"HAZIRDA ELMAR MƏMMƏDYAROVUN İŞİNİ MÖVLUD ÇAVUŞOĞLU GÖRÜR"

Baxış sayı:
6937

Nəzakət Məmmədova: "Bu gün "Bolton planı"nın müzakirəsi və reallaşması inandırıcı deyil" Məhəmməd Əsədullazadə: "Kremlin mətbəxində hazırlanan bu cür təxribat xarakterli yazılarda əsas məqsəd Paşinyana təzyiq mexanizmini hazırlamaqdır" Rusif Məmmədsoy: "Əgər belə bir danışığın olduğu öz təsdiqini taparsa, bu zaman Paşinyan hakimiyyətinin sonu olar" Turan Rzayev: "Əgər ABŞ Dağlıq Qarabağ münaqişəsini sonlandırmaq istəyirsə, deməli, daha böyük münaqişə yaradaraq regiondan tampon bölgə kimi istifadə etmək istəyir" Kənan Paşayev: "Bu xəbər Paşinyanla "Qarabağ klanı" arasındakı radikal mübarizəni daha da dərinləşdirmək üçün məqsədli şəkildə yazılmış ola bilər" Bugünlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevi "onun təklif etdiyi formulu qəbul etməyə və Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə şərait yaratmağa" çağırıb. O, qeyd edib ki, istənilən həll variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. "Biz bu formulu həyata keçirmək üçün birlikdə işləməliyik" deyən Paşinyan bildirib ki, Azərbaycanın ali hakimiyyəti öz mövqelərində qalır və Qarabağ məsələsinin müstəsna olaraq Azərbaycan xalqı üçün məqbul həllinə can atır: "Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti münaqişəni həll etmək niyyətində deyil. Bunun əvəzində onlar Dağlıq Qarabağ xalqına qalib gəlmək istəyirlər. Onlar kompromisə getmək istəmirlər". Məmmədyarov Paşinyanın yalanlarına sərt formada cavab vermək əvəzinə, Qarabağ münaqişəsinə aidiyyatı olmayan mövzuda çıxış edib Onu da nəzərinizə çatdıraq ki, Ermənistanın baş naziri ənənəvi ampluasından çıxış edərək, bu dəfə də Azərbaycanın ünvanına yalan, böhtan xarakterli fikirlər səsləndirib və bu yolla ölkəmizi təcavüzkar qismində təqdim etməyə çalışıb. Məsələn, Azərbaycanın Dağlıq Qarabağı sovet vaxtındakı statusla geri qaytarmaq istədiyini vurğulayan Paşinyanın sözlərinə görə, bunlar boş yerə edilən cəhdlərdir: "Çünki Dağlıq Qarabağ xalqı öz müqəddaratını təyin etmə hüququndan istifadə edərək, qanuni şəkildə müstəqilliyini elan edib. Eyni şeyi Azərbaycan xalqı da edib. Bakının indiki mövqeyi isə SSRİ-nin bərpası ideyasına bərabərdir. Azərbaycan Qarabağ məsələsində kompromisə getməməklə göstərir ki, münaqişənin həllinə yox, 1990-cı illərdə və 2016-cı ildə uğursuzluqla başa çatan Qarabağ xalqına qarşı təcavüz cəhdlərinə görə intiqam almağa çalışır. Azərbaycan Qarabağ münaqişəsini Ermənistanla Azərbaycan arasındakı ərazi problemi kimi görür. Biz bununla razı deyilik. Söhbət əsrlərlə əcdadlarının yaşadıqları kimi öz vətənlərində yaşamaq istəyən insanlardan, qadınlardan, kişilərdən gedir. Azərbaycan hakimiyyəti isə təəssüf ki, həmin insanlarla danışmaq istəmir. Çünki onları yalnız ərazi maraqlandırır. Daha doğrusu, insanlarsız ərazi". Məsələnin maraqlı, daha doğrusu, üzücü tərəfi ondadır ki, həmin tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Paşinyanın yalanlarına adekvat, daha sərt formada cavab vermək əvəzinə, Qarabağ münaqişəsinə yaxından-uzaqdan heç bir aidiyyatı olmayan mövzuda çıxış edib. "ABŞ-ın hazırladığı məkrli plana əsasən Ermənistan-Azərbaycan münaqişəsi yenidən alovlanmalıdır" Bu arada, Qarabağ münaqişəsindən söz düşmüşkən, bugünlərdə Rusiyanın "Nezavisimaya qazeta" nəşrində bu barədə olduqca ilkin yazı dərc olunub. Belə ki, virtualaz.org-un yaydığı informasiyaya görə, erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc edilən məqalədə Paşinyanın "Qarabağı satmaq" planları haqda danışılır. Bildirilir ki, onun