Müsavat AKM Mehman Əliyevin həbsinə etiraz olaraq mitinqlərə başlayır

Müsavat Avropa Koordinasiya Mərkəzi Turan Agentliyinin direktoru Mehman Əliyevin həbsinə etiraz olaraq yaxın günlərdə Avropanın böyük şəhərlərində və beynəlxalq təşkilatların qərargahları önündə mitinqlər keçirəcək.
Bu barədə "Amerikanın Səsi"nə Müsavat AKM-in rəhbəri, “Mehman Əliyevə azadlıq!” Komitəsinin üzvü İlham Həsən bildirib
Onun sözlərinə görə, ilk mitinq sentyabrın 9-da Nürnberq şəhərində olacaq.
“Növbəti mitinqlər Avropa Surasının və Avropa Parlamentinin önündə olacaq. Mitinqlərlə yanaşı, parlamentarilər ilə görüşlər də planlaşdırırıq”, o qeyd edib.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Əliyevə qarşı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev istintaq orqanının təqdimatı əsasında Mehman Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
İlham Həsənov