Vətəndaşlar icbari tibbi sığortadan faydalana bilir? - ARAŞDIRMA

Baxış sayı:
13193

Son 5 ay ərzindən 34 milyon xidmət sayı...

İcbari tibbi sığorta insanların ödənişsiz şəkildə tibbi yardım almasına şərait yaradan sosial bir layihədir. Dünyada geniş yayılan bu sistem Azərbaycanda da fəaliyyət göstərir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasında icbari tibbi sığorta vasitəsilə vətəndaşların səhiyyə xidmətləri ilə təmin olunmasını icra edən bir qurumdur. Bütün proses Xidmətlər Zərfi çərçivəsində baş verir. Yəni pasiyentlərin xərcləri agentlik tərəfindən qarşılanır. 
Ölkədəki bir sıra tibb müəssisələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayır. Həmin müqaviləyə əsasən, vətəndaşlar müəyyən tibb müəssisələrində heç bir ödəniş etmədən tibbi xidmət əldə edirlər.
Hurriyyet.az olaraq icbari tibbi sığortanın tətbiqi barədə “Yeni Klinika” ilə əlaqə saxladıq. İlk olaraq bu səhiyyə ocağının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sisteminə qoşulub-qoşulmadığını aydınlaşdırmağa çalışdıq:
“Bəli, qoşulub. Qeyd edim ki, “Yeni Klinika” tibb müəssisəsi TƏBİB-in tabeliyində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sistemi ilə fəaliyyət göstərir. Odur ki, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfində göstərilən bütün xidmətlər “Yeni Klinika”da mövcuddur”.
Qafqazın ən böyük klinikası...
O da qeyd olundu ki, 28 mart 2020-ci il tarixindən etibarən fəaliyyət göstərən “Yeni Klinika” ölkədə Covid-19 pandemiyası ilə mübarizə məqsədi ilə Prezident İlham Əliyev tərəfindən vətəndaşlara təqdim edilib: “Hazırda Qafqazın ən böyük klinikası kimi tanınan “Yeni Klinika” tibb müəssisəsi demək olar ki, bütün branşlar üzrə 500 nəfərdən çox həkim və tibbi heyətin iştirakı ilə xidmət göstərir. Klinikada Cərrahiyyə və Transplatasiya Mərkəzi, Ürək-damar mərkəzi, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzi, Somatika və STROK mərkəzi, İnsult Mərkəzi (STROK), Hematologiya və sümük iliyi nəqli mərkəzi fəaliyyət göstərir. Qeyd edilən mərkəzlərin tərkibində isə 25 şöbə və 13 bölmə mövcuddur”.
“Yeni Klinika”dan bildirildi ki, burada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan aşağıda qeyd olunan xidmətlər ödənişsiz olaraq aparılır:
- Təcili və təxirə salınmaz tibbi yardım ( o cümlədən ambulans xidməti);
- İlkin səhiyyə (ailə həkimi) xidməti;
- Ambulator şəraitdə müayinə və müalicə;
- Stasionar müalicə;
- Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s. );
- Fizioterapevtik xidmətlər;
- Laborator müayinələr;
- Hamiləlik və doğuş xidməti;
- Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s. );
- Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
- Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, orqan transplantasiyası, koxlear implantasiya və s.);
- Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.
Bunlardan əlavə olaraq klinkada aşağıda qeyd olunan tibbi şöbələr mövcuddur:
Reanimasiya; Neyrocərrahiyyə; Ümumi cərrahiyyə; QBB, baş və boyun cərrahiyəsi; Anesteziologiya; Travmatologiya və ortopediya; Urologiya; Mamalıq və Ginekologiya; Uşaq cərrahiyəsi; Pediatriya; Hematologiya; Torakal cərrahiyyə; Kardiologiya; Qastroenterologiya; Endokrinologiya; Nefrologiya; Radiologiya; Terapiya; Revmatologiya; Laboratoriya və s”.
Bəs, müalicə zamanı dərmanların tərkibinin müəyyən edilməsi pasiyentin arzu və istəyi ilə həyata keçirilir, yoxsa bununla bağlı dövlətin konkret tələbi var? Bu suala cavab olaraq klinikadan bildirildi:
“Müalicə zamanı dərmanların tərkibinin müəyyən edilməsi pasiyentin arzu və istəyi ilə həyata keçirilmir. Pasiyentin müalicəsi üçün dərmanların tərkibinin müəyyən edilməsində birbaşa həkim cavabdeh şəxs hesab edilir. Lakin pasiyent müəyyən edilmiş dərmanlardan imtina edə bilər. Ümumiyyətlə, dövlət tibb müəssisələrində müvafiq qaydalar mövcuddur. Həmin tibbi protokol qaydalarına uyğun olaraq müvafiq qaydada həkimlər tərəfindən təyin edilən müalicə tətbiq edilir”.
“Yeni Klinika”dan pasiyentlərlə xəstəxana arasında müqavilə bağlanılıb-bağlanmaması haqda sualımıza da aydınlıq gətirildi:
“TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni Klinika” tibb müəssisəsi yalnız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə rəsmi müqavilə əsasında pasiyentlərə müqavilə bağlanılmadan xidmət göstərir. Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikasının bütün vətəndaşları əmək fəaliyyətinin olub-olmamasından asılı olmayaraq, icbari tibbi sığortalı şəxslərdir. Bütün Azərbaycan Respublikası vətəndaşları həm “Yeni Klinika”ya, həm də yaşadıqları ünvana yaxın TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə yaxınlaşaraq, icbari tibbi sığorta vasitəsi ilə ödənişsiz şəkildə tibbi xidmətlərdən istifadə edə bilərlər”.
