Məşhur erməni terrorçunu kim qətlə yetirib? - “258 SAYLI PİYADA DÖYÜŞ MAŞINININ EKİPAJI” sənədli filmi “Turan”ın təqdimatında / VİDEO

Baxış sayı:
9223

 
1993-cü ildə Azərbaycan döyüşçüləri tərəfindən qətlə yetirilən məşhur erməni terrorçusu Monte Melkonyanın ölümü ilə bağlı hələ də ziddiyyətli fikirlər səsləndirilməkdədir.
Muxalifet.az xəbər verir ki, Azərbaycanın Milli qəhrəmanı İbad Hüseynov 12 il sonra Melkonyanın onun tərəfindən qətlə yetirildiyini və hətta onun kəsilmiş başı ilə şəkil çəkdirdiyini iddia etsə də, bu fikrin əksini iddia edənlər də var.
“Turan” İnformasiya Agentliyinin 2 gün əvvəl təqdim etdiyi “258 PDM ekipajı” adlı sənədli filmdə  Azərbaycan ordusunun polkovniki Xətayi Baxışov iddia edir ki, İbad Hüseynovun həyatından bəhs edən filmdə yanlışlığa yol verilib, çünki M.Melkonyan onun tərəfindən deyil, 708-ci briqadanın ikinci motoatıcı alayının döyüşçüləri tərəfindən qətlə yetirilib. Onun sözlərinə görə, erməni terrorçu 2 iyun 1993-cü ildə Mərzilidə gedən döyüşdə Rizvan Məmmədvəliyevin komandiri olduğu PDM-1 ekipaj tərəfindən öldürülüb.
Qeyd edək ki, məlum sənədli filmdə 1993-cü ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin birinci müavini vəzifəsini daşıyan Sülhəddin Əkbər, sabiq MTN əməkdaşı Ərəstun Oruclu və digər keçmiş hərbi qulluqçular da İbad Hüseynovun fikirlərini təkzib edərək, Melkonyanın Muğanlı kəndində deyil, Mərzilidə qətlə yetirildiyini bildiriblər. Üstəlik, erməni terrorçunun dəfinindən yayılan fotolarda da onun meyiti nümayiş olunub və basdırılarkən başı yerində olub.
Bu baxımdan, ümumi qənaət belədir ki, İbad Hüseynovun paylaşdığı kəsik basin sahibi Monte Melkonyan yox, ona bənzəyən hansısa erməni terrorçusudur.
Sözügedən sənədli filmdə, bütün bunlarla yanaşı, AXC hakimiyyəti dönəmində yaşanan daxili çəkişmələr, xüsusən də Surət Hüseynovun həyata keçirdiyi iyun qiyamı ilə bağlı ciddi faktlar təqdim olunduğundan, həmin filmi Muxalifet.az-ın oxucularına təqdim edirik. Güman edirik ki, bu film AXC hakimiyyəti dönəmində baş verən bir sıra hadisələrə kifayət qədər aydınlıq gətirir. Buyrun, izləyin:


Xətayi Baxışov keçmiş döyüşçülərlə


708-cir briqadanın döyüşçüləri

İbad Hüseynov kəsilmiş başla


Monre Melkonyan