​“AZƏRPOÇT” İSTEHLAKÇI HÜQUQLARINI NECƏ POZUR? - Mərkəzi poçt saat 20-yə qədər xidmət göstərir, yoxsa 19-a?

Baxış sayı:
6109

“Azərpoçt” MMC-nin istehlakçı hüquqlarını pozması, məktubları it-bata salması bu günün problemi deyil, illərdir sürür. Özəlliklə uluslararası poçt daşımaçılığında kobud pozuntuların baş verməsi ölkə daşından mal sifariş edənlərə, dışarıya məktub göndərənlərə yaxşı bəllidir.
Təsəvvür edin, kiməsə dışarıdan qiymətli məktub gəlir, “Azərpoçt” vermir ki, məsələn, MTN-in (hazırda DTX) razılığı gərəkir. Uzun-uzadı yazışmalardan, çəkişmələrdən sonra məktubun xüsusi xidmət orqanının “testi”ndən “üzüağ çıxmadığı” , geri qaytarıldığı bildirilir. Axı məktub yiyəsinə çatmadan necə və hansı yolla geri qaytarıla bilər? Suala cavab tələb edəndə isə “poçtbilənlər” məktubun ştrix-kodunu tələb edib, bunsuz geri göndərilən məktubun axtarışının mümkünsüz olduğunu bildirirlər.(?) Özbaşınalığı göz önünə gətirin, məktub poçtla gəlib, yiyəsinə verilmədən poçtla da geri qaytarılıb(sa) , məktubunun -malının üzünü görməyən istehlakçıdan hansı göndərilmə tarixi və ştrix-kodu tələb oluna bilər? Məktublar ölkə dışına, özəlliklə, Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləndə də xüsusi xidmət orqanlarının qanunsuz “testindən” keçirilir. “Test”dən “üzüqara” çıxan məktublar elə it-bata salınır ki, heç Xoşqədəm xanım da tapa bilməz.  Yenə pandemiyasız-covidsiz çağlarda qonşu Gürcüstandan məktub yola salmaq olurdu, bu zəhrimar covid -19 sərhədi keçib-qayıtmağa elə qadağa qoyub ki, xüsusi xidmət orqanlarının “testi” onun yanında heç nədir.
Nə isə, çox uzatmayaq, yoxsa redaktorun qayçısından qaça bilmərik. Ötən gün Mərkəzi Poçtun xidmətindən saat 19-u keçməsi nədəni ilə yararlana bilmədik. Oysa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yüksək texnologiyalarının yardımı ilə baş poçtun işinin 20-yə qədər olması saytda açıq göstərilib. Saat 19 olan kimi bağlanan qapının üstündə də iş saatının sonu 20-00 yazılıb. Bəs niyə istehlakçılar aldadılır? Saytda iş saatının sonunu düz göstərmək belə çətindir? Yoxsa, rəqəmsal inkişaf elə belə olur?
Məğrur BƏDƏLSOY