Hakim Qalib Paşayevin adı hallanan dələduzluq faktı – CƏLİLABAD SAKİNİ NECƏ OYUNA GƏTİRİLİB... / ŞİKAYƏT
Cəlilabad rayonu, Şiləvəngə kənd sakini Hüseynov Aydın Ağaxan oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Dələduzluqla üzləşdiyini bildirən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Hüseynov Aydın Ağaxan oğlu, yazaraq bildirirəm ki, usta kimi fəaliyyət göstərirəm. 2014-cü ildə kredit götürmək üçün “Bank Respublika”ya müraciət etdim. Həmin vaxt 38 min 200 dollarlıq sənədə qol çəksəm də, mənə cəmi 23 min 800 dollar verdilər. Dedilər ki, qalan 14 min 400 dolları bir ay sonra verəcəyik.
1 ay tamam olmamış, həmin bankın filial müdirini işdən çıxardılar. Bu səbəbdən, bankdan götürməli olduğum 14 min 400 dolları ala bilmədim. Nəticədə, 2 ay sonra məhkəməyə müraciət etməyi qərara aldım.
Məhkəmənin həyətində qonşu kənddə yaşayan İbadov Natiq Əlşad oğluna rast gəldim. Həmin şəxs bütün günü məhkəmədə olduğundan, başıma gələnləri ona danışıb, vəkil lazım olduğunu dedim. Məni özünün tanışı olan Sadıqova Nuranə Məmmədtağı qızı ilə tanış edəcəyini bildirdi. Daha sonra qeyd etdi ki, Nuranə əslən lənkəranlıdır və mənim nigahdan kənar 2-ci həyat yoldaşımdır, ondan 1 oğlum da var. Əlavə etdi ki, Bakıya getsək, o, sənə kömək edəcək.
Bir neçə gün sonra axşam saatlarında zəng vurub dedi ki, istəyirsənsə sənədlərini götür, gedək Bakıya. O, Nuranə ilə məni görüşdürüb, işimi həll edəcəkdi. Mən Bakıya getməyə raz oldum. Getdik Bakıya, biz çayxanada gözlədik, təxminən 30-35 dəqiqə sonra Natiq qadın və uşaqla birgə qayıtdı. Özünü vəkil kimi təqdim edən həmin qadın sənədlərimə baxar-baxmaz dedi ki, “bu işin xərci çoxdur”. Mənə bildirdi ki, “Cəlilabada gedib-gələcəm, bir neçə adama pul verəcəm, sən isə mənə 3 illik etibarnamə verəcəksən. Əlavə olaraq bildirdi ki, iş haqqı olaraq səndən 5 min manat pul alacam”. Daha sonra mənim telefon nömrəmi götürdü.
Onu da deyim ki, görüşə oğlumla getmişdim. Söhbət zamanı onun işsiz olduğunu bilib, dedi ki, oğlunu da banka işə düzəldərik.
Həmin gün oğlumla rayona qayıtdıq. Axşamı zəng vurub mənə dedi ki, razısansa pulu və etibarnaməni ver. 6 iyul 2017-ci ildə Nuranə Sadıqovaya 3 illik etibarnamə verdim. “Pulu hazırla, gəlib rayondan götürəcəyəm”, - dedi. Həmçinin, qeyd etdi ki, “sizin rayona baş müstəntiq Vüqar Şəbəndiyev gəlib, onun əli ilə işinizə kömək edəcəyəm”.
Bir-iki gün keçmiş yenə mənə zəng vurdu ki, Vüqar Şəbəndiyev sənin işini boynuna götürdü, pul hazır olanda mənə xəbər ver. Bildirdim ki, 6-cı gün gələrsən. 6-cı gün səhər məhkəmənin önündə, Natiqin iştirakı ilə, Nuranəyə 5 min manat pul verdim. Pulu sumkasına qoyub, polis binasına sarı getdi. 40 dəqiqə sonra qayıtdı və bildirdi ki, 1-2 günə çağırıb, izahatını alacaqlar.
Həqiqətən də Vüqar Şəbəndiyev 10 gün sonra mənə zeng edib, polisə izahat verməyimi istədi.
Bu olanlardan sonra Nuranə Sadıqova mənə dedi ki, oğlun üçün iş tapmışam. Mən oğlum vasitəsilə bu qadına 3 min manat, bir neçə gün sonra isə 2 min manat göndərmişəm. Bu ərəfədə Natiqlə də demək olar ki, hər gün görüşürdük. Pulların mənə qaytarılacağına dair vədlər verirdi. “Bir çox məhkəmələrdə əlaqələrim, dostlarım var”, - deyirdi. Cəlilabad şəhərində Qalib Paşayev kimi bir dostunun da olduğunu deyirdi.
2 il bu adamla dost münasibətində olduq. 2019-cu il, sentyabrın 20-də Natiq İbadov məndən 5000 dollar pul istədi, verdim. 24 sentyabrda Rusiyaya getməli oldum. Oktyabrın 7-də işlərimin heç birindən xəbər çıxmayınca, onlara zəng vurub verdiyim pulları geri istədim. Bildirdim ki, burada “pres bağlayan” alacam. Çox cəhddən sonra 5 min dollar göndərdi.
Mən Rusiyadan qayıtdıqdan sonra Natiqlə görüşdüm. Natiq bilmədən ağzından qaçırdı ki, Nuranəyə əvvəl sələmə pul verirdim. Bundan əsəbləşib onun ağzına bir yumruq vurdum. Fikirləşdim ki, bu gedib məni polisə şikayət edəcək. O, məni məhkəməyə verdi. Məhkəmədə ona verdiyim pulları öz adına çıxdı. 21 dekabr 2021-ci ildə hakimi Qalib Paşayev mənim iştitrakım olmadan, onun xeyrinə qətnamə çıxardı. Mən bu qətnamənin varlığı haqqında 21 iyun 2022-ci il tarixində xəbər tutmuşam.
Bundan sonra mənim həyatım pis günə düşdü. Bildirmək istəyirəm ki, Natiq və Nuranə kimi dələduzların arxasında Qalib Paşayev kimi hakim durur. Bu səbəbdən də onlar hələ çox adamı aldadacaqlar”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.