“İnkişaf etmiş ölkələrə yaxınlaşırıq” – Kasıblarla varlıların xəstəlikləri, ölüm səbəbləri

Baxış sayı:
12535

Kanadanın Makkaster Universiteti insanların ölüm səbəbləri ilə bağlı maraqlı araşdırma aparıblar. Belə ki, 5 qitədə yerləşən 21 ölkədə yaşayan minlərlə insanın yaşayış tərzinin analiz edildiyi qlobal araşdırmada xərçəng xəstəliyinin digər xəstəliklərdən və ölüm səbəblərindən 50 yaşdan sonra daha çox can aldığı üzə çıxıb. Araşdırmaya İsveç, Türkiyə, Çili, Argentina, Kanada və Polşa kimi ölkələr də daxil edilib.

Rifah səviyyəsinin daha aşağı olduğu Banqladeş, Pakistan, Hindistan və Zimbabve kimi ölkələrdə isə digər ölkələrdən əldə edilən nəticənin tam əksi çıxıb. Belə ki, bu ölkələrdə ürək-damar problemləri xərçəngdən 3 dəfə daha çox ölümə səbəb olur. Araşdırmada istifadə edilən qlobal analiz proqramı çərçivəsində 2005-2016-cı illərdə 162 min 534 nəfərin həyat tərzi bilgiləri toplanılıb. Araşdırmanın yaş ortalaması isə 50 olub.

Bəs görəsən Azərbaycanda vəziyyət necədir? “Yeni Sabah”a danışan tanınmış həkim Vasif İsmayıl maraqlı fikirlər səsləndirib. O bildirib ki, insanların hansı xəstəlikdən ölməsi onların sosial durumu, rifah səviyyəsi ilə yanaşı, həm də onun yaşadığı ölkədəki səhiyyənin səviyyəsi ilə bağlıdır:

“Əslində bu Səhiyyə Nazirliyinin verməsi gərəkən informasiyadır. Amma öz müşahidələrimə əsasən deyə bilərəm ki, bizdə də əvvəllər ürək-damar xəstəliklərindən dünyasını dəyişənlər çox idi. Amma artıq bizdə də ən çox xərçəng xəstəliyindən ölənlərin sayı artıb. Çünki əvvəlki illərə baxanda indi  Azərbaycanda ürək-damar xəstəlikləri yaxşı müalicə edə bilirik. Ona görə də artıq bizdə ürək-damar xəstəliklərindən ölənlərin sayı azalıb. Müşahidələrim onu göstərir ki, biz də bu məsələdə inkişaf etmiş ölkələrə yaxınlaşırıq”. 

V. İsmayıl Azərbaycanda varlı və kasıb insanlarda olan xəstəliklərin bir-birindən fərqləndiyini, amma bu fərqin çox olmadığını deyib:

“Ümimiyyətlə, əlbəttə ki, xəstələrin sosial vəziyyəti ilə onların xəstəlikləri arasında əlaqə var. Amma bu Azərbaycanda katastrofik dərəcədə deyil. Əslində məsələ başqadır. Niyə Pakistan, Banqladeş kimi ölkələrdə ürək-damar xəstəliklərindən ölənlərin sayı çoxdur. Çünki onlar həmin xəstələri müalicə edə bilmirlər. Ona görə də ölürlər. Yəni burada məsələ onların yaxşı, yaxup pis yaşaması ilə bağlı deyil. Hamıda ürək-damar problemləri olur. Bu xəstəlik kasıbda da olur, varlıda da. Harada onu yaxşı müalicə edə bilirlər, orada ölən olmur. Yəni stend qoyurlar, əməliyyat edirlər, açıq ürək əməliyyatı və s. Bu müalicə imkanları artıq bizdə var axı. Amma əvvəllər yoxdu. Banqladeşdə də belə imkanlar olsa, onlar da bu problemdən ölməzlər. Onlarda o xidmət yoxdur, ona görə də həmin xəstəliyi sağalda bilmirlər. 

O, xəstəliklərin qidalanma ilə əlaqəsini də izah edib:

“Onu deyə bilərəm ki, yaxşı qidalanan insanlarda xəstəliklər gec yaranır. Məsələn, Avropada yaşayanların ən böyük problemi xərçəngdir. Çünki onlar qızardılmış əti çox yeyirlər. Amma asiyalılar qızardılmış ət az yeyir”.