Bazarlarda payız bolluğu: Hansı meyvələr ucuzlaşacaq? - Siyahı

“Azərbaycanda payız fəslində bəzi meyvələrin bolluğu müşahidə olunacaq. Bütün mövsümlərdə olduğu kimi bu mövsümdə də bazarda əsas rolu alma oynayacaq”.
Bunu “Yeni Sabah”a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib.
O, bu payızın ən bol və ucuz meyvələrini sadalayıb:
“Payız mövsümü kənd təsərrüfatını sonuncu mərhələsi sayılır. Yəni artıq tez yetişən bütün sortlar yığılıb bazardadır. Sentyabr ayının birinci 10 günlüyündən sonra isə gec yetişən sortların yığımı başlayacaq. Bütün mövsümlərdə olduğu kimi bu mövsümdə də bazarda əsas rolu alma oynayacaq. Alma həm gəlirli, həm də əhalimizin ən çox istehlak etdiyi meyvə olduğuna görə, buna maraq var. Son illər alma bağlarının sürətlə artdığını müşahidə edirik. Hər il 300-500 hektaerdan çox alma bağı salınır. Hər il təxminən 275 min tondan çox alma istehsal olunur . Bilirsiniz ki, bu mövsümdə ən əlçatan ən ucuz meyvə alma olur. Almadan sonra bu il ən bol meyvə nar olacaq. Nar ağacları üçün iqlim bu il olduqca əlverişli keçib, onun hardasa bizdə əkin sahələri 11 min hektardan çoxdur. Bu onu deməyə imkan verir ki, bu il bağlarda nar boldur. Keçən il nar tələbatdan aşağı istehsal olunmuşdu, səbəb bitki mühafizə tədbirlərinin vaxtında keçirilməməsi idi. Nəticədə məhsulların 30-40 faizinə ziyan dəymişdi. Amma bu il həm xırda, həm də böyük təsərrüfatlarda bitki mühafizə tədbirləri vaxtında həyata keçirildiyinə görə bağlarda məhsul boldur. Üçüncü ən bol meyvə yəqin ki, xurma olacaq. Qlobal ərzaq bazarlarına gedən meyvələr içərisində xurma getdikcə strateji məhsula çevrilir. Ona görə bizdə də xurma bağlarının sayı getdikcə artır. Xüsusən, bazarlarda onun şişburun sortuna üstünlük verirlər. Keçən il xurma ixracda kənd təsərrüfatında 2-ci yerdə qərarlaşmışdı. Bu il də yəqin ki, ikincilik mövqeyini qoruyacaq.
Daha sonra isə üzüm gəlir. Üzüm bağlarının sahəsi 16 min hektarı ötüb. Xüsusən, texniki üzüm sortlarına böyük maraq var. Şabran, Siyəzən, Şamaxı, Gəncə və cənub istiqamətində üzüm bağları xüsusən artıb. Mən sizə deyim ki, üzüm digər meyvələrə nisbətən daha ucuz və əlverişli qiymətlərlə bazara girib. Hazırda üzümün topdan satışı 30-40 qəpik arasında dəyişir və bazarda hardasa 70-80 qəpiyə satılır.
Artıq hardasa oktyabr ayının ilk 10 günlüyündə sitrus meyvələrinin yetişdiyini müşahidə edəciyik. 2007-2008-ci illərdə bağları don vurduğu üçün və sitrus meyvələri də gec məhsula düşdüyü üçün (7-8 ilə düşür) oktyabr, noyabr aylarında yerli malları bazarlarda görə biləcəyik”.
Ekspert bazardakı bolluğun qiymətlərə təsirindən də danışıb:
“Biz deyirik ki, keyfiyyətli məhsulları ucuz qiymətə alaq, bu heç bir yerdə yoxdur. Keyfiyyətli məhsul daim baha olur, orta və ortadan biraz aşağı keyfiyyətli məhsul isə ucuz qiymətə olur. Hətta bazarda ən münasib qiymətli meyvə olan almanın da bahalı növləri var. İstehsalçı həm əhalinin gəlirli, həm də daha az gəlirli əhali təbəqəsi üçün məhsul əkir ki, hər iki təbəqəni əlində saxlaya bilsin”.