“BUNLAR MƏNİ ÜZVLÜKDƏN ÇIXARA BİLMƏZLƏR” - Mütəllim Rəhimli: “Bu yığıncağın partiya ilə heç bir əlaqəsi yoxdur”

Baxış sayı:
333

Saytımızda dərc olunan “Ədalət Partiyasının Ali Məclisi toplandı - MÜTƏLLİM RƏHİMOV PARTİYA ÜZVLÜYÜNDƏN XARİC EDİLDİ” sərlövhəli yazıya qarşı tərəfdən reaksiya verilib. Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib ki, onu “üzvlükdən xaric edən” toplantının partiya ilə heç bir əlaqəsi yoxdur. M.Rəhimlinin mövqeyini olduğu kimi dərc edirik:
 
“Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Ali Məclis Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Bu hərəkətlər Nizamnaməyə ziddir.
 
Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Bunlar məni üzvlükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayan, qohum və dostlarını xahiş-minnətlə, yalvarışla toplayıb partiya adından “qərar” vermək əxlaqa və qanuna ziddir.  Bu, özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var?1 Mən soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvlükdən çıxara bilər. Rayon Təşkilatının isə belə bir qərarı yoxdur.
 
Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir”.
 
Yeri gəlmişkən, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib. Qərarı MNTK sədri Çingiz Abbasov açıqlayıb:
 
“Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası 26 aprel 2025-ci il tarixdə bir qrup şəxsin  toplantı keçirməsi təşəbbüsünü və “qərar” qəbul etməsini Nizamnaməyə zidd hesab edir. MNTK sədri aprelin 25-də bununla bağlı təşəbbüskarlardan biri Mehman Əliyevə xəbərdarlıq etmiş və belə tədbirlərin Ədalət Partiyası adından keçirilməsinin yolverilməz olduğunu bildirmişdir.
 
Bununla belə, MNTK-nın xəbərdarlığına məhəl qoyulmamış, Nizamnaməyə zidd hərəkətlər davam etdirilmişdir. Yığıncağa Ədalət partiyasının üzvü olmayan şəxslər dəvət olunaraq, onlarla partiyadaxili məsələlər müzakirəyə çıxarılmışdır.
 
MNTK bəyan edir ki, 19 aprel 2025-ci ildə Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilmiş, partiyanın növbəti IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmış və bununla da bütün səlahiyyətlər Təşkilat Komitəsinə keçmişdir. Bundan sonra bu cür təşəbbüslər partiya daxilində pozuculuq fəaliyyəti yaratmağa və ictimaiyyəti aldatmağa xidmət edir.
 
Ədalət Partiyasının MNTK-sı bildirir ki, partiya Nizamnaməsinin 4-cü maddəsində üzvlərin hüquq və vəzifələri göstərilib və hər kəs ona riayət etməyə borcludur. Lakin bir qrup şəxs yuxarıda qeyd edilən hərəkətləri ilə Nizamnamənin 4.6.1 (Partiyanın Nizamnamə tələblərinə əməl etmək), 4.6.2 (Partiyanın Proqramında qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün çalışmaq), 4.6.3 (Partiyanın fəaliyyətində və onun keçirdiyi konkret tədbirlərdə fəal iştirak etmək), 4.6.4 (Partiya orqanlarının və səlahiyyətli şəxslərin qanuna və bu Nizamnaməyə uyğun tapşırıqlarını yerinə yetirmək), 4.6.5 (Partiya yoldaşları ilə münasibətlərini qarşılıqlı hörmət və qayğıkeşlik əsasında qurmaq), və 4.6.6-cı maddələrinin (Partiyada və cəmiyyətdə fəaliyyətini mövcud qanunlar və etik normalar əsasında qurmaq, partiya üzvü adını uca tutmaq, öz bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə çalışmaq) tələblərini kobud şəkildə pozmuşdur. Buna görə də onların əməllərinə Nizamnamənin 4.6.9-cu maddəsində göstərilən qaydada hüquqi qiymət verilməsi zərurəti yaranmışdır.
 
MNTK Nizamnamənin 5.10-cu maddəsində və “Əsasnamə”də ona verilmiş səlahiyyətlərə istinad edərək, aprelin 26-da bir neçə partiya üzvünün təşəbbüsü ilə Ədalət Partiyası adından keçirilməsinə cəhd olunan yığıncağın partiya ilə heç bir əlaqəsi olmadığını bildirir. Bu yığıncağa təşəbbüs göstərmiş partiya üzvləri Vüsalə Dadaşovaya, Mehman Əliyevə və Meydan Babayevə xəbərdarlıq edir. Bu cür hərəkətlərə davam edəcəkləri təqdirdə Nizamnaməyə uyğun olaraq daha ağır cəza ala biləcəklərini onların diqqətinə çatdırır”.

Muxalifet.az