"İnsan özündə Allahın nurunu əks etdirən yeganə varlıqdır"

Sərdar Cəlaloğlu: “Ramazanda təkcə oruc tutmaq kifayət deyil, daha çox ruhun qidalandırılması tələb olunur”

“İnsan Allahın nurunu əks etdirdiyinə görə, mələklərdən üstün yaradılmışdır”

“Qurani-Kərimdə bəyan edilən Ramazan ayı ilə bağlı deyilən fikirlə bizim təqvimdə başa düşdüyümüz ayın heç bir əlaqəsi yoxdur”

“Orucluq yalnız qidadan – yeməkdən, sudan imtina deyil, əksinə ruhun təlabatlarını gücləndirməkdir”
 
Ramazan ayı. Din adamlarının böyük əksəriyyəti bu ay haqda demək olar ki, eyni fikirdədir. Onların fikrincə, Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar oruc tutmaqla ifadə olunur.
Həmsöhbətim, ADP sədri Sərdar Cəlaloğlunun Ramazan ayı haqda fikirləri isə fərqli olmaqla yanaşı, kifayət qədər düşündürücüdür. Buyurun, tanış olun.
- Sərdar bəy, İslamda ilin ayları arasında Ramazan ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Ramazan ayını digər aylardan fərqləndirən nədir?
- Əvvala onu deyim ki, Qurani-Kərimdə buyrulan “ay” anlayışı bizim başa düşdüyümüz kimi ilin ayı deyil. Qurani-Kərimdə ay dedikdə  bir şeyin işığını özündə əks etdirən şey nəzərdə tutulur. Hansı ki, mütləq mənada Allah-təalanın nurunu özündə əks etdirən 12 varlığa işarə edir. Bu 12 varlıqdan 4-ü əksiklik, 4-ü əsl varlıq, 4-ü isə bu əksiklikləri yaradan tək varlıqdır. Ona görə, Allah-təala Qurani-Kərimin “Tövbə” surəsinin 36-cı ayəsində deyir ki, ayların sayı Allahın yanında 12-dir. Əgər Allahın yanında ayın sayı 12-dirsə, bu o deməkdir ki, bizim yanımızdakı ayla Allahın yanındakı ayın heç bir əlaqəsi yoxdur. O ay mütləq aydır. O ayın – mütləq ayın nisbiləşdirilməsindən biz 5 səviyyədən 6 cür ay anlayışı alırıq. Bu ay anlayışlarının ən orjinalı, ən aşağı səviyyəlisi ilin aylarıdır, hansı ki, biz belə başa düşürük. Amma bundan yuxarı qalxdıqca ayın daha dərin mənaları var. Bu baxımdan Qurani-Kərimdə bəyan edilən Ramazan ayı ilə bağlı deyilən fikirlə bizim təqvimdə başa düşdüyümüz ayın heç bir əlaqəsi yoxdur.
- Bəs Ramazan ayının “11 ayın sultanı” adlandırılması haqda fikriniz necədir?
- “11 ayın sultanı” o deməkdir ki, Allahın yanında olan 12 aydan biri Onun nurunu əks etdirməyə görə digər 11 aydan üstün aydır. Bu hansıdır? Allah-təala Qurani-Kərimdə buyurur ki, mən özümdən insana üflədim, ruh verdim. Deməli, insan yeganə varlıqdır ki, özündə həm də Allahın əlavə bir nurunu əks etdirir. Ona görə, deyirlər ki, insan Allaha oxşardır, yəni bir nuru bütün yaradılanların əks etdirdiyi nurdur, bir nuru isə xüsusi olaraq Allahın öz nurudur. İnsan bu nuruna, ikiqat Allahın nurunu əks etdirdiyinə görə, digər yerdə qalan 11 aydan, o cümlədən mələklərdən üstün yaradılmışdır.
“Bəqərə” surəsində mələklərə “Adəmə səcdə edin!” əmri ona görə verilmişdir ki, insan yaradılışda mələklərdən bir addım daha yüksək aydır. Yəni günah etməmişdən, cənnətdən qabaq Allah-təala Adəmi yaradan kimi mələklərə dedi ki, səcdə edin, bu ayə onu göstərir ki, insan yaradılışda mələklərdən, yerdə qalan 11 aydan üstün yaradılıb. Bu baxımdan həmin ayın adının Ramazan olması təsadüf deyil. Ümumiyyətlə, Qurani-Kərimdə Adəm, Məhəmməd, İsa, Musa və s. bu kimi adların çəkilməsinin heç biri təsadüfi deyil. Bu adların özü həm də piktoqrafdır. Adın zahiri də, şəkli də çox ciddi bir məna verir, o cümlədən “Ramazan” sözünün özü də piktoqraf kimi bir məna verir. Siz əgər “Ramazan” sözünün hərflərini ərəb qrafikasında yazıb, onları sözlü təsvirə keçirsəniz, görəcəksiniz ki, Ramazan sözünün piktoqrafik mənası  – yaradılan, Allaha tərəf qayıdan və Allahın nurunu əks etdirən - deməkdir.  