Mehman Əliyev azadlığa buraxılır? – Vəkildən açıqlama

Cümə axşamı Mehman Əliyev ilə görüşmüşəm. Həmin görüşdən sonra Mehman müəllimlə görüşüm olmayıb. Onun prezidentə müraciət etməsi barədə məlumatım yoxdur.
 
Bu barədə Teleqraf.com-a həbsdə olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin vəkili Fuad Ağayev deyib. O bildirib ki, Mehman Əliyevin azadlığa buraxılacağı barədə məlumatı mətbuatdan oxuyub.
Qeyd edək ki, bu gün APA-ya “Turan” informasiya agentliyinin baş direktoru Mehman ƏIiyevin həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlaması barədə məlumat yayıb.
Xəbərdə deyilir ki, Qazaxıstandan qayıdandan sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokurorluq-məhkəmə orqanlarına seçilmiş qəti imkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.
Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qəti imkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.
Bu gün Bakı Apelyasiya Məhkəməsində Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin girovla əvəz edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə baxılacaq.
Sentyabrın 6-da Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə Mehman Əliyev girov müqabilində azadlığa buraxılması ilə bağlı ərizə təmin edilməyib. Mehman Əliyev və vəkili Fuad Ağayev həmin qərardan apelyasiya şikayəti verib.