​“Milli Dram Teatrına 30 ilin davamını qurmağa gəldim” – MEHRİBAN ƏLƏKBƏRZADƏ

Baxış sayı:
3342

“Paradoks ondadır ki, kənardan gələn hər hansı yeniliyi ayaq üstə alqışlayırıq...”

“Teatra ancaq əyləncə vasitəsi kimi baxmaq lazım deyil”
 
Müsahibimiz Akademik Milli Dram Teatrının Bədii rəhbəri, rejissor, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadədir. Uzun illər öncədən aparıcı, araşdırmaçı kimi insanların sevimlisinə çevrilən Mehriban xanımla müsahibəmizdə “Azdrama”dakı fəaliyyəti, ümumiyyətlə Azərbaycan teatrının durumu haqda suallara cavab tapmağa çalışdıq.
(Əvvəli bu linkdə:
“Teatr Allah üçün olan bir sənətdir”)
- “Azdrama”ya rəhbər təyin olunmağınız teatrsevərlər üçün sevinclə qarşılandı. Sənət adamları da inanır ki, siz çoxsaylı tamaşaçısı olan “Azdrama”nı əvvəlki səviyyəsinə qaytara biləcəksiniz. Hazırda bu istiqamətdə nə kimi planlarınız var?
- Mən bu teatrda 1986-ci ildən çalışıram. 2010-cu ilə qədər, təxminən 30 ilə yaxın bu teatrda çalışmışam. Sonra on illik gediş oldu. Mən müxtəlif teatrlarda baş rejissor kimi çalışdım. Əvvəl elə başa düşürdüm ki, getməyim düzgün deyil, çünki bura mənim öz ana teatrımdır. Amma getməyimlə Azərbaycan teatrlarına bacardığım qədər öz töhfəmi verib, yardımımı edə bildim. Bağlanmaqda olan "Yuğ" Teatrını ayaq üstə saxladım. Daha sonra Gənc Tamaşaçılar Teatrına getdim. O teatrın çox böyük heyəti var, 80 nəfərdən artıqdır. Bütün heyəti yığaraq, tamaşa hazırladım. Ən xırda, ən kiçik rolları oynaya bilən və ya bilməyən aktyorlara meydan verildi. Çox möhtəşəm tamaşa alındı. Musiqili Teatrda da tamaşa hazırladım. Düşünürəm ki, 10 ilə yaxın müddəti çox səmərəli istifadə etdim.
Yəqin bunlar lazım idi ki, dövr edib, təzədən bura qayıdım. “Azdrama”, yəni Milli Dram Teatrı mənim doğma evim kimidir. Mən öz doğma evimə qayıtdım. Bura 30 ilin davamını qurmağa gəldim. Hansı ki, məqsədimiz, məramımız teatrı doğrudan da ana teatra çevirməkdir. Azərbaycan teatrları içində ən ali mərtəbədə dayanan bu teatrı yenidən həmin o pilləyə qaldırmaqdır. Bunun üçün, dediyim kimi, repertuar siyasətimizdə qüsursuz əsər seçimi var. Bədii şura var. Teatr daxilində studiya yaradırıq. Universitetlərdən seçilən aktyorları da həmin studiyaya gətirərək, bizim teatrın aktyorlarından, teatrımızın korifeylərindən ustad dərsləri almasına şərait yaradacağıq. Onlar bizim ustad sənətkarlarımızla səhnədə yanaşı dayana bilmək təcrübəsi qazanacaqlar. Bu işləri həyata keçiririk. 
Bundan başqa, texniki təchizat anlamında da xeyli dəyişikliklər etdik. Müəyyən işçiləri dəyişdik, daha peşəkar mütəxəsislərin işə cəlb edilməsi işini aparırıq. Başqa ölkələrdən teatrımıza sənətkarların cəlb edilməsi nəzərdə tutulub. Ölkə daxilində, həmçinin xarici ölkələrdən fərqli rejissorların dəvəti nəzərə alınıb. Bu ilin sonunda xaricdən iki rejissor dəvət edəcəyik. Gələn il isə 3 rejissor dəvət etməyi nəzərə almışıq. Əlbəttə, bunların məqsədi Azərbaycan Milli Dram Teatrının daha örnək bir yaradıcılığa sahib olduğunu, nələrə qadir olduğunu göstərə bilməkdir.
