Müsavat seçki islahatları mövzusunda Dəyirmi Masa keçirəcək

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya daxil olan məlumata görə bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.
Divan üzvü Razim Əmiraslanlı XX əsrin sonunda milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatı münasibəti ilə Fəxri Xiyabanda onun məzarının ziyarət mərasimi barədə məlumat verib.
Divanda Müsavat Partiyasının qərargahında tanınmış jurnalist, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin qanunsuz həbsi ilə bağlı keçirilmiş müdafiə yığıncağı barədə məlumat dinlənilib. Mehman Əliyev və digər siyasi məhbusların müdafiə işinin daha səmərəli təşkili barədə müzakirələr aparılıb.
İclasda 19 sentyabr 2017-ci il tarixdə saat 16:00-da Müsavat Partiyasının qərargahında seçki islahatları mövzusunda siyasi partiyaların, ictimai birliklərin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə Dəyirmi Masanın keçirilməsi qərara alınıb.
Ayrı-ayrı Divan üzvlərinə və müavinlərə rayon təşkilatlarında konfransların keçirilməsi işinin sürətləndirilməsi tapşırılıb.
Müsavat Partiyası Xızı rayonunda yerləşən silah anbarında baş vermiş partlayışın səbəblərinin ciddi araşdırılmasını, günahkar şəxslərin cəzalandırılmasını və bu barədə ictimaiyyətə məlumat verilməsini tələb edib.
Sonda cari məsələlərə baxılıb.