“COŞQUN MƏMMƏDOV PULDAN ÖTRÜ UŞAĞIMI ŞİKƏST QOYDU” - Mərkəzi Nefçilər Xəstəxasının həkimi haqda şok ittihamlar…

Baxış sayı:
12469

Gültəkin Həsənova: “Coşqun həkim mənə dedi ki, başımla cavabdehəm, siz pulu verin, biz əməliyyata başlayaq…”

Naxçıvan şəhər, Şərur rayon, Oğlanqala kənd sakini Həsənova Gültəkin Vəli qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi xanım bildirir ki, 17 yaşlı qızı Aynel Həsənova həkim səhlənkarlığı nəticəsində iflic olub. Deyir ki, bir çox qurumlara şikayət məktubu göndərsə də, onun şikayətinə baxılmır:

“Mən, Həsənova Gültəkin Vəli qızı, sizdən bir ana kimi xahiş edirəm ki, mənim səsimi rəsmi qurumlara, ölkə rəhbərliyinə çatdırasınız.

Qızım Aynel Həsənovanın onurğasında anadangəlmə qüsur var idi. Buna baxmayaraq 16 yaşına kimi yeriyir, özünü idarə edirdi. Yəni əməliyyat gününədək yeriməsində, hərəkətində hər hansı problem yox idi. Əməliyyatdan 3 gün qabaq şəhərə gəzintiyə də çıxmışdı. Deməyim odur ki, xəstəxanaya ayaq üstə, özü yeriyə-yeriyə getmişdi…

İllərdir qızımın xəstəliyi ilə bağlı xarici ölkələrlə maraqlanırdıq, bir yol axtarırdıq. Axır vaxtlar beli çox ağrıyırdı, çox gəzə bilmirdi. Türkiyədən, Kanadadan belə, xəstəlik haqqında məlumatlar alırdıq. Türkiyədə tibb uzmanlarına göstərmişdim. Heç bir həkim əməliyyatı boynuna almırdı.

Belindəki problem bizə bəlli idi, sonradan boynunda şiş yarandı. Bu səbəbdən, qorxuya düşüb həkim axtarışına başladıq. Mərkəzi Nefçilər Xəstəxasındakı həkim bizə söz verəndə ki, Ayneli əməliyyat vasitəsilə sağaldacaq, sevindik, həmin vaxt içimizdə bir ümid işığı cücərdi. Odur ki, başqa ölkələrin həkimləri, hətta Azərbaycanda olan həkimlər Aynelin əməliyyat edilməsinə razı olmasalar da, Mərkəzi Nefçilər Xəstəxanasında çalışan Coşqun Məmmədovun müayinə sonrası “başımla cavabdehəm”, -deyərək bizi arxayın etməsi nəticəsində əməliyyata razılıq verdik. Amma Coşqun həkim puldan ötrü bizi aldadaraq, uşağımı şikəst qoydu”.
“COŞQUN MƏMMƏDOV PULDAN ÖTRÜ UŞAĞIMI ŞİKƏST QOYDU” - Mərkəzi Nefçilər Xəstəxasının həkimi haqda şok ittihamlar…

Coşqun Məmmədov

Şikayətçi Gültəkin Həsənova bildirir ki, qızı Aynelin əməliyyatı 2021-ci il dekabrın 3-də baş tutub və təxminən 9 saat davam edib: “Coşqun Məmmədovun əməliyyat qarşılığında bizdən istədiyi pulu qəpiyinə kimi ödədik. Evimi satdım, borca girdim, “əsas uşağım sağ olsun” dedim. Coşqun həkimə başqa həkimlərin verdiyi rəyləri də göstərdim. Dedim ki, həkimlər deyirlər əməliyyat olmaz. O, mənə dedi ki, başımla cavabdehəm, siz pulu verin, biz əməliyyata başlayaq.

2021-ci ilin dekabr 3-də Coşqun Məmmədov əməliyyatı boynuna götürdü və 9 saat əməliyyat etdi. Öncədən bizə Türkiyədən müvafiq aparatın (“naviqator”) gətirilməsi üçün də lazımi məbləği ödətdirdi. Bir də Türk həkimilə əməliyyata birgə girəcəyini qeyd etdi. 16 min manat Coşqun Məmmədovun özünə, 8 min dollar da “naviqator”la gələn Türk həkiminə ödədik. Heç onun adnı da bilmədim.

