Mustafanın Ərdoğanla montaj olunmuş şəkli
“Oğru İlqam” və Haqverdi
Rövşən