- Bir rejissor kimi istədiyiniz nəticəni xarici, yoxsa yerli dramaturgiyadan ala bilirsiniz?
- Mən belə bölüm etməzdim. Ümumiyyətlə, yaxşı dramaturgiya, mükəmməl dramaturgiya və pis dramaturgiya var. Pis dramaturgiyadan danışmaq istəmirəm. Əslində hamı yazır, hamı öz əsərini cilid-cilid göndərir, israrla tamaşanın hazırlanmasını istəyir. Amma onların çoxu unudur ki, bura Akademik Milli Dram Teatrıdır. Dramaturgiya çox çətin janrdır. Hamı yaza bilər, amma dramaturq olmaq çox çətin işdir. Bu teatrda əsasən  qüsursuz repertuar, qüsursuz əsər olmalıdır. Əlbəttə, klassikadan danışmaq, onların əsərlərinə qiymət vermək artıqdır. Çünki onlar klassikadır, mükəmməldir.
Gertsin deyirdi ki: Teatr həyati vacib olan sualların cavab tapdığı yüksək instansiya və məkandır. Dramaturq bizi o məkana cəzb edən məzmundur. Rejissor isə, sözlər arxasında həqiqətlə təxəyyülü birləşdirən Şəxsdir.
Mən xarici dramaturgiya sevən adamam. Çünki universitet illərində hazırladığım səhnə əsərlərinin 99 faizi xarici dramaturgiyaya aid idi. Amma teatrlarda vəziyyət başqadır.
- Reallıq nədir?
- Reallıq odur ki, Azərbaycan tamaşaçısı xarici dramaturgiyaya meylli deyil. Xarici dramaturqun adı onu cəlb etmir. Tutaq ki, mənim çox sevdiyim Artur Miller intellektual dramaturqdur. O, bu gün bizim tamaşaçını heç bir çağırışla, heç bir vədlə, heç bir cazibə qüvvəsilə özünə çəkmir. Amma nə xoş ki, Cəlil Məmmədquluzadə çəkir. Mən Tennisi Uilymsı sevirəm. Bilirəm ki, onun əsərləri özü bir bitkin, kamil daramaturgiya nümunəsidir. Amma Azərbaycan tamaşaçısı onu anlamaq istəməyəcək. Düzdür, yaxşı mənada ən elit tamaşaçı gələcək, bu, zalın yarısı, üçdə biri olacaq. Mən populizmə işləməsəm də, daha çox insanları məşğul edə biləcək, onların ürəyinə, fikrinə, beyinlərinə sirayət edə biləcək müəlliflərin əsərlərilə işləməyə məcburam. Hələ, təbii ki, Şekspirdən danışmıram. Amma çox gözəl dramaturqlar da var ki, onları hələ səhnəyə gətirmək böyük mənada tamaşaçıya soyuq münasibətə çevrilə bilər.  Əlbəttə ki, hər şeyə rəğmən mütləq hazırlanacaq intellektual əsərlər də olacaq.
Mənim arzusunda olduğum ən azı 6-7 əsər var. Tolstoy, Bulqakov, Milleri, Ulyams, Edvard Olbi, Şekspir. Bu müəlliflər bütün teatrlar üçün lazımdır. İllah da Akademik teatrlar üçün lazımdır. Doğrudur, bu milli teatrdır, amma düşünürəm ki, gələcəkdə biz xarici dramaturgiyaya müraciət etməli olsaq, ən azı seçilmiş yüksək dəyərli əsər olmalıdır. Çünki bu Avropa düşüncəsinə transferdir. Əlbəttə ki, bu mənada yunan faciələri xüsusi dəyərə malikdir. Və yunan faciələri Azərbaycan teatrı üçün həmişə maraqlı olub, amma orda bir balaca ehtiyat siqnalı yanır. Yeni dövrdə teatr antik dövrdə mövcud olmuş xəttdən o qədər də kənara çıxmır. Teatr səhnələrinin mövzusu bu ərəfədə naturalizm, dadaizm, ekspressionalizm, sürrealizm, absurdizm və postmodernizm kimi cərəyanların təsirinə məruz qalır. Bəlkə də bu normaldır.
