İCTİMAİ YERLƏRDƏ SİQARET QADAĞASI... - Cərimələr artırılmalıdırmı?

Baxış sayı:
281

Qapalı məkanlarda siqaret çəkilməsinə qoyulan qadağanın pozulması ictimai sağlamlıq və vətəndaşların tüstüsüz mühitdə olmaq hüququ baxımından aktual problemlərdən biri olaraq qalır. Türkiyənin İstanbul şəhərində son illər bu istiqamətdə nəzarət tədbirlərinin gücləndirilməsi və qayda pozuntularına görə yüksək məbləğdə cərimələrin tətbiqi diqqət çəkir. Bu təcrübə Azərbaycanda da qapalı məkanlarda siqaret qadağasının icrasına nəzarətin effektivliyi və mövcud cərimələrin yetərli olub-olmaması məsələsini gündəmə gətirir. Xüsusilə restoran, kafe və digər ictimai iaşə obyektlərində qadağanın nə dərəcədə gözlənildiyi müzakirə mövzusudur.

Azərbaycanda qapalı məkanlarda siqaret çəkilməsi ilə bağlı qadağaya hansı qurumlar nəzarət edir və qayda pozuntusuna görə hansı cərimələr nəzərdə tutulur? Türkiyənin təcrübəsi nəzərə alınmaqla, Azərbaycanda bu qadağanın daha effektiv icrası üçün nəzarət və cərimə mexanizmlərində hansı dəyişikliklərə ehtiyac var?

Bu barədə “AzPolitika”ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycanda bu qadağanın tətbiqi müəyyən çətinliklərlə müşayiət olunur.

 

Onun sözlərinə görə, bəzi vətəndaşlar ictimai iaşə obyektlərində belə bir qadağa ilə qarşılaşdıqda bunu anlayışla qarşılamaq əvəzinə, həmin müəssisəyə getməkdən imtina edir, hətta obyekt rəhbərliyini qınayırlar: “Halbuki məsələ yalnız ayrı-ayrı şəxslərin seçimi və davranışı ilə məhdudlaşmır, cəmiyyətin digər üzvlərinin sağlamlığının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri hələ də arzu olunan səviyyədə deyil: “İlk növbədə insanlara qadağanın mahiyyəti və məqsədi düzgün izah olunmalı, hər kəs başa düşməlidir ki, müəyyən qaydalara əməl etməmək təkcə öz sağlamlığına deyil, ətrafdakı insanların da vəziyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən cəmiyyətdə məsələyə daha həssas və məsuliyyətli yanaşmanın formalaşdırılması vacibdir”.

Fazil Mustafanın qənaətinə görə, qadağanın tətbiqi ilə bağlı mübahisə və müzakirələr hələ bir müddət davam edə bilər: “Bununla belə, ictimai narazılıqlar qanunun icrasına mane olmamalıdır. Qanunun tətbiqində kiməsə xüsusi güzəşt edilməsi və ya ayrı-ayrı şəxslərin qaydaları pozmasına göz yumulması yolverilməzdir. Qadağanın real nəticə verməsi üçün qanunun tələbləri ardıcıl şəkildə yerinə yetirilməli, bu istiqamətdə ciddi və prinsipial addımlar atılmalıdır”.

Oğuz Ayvaz