“BU, KİÇİK SAHİBKARLARI SIRADAN ÇIXARACAQ...” – Deputat təhlükə barədə xəbərdarlıq edir

Azərbaycanın aqrar sektorunda illərdir tətbiq olunan vergi güzəştləri sistemi yenidən müzakirə predmetinə çevrilib. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəətinin 10 faizinin vergiyə cəlb olunması nəzərdə tutulur. Lakin bu təşəbbüs parlamentdə və ekspert dairələrində ciddi narahatlıqla qarşılanıb.
Xatırladaq ki, indiyə qədər aqrar sektorun dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçıları əsas vergi növlərindən azad olunmuşdular. Yeni dəyişiklik isə sahədə yeni maliyyə öhdəlikləri və nəzarət mexanizmləri deməkdir.
Milli Məclisdə müzakirələr zamanı məsələyə münasibət bildirən iqtisadçı deputat Əli Məsimli sözügedən müddəanın qanun layihəsindən çıxarılmasını təklif edib. O, bildirib ki, aqrar sektorda vergi güzəştlərinin ləğvi fermerlərin üzərinə əlavə maliyyə yükü qoymaqla yanaşı, dövlət orqanlarının bu sahəyə müdaxiləsini və sərt vergi nəzarətini artıracaq.
Deputatın sözlərinə görə, hazırda vergidən azad olunan fermerlər vergi orqanlarının birbaşa nəzarətində deyil. Lakin yeni öhdəliyin tətbiqindən sonra kəndli təsərrüfatlarında kameral və səyyar vergi yoxlamalarının sayının artması qaçılmaz olacaq.
Əli Məsimli xəbərdarlıq edib ki, əgər fermerlər üçün işlək, sadələşdirilmiş və rəqəmsal uçot sistemləri qurulmayacaqsa, bu dəyişiklik aqrar sektorun şəffaflaşmasına deyil, tam əksinə, ciddi fəsadlara yol açacaq:
“Əgər fermerlər üçün işlək, sadələşdirilmiş və rəqəmsal uçot sistemləri qurulmayacaqsa, fermerlərin gəlirlərinin 10 faizli hissəsi üçün vergi ödəməyə başlaması aqrar sektorun şəffaflaşmasından daha çox, kiçik sahibkarların bir qisminin sıradan çıxmasına, istehsalın zəifləməsinə və nəticədə qiymətlərin artmasına gətirib çıxaracaqdır.”
Deputat hesab edir ki, kənd təsərrüfatında uçot sistemi fermerlərə əlavə bürokratik çətinliklər yaratmaqla deyil, stimullaşdırma və dəstək mexanizmləri vasitəsilə inkişaf etdirilməlidir. Aqrar sahəyə dövlət dəstəyi verərkən yalnız iri təsərrüfatlara üstünlük verilməməli, kiçik, orta və iri təsərrüfatların fəaliyyətinin səmərəli uzlaşdırılmasına nail olunmalıdır.
Bu istiqamətdə mövcud maneələrin aradan qaldırılması üçün Əli Məsimli bölgələrdə sosial sorğuların keçirilməsini, fermerlərin üzləşdiyi problemlərin sistemləşdirilməsini və vergi sisteminin məhz bu təhlillər əsasında optimallaşdırılmasını təklif edib.
“Bütün bunları nəzərə alaraq layihədən 2027-ci il yanvarın 1-dən etibarən beş il müddətinə kənd təsərrüfatı istehsalçılarının əldə etdiyi gəlir və mənfəətin 10 faizinin vergiyə cəlb edilməsi maddəsinin çıxarılmasını təklif edirik,” – millət vəkili qeyd edib.




