Əsas məsələ kimi, mən düşünürəm ki, bu gün Azərbaycan klassiklərinə yeni baxış mütləqdir. İstər Hüseyn Cavidə, istər Cəfər Cabbarlıya, istər Axundzadəyə və s. Bunlar yeni rejissor, yeni təxəyyül baxışına, yeni oxunuşa, bəlli əsərləri müasir insana maraqlı edə biləcək təsvirə ehtiyac olan əsərlərdir. Mənim yanaşmama gəlincə, müasir teatrda klassika önəmlidir. Və bütün klassik əsərlərə yeni, kreativ yanaşma lazımdır. Klassik əsərlərə sabaha daşımağın yolu ancaq bundadır. Bu gün gənclik nəyi görmək istəyirsə, ona baxır. Biz tək yaşlı nəsillə deyil, yeni nəsillə işləməliyik. Ətrafımızda ancaq nostalji səbəbdən deyil, maraqlı və təxəyyül inkaasına maraq edən gənc tamaşaçılar cəlb etməliyik. Gələcək onlarladır. Və yaxud hazırlanan tamaşanın keçən əsrə aid olması primitivliyindən azad olmalıdır. Və bu təkcə görüntü məsələsi yox, beyinlərdəki sıçrayışa da aiddir. Bunları edə bilsək, gələcəkdə  hədəflərimizə çıxa biləcəyik. 
- Bu vaxta kimi çoxlu tamaşalar hazırlamısınız. Təbii ki, o tamaşaların içində qadın obrazları da çoxdur. Hansı obraz Mehriban xanımın baxışında, onun aləmində özünün prototipi ola bilər?
- Niyə məhz qadın? Mən qadınam, ona görə? Sevib, həsəd  apardığım insan nümunələri var. Bunların da çoxu kişi obrazlarıdır. Bilirsiniz, mən dəfələrlə demişəm ki, bu sənətdə   qadın-kişi yoxdur. Rejissor beyin və intellekt göstəricisidir. Axı rejissorluq fiziki güc, yəni əzələ peşəsi deyil. Mükəmməl fiziki gücə sahib olan kişi rejissor var ki... əslində peşə etibarı ilə rejissuraya aidiyyəti yoxdur. O kişinin rejissor intellekti, duyumu, fəhmi yoxdur. Yəni bu, qadın-kişi peşəsi deyil. Biz burda beyin gücüylə, beyin fırtınasıyla işləyirik. Bunun qadına, kişiyə dəxli yoxdur, bu, beyinlə, ağılla, zəkayla, intellektlə, fantaziyayla bağlı bir peşədir.
Mənim sevdiyim obrazlar daha çox kişi obrazlarıdır. Hərçənd ki, həmkarlarımın 99 faizi kişilərdir. Onlar da mənə bu intellekti, bu ağılı, bacarığı bağışlaya bilmirlər. Bu dünyada hamıya fərqli baxış, fərqli düşüncə, ağıl, düşünmək tərzi verilib. Tutaq ki, ona verilən həssaslığı mənə, mənə verdiyi ağlı, istedadı ona verməyib. Mən üstünlüyü-aşağılığı heç cür qəbul edə bilmirəm. Qadın-kişini də qəbul etmirəm.    
“Qadın rejissurası” deyilən söz var. O sözdən acığım gəlir. Ola bilsin ki, mən qadın obrazlarına qarşı daha həssasam. Bu qədər.   Bütün qəhrəmanlarımı sevirəm. Özümdən də mütləq onlara nəsə əlavə edirəm. Bütün qəhrəmanlarımda məndən nəsə bir parça var. İstər “Mənəm Mən”də, istər “Kod adı V.X.A”da, istər "Qatil”də, istər "Qatar altına atılan qadın"da, istər "Əmir Teymur"da. Lap “Əsrə bərabər gün”də də. İstənilən halda mənim tamaşalarımdan bir parça olmalıdır.
İndi sizə necə gələcək, bilmirəm, qadın deyil, amma bütün tamaşalarımın qəhrəmanlarında - Nəsimidə də, İsgəndərdə də, V.X.A-da, 37-ci qadında da məhz mən idim. "Əsrə bərabər gün"də, Yedigeydə də mən mütləq var idim. 
- Söhbətimizin əvvəlində “bizim millət teatral millət deyil” dediniz. Nəyə əsasən bu qənaətə gəlmisiniz?
