Xameneinin ofisindən ŞOK PAYLAŞIM: 5000 kilometrlik raketin fotosu yayıldı

İranın Ali Rəhbərinin Ofisi ("Beyt") tərəfindən yayımlanan yeni qrafik-fotoda ölkənin ballistik raketlərinin uçuş məsafəsinin 5000 kilometrə və daha uzağa çatdırılmasına açıq işarə edilib.
Musavat.com xəbər verir ki, rəsmi media resursunun (Rahbar.ir) loqosu ilə paylaşılan təsvirdə səhra şəraitində yerləşdirilmiş mobil raket buraxılış qurğusu əks olunub.
Raket qurğusunun ətrafında dairəvi şəkildə 500 kilometrdən başlayaraq 5000 kilometrə qədər artan məsafə şkalası yerləşdirilib.
Fotoda diqqət çəkən əsas məqam isə raketin ucluğunun məhz 4500 və 5000 kilometr göstəricilərinə doğru tuşlanması və bu rəqəmlərin üzərində qırmızı işıqların yanmasıdır.
Təsvirin aşağı sağ küncündə fars dilində Silahlı Qüvvələrin Ali Baş Komandanının yüksək rütbəli hərbi komandirlərə ünvanladığı sərt xəbərdarlıq mesajı da yer alıb.

Həmin mətndə deyilir:
"Silahlı Qüvvələrin Ali Baş Komandanının yüksək rütbəli komandirlərə düşmənin hər hansı ehtimal olunan təhdidinə qarşı əmri: Dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməlidir".
Qeyd edək ki, Tehranın bu paylaşımı regionda gərginliyin artdığı bir vaxtda Qərbə və rəqib ölkələrə ünvanlanmış ciddi hərbi-siyasi mesaj kimi qiymətləndirilir.
İranın indiyədək rəsmi olaraq açıqladığı raket mənzili təxminən 2000 kilometr civarında idi. Yeni fotodakı 5000 kilometrlik işarə isə İran raketlərinin artıq Avropanın böyük bir hissəsini və daha uzaq strateji nöqtələri hədəf ala biləcəyinə dair eyham kimi şərh olunur.




