vəzifələrindən biri öz adamı Mais Mailyanı Dağlıq Qarabağdakı qondarma rejimdə hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana təhvil verməkdir. "Bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 5 rayonunun əvəzində 5 milyard dollar almağa razılıq verib" deyə məqalədə qeyd olunub. Müəlliflər onu da bildirirlər ki, ABŞ-ın Ermənistandakı əsas hədəflərindən biri də 102-ci Rusiya hərbi bazasıdır: "ABŞ bununla bağlı məkrli plan hazırlayıb, həmin plana əsasən Ermənistan-Azərbaycan münaqişəsi yenidən alovlanmalıdır. Döyüş əməliyyatları başlasa və Rusiya KTMT üzvü kimi müdaxilə etsə Ermənistan rəhbərliyi iddia edə bilər ki, Rusiyanın hərbi iştirakı arzuolunan deyil". Qəzet əlavə edir ki, əgər Rusiya ABŞ-ın təşkil etdiyi münaqişəyə qarışsa amerikalılar yeni qaynar nöqtədən istifadə edəcəklər və bütün mümkün olanı edəcəklər ki, Rusiya ciddi şəkildə bu müharibəyə uzun müddətli cəlb olunsun: "Ona görə də maksimum tədbirlər görmək lazımdır ki, Amerika şantajı işləməsin və Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlamasın". ""Nezavisimaya qazeta"da deyilənlər məxfi məlumatlara çıxışı olmayan bir şəxsin fikirləri olduğundan ehtimaldan o yana gedə bilmir və etibarlılığı şübhə doğurur" Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova "Nezavisimaya qazeta"da yayımlanan məqalənin erməni politoloqun fərziyyəsi olduğunu vurğulamaqla yanaşı, qeyd etdi ki, ortada konkret faktlar, tutarlı arqumentlər olmadığı üçün məsələyə qiymət vermək çətindir: "Çünki bu deyilənlər məxfi məlumatlara çıxışı olmayan bir şəxsin fikirləri olduğundan ehtimaldan o yana gedə bilmir və etibarlılığı da şübhə doğurur. Bu səbəbdən də həmin məqalədə qeyd olunanları ciddi qəbul edə bilmərik. Lakin ehtimal kimi mümkündür və deyilənlərdə ağlabatan bəzi məqamlar var. Belə ki, ABŞ və Rusiyanın münaqişəni qızışdırması yenilik deyil. Eyni zamanda, 5 rayonun qaytarılması məsələsi də müzakirə olunub. Ancaq bunun əvəzində 5 milyard dolların alınması bir o qədər də inandırıcı deyil. Düzdür, erməni tərəfi bunu arzulaya bilər. Çünki həddən artıq kasıbdırlar, büdcələri boşdur. Ona görə də mümkündür ki, erməni tərəfi bu fikrə düşsün. Amma Azərbaycanın buna razılıq verib-verməyəcəyini demək məsuliyyət tələb edir". Hazırda Con Boltonun planının gündəmdə olmadığını deyən politoloqun sözlərinə görə, həmin planda əksini tapan məqamlar müzakirə olunmuş ola bilər: "Lakin bu gün ortada konkret nəticə yoxdursa, deməli plan iflasa uğrayıb. Digər tərəfdən, artıq planın müəllifi Bolton istefaya gedib. Bu isə o deməkdir ki, artıq həmin plan gündəmdən çıxıb. Odur ki, bu gün "Bolton planı"nın müzakirəsi və reallaşması inandırıcı deyil". "Elmar Məmmədyarovu xarici işlər naziri postuna layiq bilmirəm" Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həmin tədbirdə səsləndirdiyi fikirlərə adekvat cavab verməməsinə gəlincə, Nəzakət Məmmədova qeyd etdi ki, XİN rəhbərinin fəaliyyəti qənaətbəxş sayıla bilməz: "Elə bir insan söhbət gedir ki, o, heç vaxt qarşı tərəfə tutarlı şəkildə cavab verməyib. Hər halda biz bunu görməmişik. Odur ki, burda qeyri-adi bir şey yoxdur. Ondan gözlənilən məhz bu, idi. Bəlkə də Elmar Məmmədyarov böyük diplomatdır və danışıqlarda böyük işlər görür, amma onun fəaliyyətinin heç bir nəticəsini, xarici siyasətdə irəliləyiş görmürük. Buna görə də onun fəaliyyəti qənaətbəxş sayıla bilməz. Hər halda insanlar onun fəaliyyətindən narazıdır". Elmar Məmmədyarovu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə müqayisə edən politoloqun fikrincə, bu gün Məmmədyarovun işini Çavuşoğlu görür: "Yəni Məmmədyarovun görməli olduğu işi - ermənilərin cavabını verməyi, onları susdurmağı Türkiyənin xarici işlər naziri edir. Ümumiyyətlə, əgər demokratiyadan söhbət gedirsə, o zaman xarici siyasət cəmiyyətə açıq olmalıdır. Yəni müəyyən məlumat verilməli, mühüm məsələlərdə cəmiyyətin mövqeyi, onun dəstəyi nəzərə alınmalıdır. Lakin bunların heç biri nəzərə alınmır. Sanki Məmmədyarov hansısa bir utopik dövlət üçün çalışır. Çavuşoğlu isə ondan daha çox Azərbaycanın xarici işlər naziri funksiyasını yerinə yetirir. Bu səbəbdən də Elmar Məmmədyarovu xarici işlər naziri postuna layiq bilmirəm". "Geniş auditoriyaya təsir mexaniziminə malik olan bir qəzetdə Qarabağla bağlı məsələnin verilməsi Rusiya Xarici İşlər Nazirliyinin planıdır" Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Rusiya mətbuatında Paşinyan iqtidarına qarşı belə bir informasiyanın verilməsi əsasən ona qarşı xalqın etirazını formalaşdırmaqdır: "Aydındır ki, Rusiya bütün rıçaqlar vasitəsiylə çalışır ki, inqilab adlanan hakimiyyəti devirsin. Geniş auditoriyaya təsir mexaniziminə malik olan bir qəzetdə Qarabağla bağlı məsələnin verilməsi əsasən Rusiya Xarici İşlər Nazirliyinin planıdır. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında belə sövdələşmə mümkün deyil. Heç Rusiya da Ermənistanın buna razılıq verməsinə imkan verməz. Sadəcə çalışılır ki, Qarabağ üzərindən Paşinyana təzyiq edilsin və o torpaqları pulla satmaqla tənqid olunsun". Bunun Rusiyanın ənənəvi hücum və şantaj taktikası olduğunu vurğulayan politoloq hesab edir ki, Kremlin mətbəxində hazırlanan bu cür təxribat xarakterli yazılarda əsas məqsəd problemə erməniləri kütləvi surətdə cəlb etməklə Paşinyana təzyiq mexanizmini işləyib hazırlamaqdır: "Beş rayon əvəzinə 5 milyard dollar məbləğin ödənilməsi məsələsi sadəcə uydurmadır. Rəsmi Bakı buna getməz. Burada məqsəd Ermənistan siyasi elitasında parçalanma yaratmaqdır. Azərbaycan təbii ki, istənilən yolla ərazilərin azad edilməsində maraqlıdır. Amma bu informasiya həqiqəti əks etdirmir və Moskvanın Paşinyana demarşıdır. Belə tirajların verilməsiylə erməni cəmiyyətində Paşinyana torpaqları pulla satan şəxs yanaşması ortaya çıxacaq və ona etimad daha da aşağı düşəcək. Göründüyü kimi, Moskva hər vəchlə regionu nəzarətdə saxlamağa çalışır və işğalın davam etməsində maraqlıdır". "ABŞ-ın maraq dairəsindədir ki, Ermənistan və digər Cənubi Qafqaz ölkələrində Rusiyanın təsiri azalsın" "Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Rusif Məmmədsoy isə bu qənaətdədir ki, zərərçəkən dövlət kimi təzminat almalı olan tərəf Ermənistan deyil, məhz Azərbaycandır: "Digər tərəfdən, inandırıcı deyil ki, Ermənistan belə bir riskli addım alsın. Hansı ki, əgər belə bir danışığın olduğu öz təsdiqini taparsa, bu zaman Paşinyan hakimiyyətinin sonu olar. Həm "Qarabağ klanı", həm də Rusiya Paşinyan və hökumətini Petrosyanın aqibəti ilə üz-üzə qoyar. Con Boltona gəldikdə isə nəinki təkcə Con Boltonun, ümumilikdə ABŞ-ın maraq dairəsindədir ki, Ermənistan və digər Cənubi Qafqaz ölkələrində Rusiyanın təsiri azalsın. Əslində, olduqca maraqlı ssenaridir. Təsəvvür edək ki, Azərbaycan tərəfi hücum edir, üstünlük əldə edir. Hansı ki, heç kimin şübhəsi yoxdur ki, Azərbaycan Silahlı Qüvvələri az bir müddətdə bu işin öhdəsindən gələ bilər. Bu zaman KTMT üzvü kimi Rusiya müdaxilə edər və Ermənistan bunun arzuolunan olmadığını qeyd edər. Bu birbaşa iki ölkə arasındakı münasibətlərə son qoyar. Təbii ki, əgər belə bir danışıq olubsa. Lakin bu danışıq gerçək olarsa belə, hadisələr heç bir halda bu cür cərəyan edə