“Mənə Albaniyada belə təzyiq olmamışdı” - BAŞ MƏŞQÇİ

Baxış sayı:
3505

“Kukesi”nin baş məşqçisi Armando Kunqu Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin qarşısına çıxan kapitanı Yuli Şameti ilə çıxan 45 yaşlı albaniyalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda düşüncələrini bölüşüb. 

A.K: Sabahkı matç bizim üşün asan olmayacaq. Bizi çətin məqamlar gözləyir. Matça ciddi hazırlşamışıq. Futbol sürprizləri sevən oyundu. Nəticə qazanmaq üçün maksimumu etməyə çalışacağıq.

Y.Ş: Bizi sabah çətin oyun gözləyir. Bu, həm də rəqib meydanında çıxış etməyimizlə bağlıdı. İlk oyunda yaxşı nəticə əldə etdiyimizi düşünürük. Cavab matçında ən yaxşısını etməyə çalışacağıq.

 
- Oyunsonrası penaltilər seriyasına hazırlaşırsınız, yoxsa məsələni 90 dəqiqəə həll etməyi düşünürsünüz?

A.K: Futbolda nəticəni əvvəldən bilmək olmaz. Əlbəttə, hər şeyin 90 dəqiqədə həll etməsini istəyirik. Ancaq penaltilərə də hazırlaşmışıq.
 
- Komandanın futbolçuların yarısının Bakıya başqa reyslə gəlməsi haqda xəbərlər dolaşır. Bu haqda nə deyə bilərsiniz?

A.K: Təbii ki, belə halın yaşanmağı xoş deyil. Bu, viza problemlərinə görə oldu. Çünki Azərbaycan Kosovonun müstəqilliyini tanımır və bu üzdən viza alaraq həmin ölkənin oyunçularını bura gətirə bilmədik. Siyasi hadisələrin iştirakçısı olmasını istəməzdik. Ancaq əsas odur ki, komanda şəklində burdayıq və nəticə qazanmağa çalışacağıq.
 
- İki futbolçunuzu "Kukesi"nin sabiq baş məşqçisi Mladen Milinkoviç "Keşlə"yə gətirmək istəyir, hətta Bakıda onlarla görüşüb. Bunu necə şərh edərdiniz?

A.K: Bu haqda tam məlumatım yoxdu. Futbolda hər şey ola bilər. Ancaq bu haqda düşünmək istəmirəm. Ola bilər ki, gizli şəkildə danışıqlar gedir. Məndə rəsmi məlumat yoxdu.
 
- "Kukesi" ev oyununda tam müdafiə olundu, çox az hücum etdi. Sabah da komandanızdan belə futbolu görə biləcəyik?

A.K: Burda maraqlı məqam var. Evdəki oyunda media tərəfdən təzyiq yox idi. Ancaq burda görürəm ki, azərbaycanlı jurnalistlərin suallarıyla bizə təzyiq olur və bu, məsuliyyətimizi artırır. Maksimum ağıllı, səbirli oynamalıyıq. Nəticə qazanmağa çalışacağıq. Futbolda 80 dəqiqə uğurlu oynayıb, bir səhvlə hər şeyi məhv edə bilərsən.
 
- Sabahkı oyuna 15 mindən çox bilet satılıb. Güclü azarkeş dəstəyi sizə əlavə çətinlik yaratmayacaq?

A.K: Futbolçular buna hazır olmalıdı. Çünki hamısı peşəkardı. Bundan daha çox azarkeş olan stadionda oynamışıq. Futbolçu kimi də belə ab-havada olmuşam. Rəqibin meydanında azarkeş çoxluğu baxımından problemimiz yoxdu. 
 
- Məlumdu ki, "Kukesi" çempion deyil, UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılan "Skenderbeu"nun əvəzinə çıxış edir. Sabah uğursuzluq olsa, bu, əsas səbəblərdən biri olacaq?

- 6 ildi avrokuboklarda uğurlu çıxış edirik, mərhələlər adlamışıq. Bu baxımdan bizim üçün ÇL-də oynamaq qeyri-adi hal deyil. Burdayıqsa, hörməti haqq edirik. ÇL-də "Qarabağ" kimi komandaya qarşı oynamağımız bizim üçün uğurdu. Avropanın ən nüfuzlu klub turnirində bütün Albaniyanı təmsil edirik.
 
- "Qarabağ"da xüsusi fərlqəndirə biləcəyini, çəkindiyiniz futbolçu varmı?

Y.Ş: Ötən mövsümlə müqayisə etsək, "Qarabağ"ın əvvəlki səviyyədə olmadığı hiss olunur. Onda ÇL-də qrupda güclü rəqiblərə qarşı daha yaxşı oynamışdı. "Atletiko"yla matçları fərqləndirə bilərəm. Hiss olunur ki, bir neçə aparıcı futbolçusu gedib. Ancaq "Qarabağ"a komanda kimi baxırıq. Ona görə hansısa futbolçunun adını çəkməyimiz düzgün olmazdı.