​Maşını oğurlanan şəxs: "Qurban olum, mən bu adamdan şikayətçi deyiləm"

Baxış sayı:
4534

Tanışına hədə-qorxu gələrək maşınını qaçırmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Əliyev Kənan Rasim oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, Kənan Əliyev eyni məhəllədə yaşadığı və uzun müddətdir, tanıdığı Azər Yusubova bıçaqla hədə-qorxu gələrək onun maşınını ələ keçirib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında şahidlər ifadə verib.
Məhkəmədə ilk olaraq şahid qismində Ruslan İsgəndərov ifadə verib. O, deyib ki, zərərçəkmiş Azər Yusubov xalasının oğludur. Onun sözlərinə görə, hadisə günü xalası onlarda olub: "Evə gələndə gördüm ki, xalam bizdədir. Ağlayaraq deyirdi ki, Azərin başına iş gəlib. Mən də soruşdum ki, nə olub? Dedilər Azərin maşınını oğurlayıblar. Azər polisdə idi. Mənim maşınımla polisə getdik. Azər orada ifadə verib çıxdı. Maşını aparan şəxsin məhəllədə yaşayan Kənan olduğunu dedi. Polisdən çıxandan sonra bizə zəng gəldi ki, maşın Goradildədi. Tanış adamlar görüb xəbər elədilər. Mən də Azəri maşına mindirib ora apardım. Maşın məktəbin qabağında idi. Şəklini çəkib polisə məlumat verdik".
Şahidə sual verilib ki, Kənan maşını aparan zaman Azəri bıçaqla hədələyibmi? Ruslan İsgəndərov deyib ki, bıçaq məsələsindən xəbərsiz olub. Amma hakim şahidə xatırladıb ki, istintaqda fərqli ifadə verib: "İstintaqda demisiniz ki, xalanız sizə Azərə bıçaq çəkildiyini, maşının əlindən alındığını deyib. Həmçinin ifadənizdə göstərmisiniz ki, Azər də sənə hadisəni danışanda Kənan tərəfindən bıçaqla hədələndiyini deyib".
Şahid söyləyib ki, Azərə bıçaq çəkilməsi ilə bağlı deyilənləri xatırlamır: "Mən gözümlə görməmişəm. Xalamın və Azərin dediklərini isə dəqiqliklə xatırlamıram".
Zərərçəkmiş Azər Yusibov da ona bıçaq çəkilməsini inkar edib. O, təqsirləndirilən şəxsi bağışladığını deyib: "Cənab hakim, qurban olum, ayağınızın altında ölüm, mən bu adamdan şikayətçi deyiləm".
Digər zərərçəkmiş Azər Nuriyev ifadə verib. O, söyləyib ki, qohumu Azər Yusubovun maşınının oğurlandığını biləndən sonra onlara gedib. Yusubov qeyd edib ki, Azərlə Kənan arasında maşının satılması ilə bağlı danışıq və razılıq olub. Hətta Kənan Azərə 20 manat beh də verib. Amma həmin gün Kənan içkili olub və sonra belə hadisə baş verib.
"Azər mənə zəng elədi ki, Kənan maşını aparıb. Mən özüm də maşın alverçisiyəm. Onlar arasındakı söhbətdən xəbərim var idi. Azər dedi ki, Kənan maşını aparıb. İçkili olduğu üçün narahat olduğunu da söylədi. Daha sonra maşının tapıldığını eşitdim" - deyə şahid söyləyib.
Məhkəmədə məlum olub ki, zərərçəkmiş tərəf Kənanı bağışlayıb. Kənan isə deyir ki, maşını götürən zaman içkili olub və Yusubova bıçaq çəkməyib. Qeyd edək ki, Kənan Əliyev Cinayət Məcəlləsinin 181.2-ci maddəsi ilə ittiham edilir.