bilməz. Məsələnin əsas tərəfi isə bundan ibarətdir ki, Azərbaycan torpaqlarının 20 faizini, yəni Dağlıq Qarabağ və ətraf rayonlar olmaqla 11 rayonunu itirib. Bizə təklif edilən 5 rayonla hesab edirəm ki, barışa bilmərik. Əks halda yerdə qalan 6 rayon üçün də 30 il daha gözləməli olarıq". "Ermənistan təkbətək müharibədə Azərbaycana qarşı şansı olmayacağını yaxşı bilir, bu baxımdan, hələ uzun illər biz Rusiyanın bu ölkədə varlığını görəcəyik" "Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Turan Rzayev isə "Hürriyyət"ə bildirdi ki, bəhsi keçən xəbər reallığa əsaslanmır: "Düşünürəm ki, bu və bu kimi bəyanatlar özlüyündə başqa nüansları ehtiva edir. Birincisi, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasındakı münaqişə olmaqdan çıxıb. Məsələ qlobal müstəvidə böyük güclərin maraq dairəsindədir və məsələnin kilit açarı Rusiyadadır. İkincisi, Ermənistanın Dağlıq Qarabağı hansı vəhşiliklər, hansı yollarla işğal etdiyini hər birimiz bilirik. Hər nə qədər Dağlıq Qarabağ işğal faktoru olsa da, Ermənistan tərəfi bu işğalı qan bahasına edib. Odur ki, qanla alınan torpağı pulla satmazlar. Gəlin, düşmənimizi bir az yaxşı tanıyaq. Üçüncüsü, Con Boltonun belə bir planı varsa, gəlin düşünək, bu ABŞ-ın maraqlarına nə dərəcədə uyğundur. Bu cür yanaşmağıma səbəb odur ki, ABŞ mənfəəti olmasa heç kəsə yardım etməz. Yəni əgər ABŞ Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsini sonlandırmaq istəyirsə, deməli, daha böyük münaqişə yaradaraq bu regiondan tampon bölgə kimi istifadə etmək istəyir. Dördüncüsü, 102-ci Rusiyadan çox Ermənistana gərəkdir. Ermənistan təkbətək müharibədə Azərbaycana qarşı şansı olmayacağını yaxşı bilir. Bu baxımdan, hələ uzun illər biz Rusiyanın bu ölkədə varlığını görəcəyik". "Bu yazının erməni ictimaiyyəti arasında yayılması xalqla Paşinyan iqtidarı arasında kəskin qarşıdurma yaradacaq" Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev də hesab edir ki, "Nevasizimaya qazeta"nın dərc etdiyi məqalədəki məlumatların nə dərəcədə reallığı əks etdirdiyini demək çətindir: "Ola bilsin ki, həmin yazının müəllifləri bu yazını sifarişli şəkildə yazıblar. Belə ki, bu yazının erməni ictimaiyyəti arasında yayılması xalqla Paşinyan iqtidarı arasında kəskin qarşıdurma yaradacaq. Xüsusilə Paşinyanın Dağlıq Qarabağda öz adamı Mais Mailyanı qondarma rejimin rəhbərliyinə gətirmək istəməsi barədə yazıdakı məlumat diqqətimi çəkdi. Paşinyanın həqiqətən belə bir niyyəti olsa belə, bunu etməsi çox çətindir. İlk öncə ona görə ki, Paşinyanın bunu etmək üçün gücü və dövlətdə dayağı yoxdur". Onun fikrincə, bu xəbər Paşinyanla "Qarabağ klanı" arasındakı radikal mübarizəni daha da dərinləşdirmək üçün məqsədli şəkildə yazılmış ola bilər: "Yazıda erməni XİN Zöhrab Mnatsakanyanın 5 milyard dollar qarşılığında 5 rayonu geri qaytaracağı ilə bağlı məlumatı da düzgün hesab etmirəm. Çünki bu yalnız Xarici İşlər Nazirindən asılı olan bir proses deyil. Bu barədə yazılmasının səbəbi az əvvəldə qeyd etdiyim kimi, xalqın Paşinyan hökümətindən narazılığını artırmaqdır. ABŞ-ın Azərbaycanla Ermənistan arasında müharibəni yenidən alovlandırmağa çalışması xəbərin ən diqqət çəkən və önəmli məqamdır. Bu barədə yazıda Ermənistan hökümətinin KTMT-dən imtina edərək bu yolla Rusiyanın mühribəyə müdaxilə etməsini qəbul etməyəcəyinin yazılması yazının sifarişli olduğuna dair şübhəni daha da artırır. Doğrusu, mən ABŞ-ın belə bir planı olduğuna inanmıram. Con Boltonun belə bir fikri var imişsə belə, artıq bunu reallaşdırması mümkün deyil". Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org