Novella Cəfəroğlu: “Cümşüd Nuriyevi elə yerindən vuracağıq ki…”

Baxış sayı:
13792

Sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi, ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Xatırladaq ki, cəbhəyə gedən qadınlar haqqında bunları deyib: “Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”. Hüquq müdafiəçisi, vaxtilə qadın batalyonunun yaradılmasında iştirak etmiş Novella Cəfəroğlu məsələ ilə bağlı musavat.com-a danışıb: “Çox təəccüblənirəm ki, bəzi insanlar istəyir ki, onların ata-anasını, ailəsini söysünlər. Yəni, bu söyüş götürən bir məsələdir. Qeyd edim ki, qadın batalyonunda professorlardan tutmuş mühəndislərlə qədər ziyalı xanımlar var idi. Onların arasında bir dənə də olsun, sadə insan yox idi. Lap sadə insan olsaydı, nə olacaqdı? Həmin vaxt qadınlar da torpaqları qorumaq üçün döyüşlərə gedirdi. Bu gün prezident müharibə çağırışı etsə, əlbəttə ki, qadınlı-kişili hər birimiz döyüşə gedəcəyik. Xatırladım ki, həmin vaxtlar ordu yox idi, hər şey xaos vəziyyətində idi. Müharibəyə atılan qadınlar deyirdi ki, döyüşə bilməsək də gedib qab, paltar yuyarıq, tibb bacısı işləyərik. Həmin batalyondan 6 şəhid qadınımız olub. O cümlədən, Qaratelimiz düşmən əlinə keçməsin deyə özünü vurmuşdu. İndi Cümşüd Nuriyev kimdir ki, qadınlarımız haqda danışsın. Bu, nakişilik, alçaqlıqdır. Deputat olmaq üçün bu qədər insanlara qara yaxmaq olmaz. O, deputat olmayacaq. Əgər deputatlığa namizədliyini versə, qadınlara birləşib, onun bütün qərargahını darmadağın edəcəyik. Onun deputat olmasına imkan verməyəcəyik. Lap ərsiz qadınlar olsun. Onun nə ixtiyarı var ki, qadınları alçaltsın. Ərsiz qadınlar iki qat əziyyət çəkib, tək başına uşaq böyüdür. Onu elə yerindən vuracağıq ki, bütün deputat təbliğatını darmadağın edəcəyik. O, bəyəm qadın gücünü başa düşmür?!”//musavat