Nurlanla Əsliyə oxşayan media… - JALƏ MÜTƏLLİMOVA YAZIR

Baxış sayı:
3908

Deyir, hərənin dərdi özünə “dəvədir”. Bu atalar məsəlini o üzdən yada saldım ki, peşəmin, daha dəqiqi medianın bu günü və gələcəyindən narahatam. Həsən bəyi, Mirzə Cəlili yox, daha müasir dövrü deyirəm, məsələn, Nəcəf Nəcəfov, Ağamalı Sadiq Əfəndi prinsipləri, Azər Əbilbəyli üslubunu. Yəni ənənəsi olan bir medianı gözümüzün önündə sürətlə çökdürürlər. Həm də bir neçə istiqamətdən. Məmur mediası, şantaj mediası, kompramat mediası, anti-Azərbaycan mövqeli media yaradaraq. Bir sözlə media "dördüncü hakimiyyət" olmaqla vidalaşmaqdadır. Bir sap bağı qalıb, ya möhkəmlənməli, ya qırılmalıdır.
Bunlar azmış kimi, yeni dağıdıcı qanad yetişməkdədir, internet, sosial şəbəkələr üzərindən sosial media formalaşır. Həm də daha çox anti-Azərbaycan mövqeyin sərgiləməklə. Standartları standartsızlıqdır. Milli dəyər, milli təəssübü, peşə etikası, əxlaqı, ənənəsi yox. Əvəzinə, xarici güclərlə əməkdaşlıq, onların Azərbaycandakı havadarlarından yaxşı dəstək var. Hələ onu demirəm ki, məqamı gələndə yaxşıca himayə edilir, hətta ölkədən çıxmalarına şərait yaradılır. 
Yeri gəlmişkən, bəziləri artıq müxtəlif xarici ölkələrdə yerləşib,“müxalif” mövqe, “ədalətli” fikir pərdəsi altında, “təzyiqə” məruz qalan qələm əhli donu geyinir. Əslində, qərəzli, anti-Azərbaycan mövqeyi sərgiləyirlər. 
Deyirsən görəsən, aidiyyatı orqanlar, dövlət, hökumət bu mənəvi dəyərlər, vacib məsələlər barədə nə düşünür? Nə zaman biz media adamı, dövlət də dövlət olaraq, təşkilatlanmış formada media probleminin üstünə gedə biləcək? Ya da sağlam media ilə, dövlətin ittifaqı alınacaqmı, görəsən? Ümumiyyətlə, milli mətbuat, onun ayrı-ayrı fərdləri ilə ittifaqın olması haqda düşünülürmü? Suallar çoxdur. Görünənsə budur ki, biz versiyalar üzərində düşündükcə, qarşı tərəf xarici və radikal güclərlə ortaya konkret iş qoyur. Özü də düşünülmüş və planlı.
Diqqət edək, istər elektron, istər yazılı mediada ideoloji təbliğatda ciddi boşluqlar mövcuddur. Bu üzdən artıq milli-mənəvi dəyərlər, ailə modeli, qadın, kişi obrazlarının dağıdılması hədəfə çevrilib. Bir qrup yerli media mənsubu, habelə sosial medianın yetişdirdiyi “jurnalist ordusu” sürətlə bu prosesin əsas idarəçiləri, təbliğatçılarına çevrilirlər. Bir sözlə, milli mətbuat güc olaraq zəiflədikcə, xarici güclərin himayəsində olan media quruluşları, saytlar, güclənir. Bunu “səkkiz marş” aksiyasından sonra daha qabarıq gördük. Əslində, "həmin aksiya ciddi SOS siqnalı idi" də deyə bilərik. Diqqəti bu tədbirin iki aktivistinə yönəldək, sosial media “əjdahaları” Nurlan Libre adlı birinə və həyat yoldaşı Əsli adlı gəncə. Bunlar həm də o adamlardır ki, artıq aksiya iştirakçılarından birini özünəqəsd həddinə çatdırıb, diqqəti feministlərdən yayındırmaq üçün. Dövlət niyə susur, nə düşünür və ölkə mediasındakı milli ideoloji boşluğu necə, kimlərlə doldurmağı düşünür? Ya da düşünürmü? Çünki artıq bu boşluqlarda librelər, əslilər oturublar, həm də məsələn ermənilərə əməkdaşlıqlar, dostluqlar təklif etmək, üstəlik onları qardaş adlandırmaq və ölkə mediasının sifəti kimi özlərini hər yanda təqdim etməklə. 
Bizsə hələ oturaq və gözləyək, görək sosial media üzərindən abırsız media adamlarının əlini daha nə qədər güclənəcək. Hələ onu demirəm ki, təkcə "dördüncü hakimiyyət"in - medianın məhvi istiqamətində iş aparılmır, həm də üzdəniraq həyat tərzləri ilə Azərbaycan kişisinin, qadınının beynəlxalq aləmdə simasını dəyişməyi hədəfləyiblər. Halbuki onlar bizim simamız ola bilməz, nə millət, nə media olaraq. Onlar olsa-olsa xarici güclərin Azərbaycandakı simasıdır. Ya da xarici güclərə Azərbaycanın içindən, hətta hakimiyyətdəki siyasi komandanın bəzi üzvlərindən dəstək alanların simasıdırlar. O üzdən son dərəcə maraqlıdır, artıq neçə aydır başsız buraxılan media idarəçiliyi barədə dövlət nə düşünəcək? Hansı qərarı alacaq? Kim və hansı prinsiplərlə idarə edəcək prosesi? Bu qədər standartı olmayan, amma mükafatı olan “media” adamının qarşısına necə çıxılacaq? Necə deyiləcək ki, sən lazım deyilsən, səndə alınmadı, sən bacara bilmədin?! Sən korrupsiya və rüşvətə bulaşdın! Sən çox şeyi şəxsi münasibətə və marağa qurban elədin! Düzü, necə ediləcəyinə dair çoxlu sual olsa da, bircə cavab yoxdur. Bir az da ehtinasız və süst davam etsək nurlanlar və əslilər, yəni milli ruhu, ənənəsi olmayan adamlar ölkə mediasında aparıcı gücə çevriləcək. Biz də ictimai rəyə biabırçı nümunə obrazlar təqdim etmiş simalar olacağıq. Bütün peşəkarlar düşünəcək ki, yəqin standart budur, abrını, dəyərlərini, standartını dalına şəllə, səni görək... Bax, onda artıq yox həddində olan milli ideologiyanı da, itib-batan gerçək media adamlarını da, ümumiyyətlə heç nəyi xilas eləmək mümkün olmayacaq. O üzdən hökumətin QHT, siyasi partiya yox, məhz media, özü də ciddi medianın, siyasi medianın buna paralel milli ideolojinin təbliğatını qurması istiqamətində iş görməsinə ,layihələr hazırlamasına ehtiyac var. Azərbaycanı nurlanların, əslilərin ümidinə qoymayaq!..

Jalə MÜTƏLLİMOVA