“Lotu Quli”nin qətlinə görə tutulanlar məhkəməyə aparıldı - NAMİQ CANIYEVİN ADAMLARIDIR...

Baxış sayı:
8236

“Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlinə görə ötən həftə tutulan 4 nəfər İstanbul Bakırköy məhkəməsinə aparılıb.

Türkiyə mediası xəbər verir ki, onların barəsində prokurorun təqdimatı ilə həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Bu şəxslərin kimliyi açıqlanmır, amma hamısının xarici ölkə vətəndaşları olduqları bildirilir.

İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməliyyatçıları həmin şəxsləri ötən həftə İstanbulda, İzmir, Ərzurum və Kocaelidə eyni vaxtda keçirilən əməliyyat nəticəsində yaxalamışdı. Polisin bildirdiyinə görə, bu şəxslər “Lotu Quli”nin qətlinin təşkilatçıları olublar və cinayətin ardınca qətlin törədildiyi oteldən necə qaçdıqlarına dair videogörüntülər var. Tutulanlar “Lotu Quli”nin qətlinin sifarişçisi hesab edilən, 2018-ci ildə İstanbulda qətlə yetirilmiş “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin adamlarıdır. Namiq Canıyev özü hazırda Türkiyə polisi tərəfindən axtarılır.

Xatırladaq ki, “Rövşən Lənkəranski”nin qətlinin sifarişçisi “Lotu Quli” hesab edilirdi. "Lotu Quli" ötən ilin avqustunda Antalyadakı otellərdən birində "Xan Bakinski" ləqəbli yaxın adamı Xaqan Əhmədov tərəfindən güllələnib, hazırda həbsdədir./virtualaz.org