​“Myanmada etnik təmizləmə aparılır” - BMT

Myanmada rohinca müsəlmanlarına qarşı zorakılıq etnik təmizləmə hesab oluna bilər.
Bunu BMT-nin insan hüquqları üzrə komissarı Zeid Raad əl-Hüseyn bu gün Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında deyib.
O bildirib ki, Myanmada hökumət insan haqları üzrə müşahidəçiləri ölkəyə daxil buraxmadığına görə hadisələr barədə müfəssəl məlumat almaq mümkün deyil. Lakin vəziyyət barədə əldə edilmiş bütün məlumatlar baş verənlərin əsl etnik təmizləmənin nümunəsi olduğunu göstərir: “Vəziyyət sanki etnik təmizləmələr haqqında dərslikdəki təsvirlərdən götürülüb”.
Z.R.əl-Hüseyn ölkə rəhbərliyini rohincalara qarşı “sərt hərbi əməliyyatları” dayandırmağa, güc tətbiqinə görə cavabdehliyi öz üzərinə götürməyə və diskriminasiyaya son qoymağa çağırıb.