Polis-vətəndaş qarşıdurmasının günahkarları… - ELDAR SABİROĞLU YAZIR

Baxış sayı:
1813

Əminəm var ki, bu olayın səbəbkarlı ciddi şəkildə cəzalandırılacaqlar

Keçən həftənin sonunda baş verən hadisə cəmiyyətimizin həyatında böyük həyəcan yaratmaqla yanaşı, ölkə adına xoş olmayan müəyyən söz-söhbətlər də gətirdi. Məndə belə bir əminlik var ki, dövlət başçısının xüsusi nəzarətinə götürülmüş karantin rejimində baş verən polis-vətəndaş qarşıdurmasının günahkarları ciddi şəkildə cəzalandırılacaqlar.

Təkcə polis barədə yox, eyni zamanda hadisəyə fürsət verən vətəndaşlarla bağlı da qanuni ölçülər ələ alınmasını təqdir edərdim. Bu mənim dəyişməz mövqeyimdir. Polisi tənqid etsəm də, onu xalqın gözündən salan təbliğatın aparılması ilə qəti razı ola bilmərəm. Təsəvvür edin polis yoxdur, ölkədə nələr baş verə bilər? Bəli, polisi də tənqid etməliyik. Lakin bu mühüm dövlət orqanına qarşı ictimai rəydə bu tərzdə nifrət aşılamaq ölkəmiz üçün yaxşı heç nə vəd etmir.

Etirazlara kütləvi xarakter vermək meylləri hiss olunur. Örtülü çağırışları demək olar ki, hər gün eşidirik. Bunlar dövləti cinayətlər sırasındadır və belə halların önü qanunun ən sərt tələblərinə uyğun şəkildə kəsilməlidir. Dövlətin təhlükəli sınaqlara çəkildiyi məqamlarda gecikməyin, seyrçi mövqe tutmağın fəsadları ağır olur və sonradan itirilmişləri geri qaytarmaq çox çətinləşir. Etiraz və narazılıqlara demokratik don geyindirib, şəxsi niyyət və arzuların dalınca qaçmağın yaxın tariximizdə çox gözəl nümunələrini görmüşük.

Diqqətinizi bir məsələyə yönəldərdim. Hər şeyi bir nəfərin-ölkə prezidentinin üzərinə yükləmək nə dərəcədə məntiqidir?! Söz yox ki, dövlətin və xalqın taleyinə birinci cavabdeh şəxs kimi prezident məsuliyyətlidir. Lakin ümumi qənaətim belədir ki, prezidentlə bərabər daşın altına digər yüksək hökumət səlahiyyətliləri də əllərini qoymalıdırlar. Bəs indi biz nəyi görürük?! Tərif etməyin, yaltaqlıq göstərməyin, sadəcə dövlətin çıxarlarına uyğun sədaqət nümayiş etdirməyiniz kifayətdir.

Əvəzində qrup davalarının, dövlət əmlakının talan edilməsinin, korrupsiya və rüşvətxorluğun ölkə üçün hansı ziyan və zərərləri vurduğunu ardıcıllıqla müşahidə etməkdəyik. Həbslərdən nəticə çıxarın. Digər bir mənfi halın- qarşılıqlı hədə-qorxuların, sərt ultimatumların demək olar ki, bütün çərçivələri aşaraq dövlət orqanları ilə ictimaiyyət arasında dərin konfliktlərin kök atmasına əlverişli şərait yaratdığını müntəzəm görür və buna üzülürük. Bu da keçər, deyib laqeyd yanaşmamızla problemlərin sayını çoxaldırıq.

Düşmənçilik əhvalı üzərində köklələnib, siyasi mübarizədə uğur qazanmaq qeyri-mümkündür. Xülyaların doğurduğu qalib psixologiyasını içimizdə gəzdirməklə heç bir mənada heç bir siyasi xeyrə imza atmaq mümkün olmayacaqdır. Ona görə də düşərgələrarası siyasi münasibətlərin sağlam əsaslar üzərində qurulmasına çalışmalı, təhqirə, şəxsiyyəti alçaldan fikirlərin yer almasına aludə olmamalıyıq.

Vəziyyətin nəzarət altından çıxmasını səbirsizliklə gözləyənlər ola bilsin bu sözlərimlə razılaşmasınlar. Ancaq yaddan çıxarmayaq ki, bir kibritin alovu ilə bütün ölkəni külə döndərə bilərik. Bu baxımdan hakimiyyətin məsuliyyəti ilə bərabər, müxalif fikirli siyasi düşərgənin də məsuliyyət daşıdığı inkar oluna bilməz…

Eldar SABİROĞLU