“Kapital Bank” qazinin təqadünü tam şəkildə borca tutur – MƏHKƏMƏ QƏRARINA ƏMƏL OLUNMUR / VİDEO, FOTO

Baxış sayı:
15622

Şərur rayonu, Axaməd kənd sakini Qasımov Ədalət Adil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərilib. Şikayətçi bildirir ki, 2020-ci ildə təxminən “Kapital Bank”dan 6000 manat kredit götürüb. Ancaq 2023-cü ilin avqust ayından borcunu ödəyə bilməyib və qarşı tərəf məhkəməyə müraciət edib. Məhkəmə qərarına əsasən, dövlətin qazi olaraq ona verdiyi 709 manat təqaüdün yalnız 50 faizini bank almalı olsa da, “Kapital Bank” təqaüdünün hamısını borca tutur:
“Mən, Qasımov Ədalət Adil oğlu, yazaraq nəzərinizə çatdırım ki, ehtiyatda olan qaziyəm, zabitəm.
2020-ci ildə “Kapital Bank”dan kredit götürmüşəm. Həmişə də vaxtında ödəmişəm. 2023-cü ilin avqustundan sonra ödəməyə gücüm çatmadı. Bank məni məhkəməyə verdi. Verilən qərara görə, qazi kimi aldığım pensiyamın 50 faizi hər ay banka ödəniləcəkdi. Amma “Kapital Bankın”ın Naxçıvandakı filialında fəaliyyət göstərən Sədrəddin adlı “reket” peyda olaraq, digər 50 faizi də ələ keçirir. Axı, mən yerdə qalan 50 faiz ilə dolanıram. Qanunda da var ki, təqaüdün ancaq 50 faizini tuta bilərlər, 100 faiz yox.
Bir qazi kimi xahiş edirəm, işimə baxılsın. Qeyri-qanuni işlər görüblər, kartlarımı blok ediblər. Bu iş nəzarətə götürülsün. Qoymurlar ki, 1 manat belə, mənə çatsın”.
Məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verən hüquqşünas, “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu”nun müdiri Əkrəm Həsənov tərəflərin məhkəmə qərarına riayət etməli olduğunu vurğulayır:
“Müştərinin sözünə əsasən, məhkəmə ona verilən təqaüdün 50 faizinin bankın xeyrinə ödənilməsinə qərar verib. Bu halda bank qalan hissəni götürə bilməz. Çünki belə bir şey oğurluq sayılır. Vətəndaşın haqqı var ki, ya polisə şikayət versin, ya da Mərkəzi Banka müraciət etsin”.
“Kapital Bank”dan Hurriyyet.az-a verilən açıqlamaya əsasən, müştəri ilə danışılıb, mövzu araşdırılır: “Ən qısa zamanda dəstək göstəriləcək, yekunlaşan kimi cavab göndəriləcək”.
Cəmilə ƏZİMOVA