- Biz teatra aludə xalq deyilik. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa səndən anacaq iştirakçı olmağı istəyir. Bəlkə bu səbəbdəndir ki, biz teatra hazırlıqlı getmirik. Məsələn, "Kosa-kosa" oyunu bizim üçün əsl teatr örnəyidir. Biz teatra çox zaman əyləncə görməyə gedirik. Biz filmi, konserti, əyləncəni, əylənməyi sevirik. Teatr isə hazırlıq tələb edir. Gəlib 2 saat, 4 saat, yeri gələndə 6 saat oturub rejissorun təqdim etdiyi dünyaya baxmağa ağıl, səbr, istək olmalıdır. Bunların üçü bir yerdə deyil. Bu mənada, “düşünmək və görmək” mənasında biz teatral deyilik. Biz kilimarası, qaragöz teatra, əyləncəyə, oyun-məzhəkə janrında olan əyləncələrə meylli xalqıq. Bilmirəm, bunun qüsurudur, nədir, amma bizim peşənin rakursundan baxanda bu normal deyil.
Mədəniyyətin (Teatrın) fərdiliyinin qorunub saxlanması naminə  teatrlara dövlət qayğısı, dövlətin teatr fəaliyyətini himayə etməsi, teatrı bir kassa olaraq deyil, bir sənət ocağı kimi yaşatmaq fürsətidir. Nə qədər özünü maliyyələşdirmə bizə də tətbiq edilməyib, sənət naminə çalışmaq fürsəti var - deyə dəyərləndirirəm. Qeyd etdim ki, bizdə çox az sayda intellektual tamaşaçıdan başqa, əksər tamaşaçı nəyə meyllidir. Yoxsa  tamaşıçı toplamaq məcburiyyəti bizi sənətdən fərqli məqsədlərə aparacaq.
Mən sizə kiçik bir səyahətimdən danışım. Biz “Cəza” tamaşası ilə böyük bir yol qət etdik. Əvvəlcə Ufaya, sonra Kazana, ordan Fuceyroya (Birləşmiş Ərəb Əmirliyi), ordan Dehli və Kalkutta  (Hindistan), daha sonra Tehrana gəldik… Təbii, Rusiya teatrlarında tamaşaçının teatra necə yanaşmasını bilirsiniz. Ən azından yeni teatra meyllənərək, yeni düşüncə tərzinə maraq göstərirlər, baxırlar, müzakirə edirlər. Onlar teatral xalqdır, aydındır. Yeni nəsil bəlkə də elə olmayacaq. Amma sizə bir şey deyim, Tehrandakı teatral tamaşaçını heç bir yanda görməmişəm. 700 nəfərlik zal dolu idi, 500 nəfər də çöldə dayanmışdı, ikinci, üçüncü “seansı” gözləyirdilər. Bax, teatrallıq budur.
Düzdür, “Kod adı V.X.A” adlı tamaşamda “teatral xalq deyilik” sözünün tam əksini gördüm. Niyə? Çünki tamaşa Azərbaycan teatr tarixində ilk dəfə dörd saatlıq tamaşaya gələn tamaşaçı məni yaxşı mənada təəccübləndirdi. Antraktla nəzərə alsaq, tamaşaçı beş saatını teatra həsr edir. Bu adamlara teatral deməmək mümkün deyil. Çünki iki saatdan sonra gedən tamaşaçı da var, bezir, yorulur, tab gətirə bilmir. Amma bu tamaşada “biz teatral deyilik” sözünü geri götürməyə vadar oldum. “Özü də Kod adı V.X A” ağır tamaşadır, əyləncə adında söhbət, dincəlmək yoxdur. Beyin işləyir. Çünki faktların realığı, inkaasıdır. Amma tamaşaçı baxır və əsas da dəyərləndirir.  
Eynən, "Əsrə bərabər gün" də tamaşaçıdan intellektual yanaşma istəyir. Mütləq öyrənmək istəyi, maarifçiliyə meylilik,  Aytmatov dahiliyinə cigar tələb edir. Amma sonucda  biz əyləncəyə, indi də seriallara daha çox meylli xalqıq. Müasir teatr həyatilik illuziyasından çıxıb, real olanı həyatdan qopardıb, spesfik düşüncəni dağıtmalı... və yenisini yaratmalıdır. Yeni insan baxışını sərgiləməlidir. Bu mənada tamaşaçı hazır olmalıdır.
(Ardı var)
Söhbətləşdi: Fuad BİLƏSUVARLI