Moldova polisi velosipedlə xidmət aparacaq

22 asayiş keşikçisi müvafiq imtahanı uğurla keçib
 
Yaxın vaxtlarda Moldovanın paytaxtı Kişinyovda polis əməkdaşları velosipedlə patrul xidmətinə başlayacaq.
Bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəisi Aleksandru Pınzar məlumat verib.
O, əlavə edib ki, 22 polis əməkdaşı lazım olan imtahandan müvəffəqiyyətlə keçib. A.Pınzar yeni missiyalarında ictimai təhlükəsizliyi qoruyacaq asayiş keşikçilərinə uğurlar arzulayıb.
Velosipeddə patrul xidməti aparacaq polislər dəbilqə və xüsusi avadanlıqlarla təchiz olunublar. Sözügedən layihə ABŞ-ın Moldovadakı səfirliyinin dəstəyilə həyata keçirilib.