9 saatlıq əməliyyat bitəndən sonra həyətdə türk həkimi gördüm, yaxınlaşıb soruşdum ki, həkim əməliyyat necə keçdi, qızım yaxşıdır? Vəziyyətin pis olduğunu sanki hiss eləmişdim. Mənə dedi ki, mən gedirəm, təyyarəm qalxır, Coşqun həkimdən soruşarsınız. Halbuki, Coşqun həkim mənə demişdi ki, türk həkim 4 gün Azərbaycanda qalacaq.

Əməliyyatdan sonra Aynel artıq özünü bilmirdi. Hərəkətini, hissiyyatını itirmişdi. Yəni əməliyyat nəticəsində qızımın vəziyyəti daha da pisləşdi. Hər dəfə sual verəndə Coşqun həkim bizə deyirdi ki, narahat olmayın, 6 ay sonra hissiyyatı düzələcək. Lakin həkimin dediyi 6 ay ərzində uşaq daha ağır vəziyyətlərə düşürdü. Vaxt tamam olduğu üçün yenidən Coşqun həkim bizi MRT-yə (Maqnit Rezonans Romoqrafiya) yazdı. MRT-də bizə bildirdilər ki, uşaq bu vəziyyətdə də qalacaq, sağalması mümkün deyil.

Bir müddət sonra Coşqun həkim telefonlara cavab vermədi, sonradan isə Azərbaycandan qaçdı.

Müraciət etmədiyim orqan, təşkilat qalmadı. Bütün həkimlər dedilər ki, sənin uşağının qəssabı onun həkimi olub, onu əməliyyat etmək olmazdı”.

Əməliyyatdan bir neçə gün əvvəl

Gültəkin Həsənova deyir ki, məsələ ilə Baş Prokurorluğa da müraciət edib: “Baş Prokurorluq Coşqun Məmmədovun qaçdığını, axtarış verildiyini, amma tapılmadığını qeyd edir. Mən pul istəmirəm, heç pulda gözüm də yoxdur. Mən istəyirəm ki, Coşqun həkim gəlsin, qanun qarşısında cavab versin. Xahiş edirəm səsimin cənab Prezidentə çatması üçün mənə köməklik göstərin. Bəlkə başı çıxan bir həkim olar, uşağın bu halına az da olsa yardım edən tapılar.

Əməliyyatdan sonra xəstəxananın bütün kamera görüntüləri silinib. Əgər Coşqun həkimdə günah yox idisə niyə kameraları sildirdi, niyə qaçdı? Deyilənə görə, Almaniyada məskunlaşıb. Sonradan öyrəndik ki, onurğa beyin əməliyyatı çətin əməliyyat olduğuna görə, 7-8 həkimin məsləhətinə ehtiyac duyulur. Coşqun həkim nəyinə güvənib belə qərar verib, bilmədik”.

Aynel anası və qardaşı ilə

Qeyd edək ki, məsələ ilə bağlı ADP sədrinin müavini, tanınmış həkim Həsrət Rüstəmovun fikirlərini də öyrəndik: “Məsələ budur ki, uşaqda ciddi onurğa defekti olub, həkim əməliyyat etməklə üzərinə böyük risk götürüb. Məsələnin tibbi tərəfi budur ki, burada təbabətin qızıl qaydası pozulub: bu qaydaya görə əməliyyat riski həmişə həyat riskindən aşağı olmalıdır. Başqa cür desək: fayda verə bilməyəcəksənsə, zərər də verməməlisən. Amma başqa tərəfdən əməliyyat qərarı istənilən halda xəstənin özü və ya yaxınları ilə birlikdə verilir. Ona görə də həkimi birmənalı olaraq günahlandırmaq o qədər də doğru deyil. Həkimin günah payını dəqiq müəyyən etmək üçün ətraflı tibbi ekspertiza aparılmalədır. Bu zaman həm xəstə yenidən ətraflı müayinə olunmalı, həm də indiyəqədərki bütün tibbi sənədlər incələnməlidir”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.