Klinikadan o da bildirildi ki, Xidmətlər Zərfinə daxil olmayan hər hansı xidmətdən istifadə dən pasiyen ödəniş etməyə məcburdur və bu zaman ona mütləq ödəniş qəbzi təqdim olunur:
“Azərbaycan Respublikasının vətəndaş vəsiqəsinə sahib olan hər bir kəs öz istəyi ilə və ya göndəriş vasitəsilə klinikamıza müraciət edərək müayinə və müalicələrdən istifadə edir. Yeni Klinikaya edilən bütün müraciətlər İcbari Tibbi Sığorta sisteminin xidmətlər zərfi çərçivəsində tam ödənişsiz şəkildə həyata keçirilir”.
“Vətəndaş azaddır, istədiyi xidməti ala, almaya bilər”
“Hürriyyət”in əməkdaşı sözügedən məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzlə də əlaqə saxlayıb. Bu səhiyyə ocağından da bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən digər dövlət tibb müəssisələri kimi, Kliniki Tibbi Mərkəz də icbari tibbi sığorta əsasında fəaliyyət göstərir:
“Aparılan bütün xidmətlərlə bağlı İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfindən tanış olmaq olar. Müalicə proseduru stasionar şəkildə aparılacaqsa, müvafiq protokol qaydalarına uyğunladaşdırılır. Xidmət almaq üçün müraciət edən vətəndaşla hər hansı müqavilə bağlanmır. Vətəndaş azaddır, istədiyi xidməti ala, almaya bilər. Azərbaycan vətəndaşları İTS çərçivəsində ödəniş etmir. Bütün vətəndaşlar xəstəxanada fərq qoyulmadan xidmət alırlar.
Kliniki Tibbi Mərkəzə müraciət edən azərbaycanlı vətəndaşlar üçün xidmət İcbari Tibbi Sığorta çərçivəsində həyata keçirilir. Yalnız Xidmətlər Zərfində olmayan proseduralar ödənişli ola bilər. Bunun üçün də vətəndaş öncədən məlumatlanıdırılır. Bütün proseslər vətəndaşla izah olunur, ödəniş üsulu şəxsin öz ixtiyarına buraxılır”.
5 ay ərzində 3 milyondan çox şəxs 10,2 milyon dəfə müraciət edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə “Hürriyyət”ə bildirib ki, İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra vətəndaşların dövlət tibb müəssisələrinə müraciətlərində artım olub: “Bu da vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsini göstərir. Əgər 2022-ci ildə ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanmışdısa, 2023-cü il üzrə bu rəqəm 52%-ə qədər artmışdır. Yəni ötən il TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə 5 milyondan çox şəxs 22.3 milyon dəfə müraciət edib. Xidmət sayı isə 70.2 milyon olub.
Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətlərdən vətəndaşların istifadə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrində xidmət göstərilir. 2022- ci illə müqayisədə 2023-cü ildə özəl tibb müəssisələrinə verilən göndərişlərin sayı 46% artmışdır. Belə ki, ötən il vətəndaşlar göndəriş ilə müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 191 898 tibbi xidmətdən yararlanıb.
2024-cü ilin yanvar-may aylarının göstəricilərinə əsasən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə 5 ay ərzində 3 milyondan çox şəxs 10,2 milyon dəfə müraciət edib. Xidmət sayı isə 34 milyona yaxın olub. Bu xidmətlərin 26 %-i uşaqlara, 74 %-i isə böyüklərə göstərilib”.
Agentlikdən bildirilib ki, istifadə olunan bütün dərmanlar müalicə protokollarına əsasən həkim tərəfindən müəyyən edilir:
“İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən yararlanmaq üçün Agentlik vətəndaşlarla deyil, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzi, habelə 152-dən artıq özəl klinikalarla müqavilə bağlayıb. Məlumat üçün bildirək ki, bütün ölkə vətəndaşları və respublikamızda rəsmi əmək müqaviləsi ilə çalışan əcnəbilər sığortaolunan hesab olunur. Onlar poliklinika, ailə sağlamlıq mərkəzləri istisna olmaqla, ixtisaslaşmış tibbi yardım üçün yaşayış və ya qeydiyyat yerindən asılı olmayaraq şəxsiyyət vəsiqəsi ilə TƏBİB-in tabeliyindəki istənilən xəstəxanaya və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutuna göndəriş vərəqəsi olmadan birbaşa müraciət edə bilir.
Sözügedən dövlət tibb müəssisələrində hər hansı xidmətin göstərilməsi mümkün olmadıqda isə sığortaolunanlar göndəriş vərəqəsi ilə qurumun müqavilə bağladığı özəl klinikalardan birində tibbi xidmət ala bilər”.
Agentlikdən vurğulanıb ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətə görə vətəndaş deyil, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisəsinə ödəniş edir.  İcbari tibbi sığorta təminatına daxil olmayan tibbi xidmətlərdən istifadə zamanı ödəniş edən vətəndaşa kassa qəbzi verilməlidir: “Kassa aparatı quraşdırılmayan tibb müəssisələrində vətəndaşa hesab rekvizitləri təqdim edilməlidir və şəxs banka ödənişi edib qəbzi tibb müəssisəsinə təqdim etməlidir”.
Cəmilə ƏZİMOVA