Yəni R, M, Z, N. O hərflərini yazın, sonra onların yazılış formasına baxın və o hərəkəti dilinizdə ifadə edin. Bu zaman “Ramazan” sözünün mənası bu olacaq – yaradılan, Allaha qayıdan və Allahın nurunu əks etdirən. Bu da kimdir: mükəmməl insan, günah etməmiş insan. Deməli, “Ramazan” sözü ayın adı olsa da, əslində, bu ayda olan insanların özündə Allahın nurunu əks etdirməsini nümayiş etdirir. Ona görə, Ramazan ayında oruc tutmaq çox vacibdir. Niyə? Yenə “Tövbə” surəsinin 36-cı ayəsində Allah-təala deyir ki, “Allah-təala pəhrizkardır”. Bu o deməkdir ki, digər aylardan üstün olan digər ay Allaha oxşardır. Bəs o Allahın nəyinə oxşamalıdır? Allahın pəhrizkarlığına oxşamalıdır.
- Burada “pəhrizkar” dedikdə, konkret olaraq nə nəzərdə tutulur?
- “Pəhrizkar” sözünün mənası - qüsur və eyibləri yardacaq təbiətdən azad olmaq - deməkdir. Yəni təktəbiətlilik deməkdir. Allah təktəbiətlidir. Allahdan başqa, yerdə qalan hər şeyin iki təbiəti var. Niyə? Allah-təala istədiyinə “ol!” dedi, yoxluqdan yaratdı, deməli, hər bir şeyin həm yoxluq, həm də varlıq şərti var, hətta mələkələrin də. Tək Allahdır ki, onun bircə şərti var. O da Onun varlıq şərtidir. Onu da Ondan başqa heç kəs bilmir. Deməli, insan Allaha oxşamalıdırsa, Allah kimi pəhrizkar olmalıdır. Allaha oxşar pəhrizkar olmağı biz Orucluq kimi başa düşürük. Yəni biz Orucluqda sanki bədənimizi inkar edib, tək bir ruhdan ibarət varlıq olduğumuzu göstərmək istəyirik. Ona görə, Ramazan ayında “Ramazan” sözünə uyğun olaraq, kim ki, Allaha qayıdıb Onun nurunu əks etdirir, onlar pəhriz tutmalıdır ki, Allaha oxşasınalar. Allaha oxşamaq Allahın nurunu olduğu kimi əks etdirmək deməkdir.
- Bəs, oruc tutmaq hər bir müsəlman üçün vacibdir? Quran Orucluq haqda konkret nə buyurur?
- Ümumiyyətlə, Orucluq mütləq şəkildə bədənin olmaması, xalis ruhi varlıq olmaq deməkdir. Nisbi şəkildə bədənin mövcud olmasını məhdudlaşdırma deməkdir. Su istəyir, vermirsən. Yemək istəyir, vermirsən. Yatmaq istəyir, yatmırsan. Sadəcə olaraq Ramazanda ruhu qidalandırırsan. Ruhu qidalandırmaq nədir? Bizim Ramazan orucu tutanların əksəriyyətinin böyük bir qüsuru var. Onlar elə bilirlər ki, Ramazanda orucu tutdun, bununla iş bitdi. Yəni bədənin təlabatlarını məhdudlaşdırdın, bitdi. Amma Qurani-Kərimin mahiyyətindən görsənir ki, Ramazanda təkcə oruc tutmaq kifayət deyil. Əksinə, ruhun daha çox qidalandırılması tələb olunur. Yəni bədəni aclıqda saxlayıb, ruhu qidalandırmaq. Bu nə deməkdir? Ramazan ayında insanlar elmlə, yaradıcılıqla məşğul olarlarsa, təcrübədən görəcəklər ki, onların Ramazan ayında öyrəndikləri və yaratdıqları şeylər başqa aylarda öyrəndiklərindən və yaratdıqlarından çox-çok yüksək və keyfiyyətlidir. Çünki bədəni nə qədər ac saxlayıb, ruhu nə qədər çox qidalandırsan, sənin ruhun bədəndən daha çox xalis şəklildə təzahür edə bilər. Hansı ki, adi halda bədənlə bir yerdə təzahür etdiyinə görə, bədən ruha, belə desək, “pomex” verir, qoymur təzahür etsin. Ona görə də bu insanın əldə etdiyi bilik də yaradıcılıqda nisbi, yəni keyfiyyətsiz olur. Amma Ramazanda ki, sən bədəni susdurursan, bədən sənin ruhuna təsir edə bilmir, bu zaman ruhuna  nə qədər qida verirsənsə, bir o qədər yüksək səviyyədə, dəqiq şəkildə həmin qidanı əks etdirir. Yəni oxuduğunu dəqiq mənimsəyə, yaratdığını dəqiq yarada, davranışını dəqiq icra edə, danışığını dəqiq ifadə edə bilirsən.
- Yəni yaradıcılıqla məşğul olmadan oruc tutmağın ciddi faydası yoxdur?
- İnsanların ikinci bir qüsuru  Ramazan ayında ac, susuz və şəhvəti məhdudlaşdırıb, əvəzində idraki dərketmənin və yaradıcılığın gücləndirilməməsidir. Bu, böyük qüsurdur. Müsəlmanların böyük əksəriyyətinin orucunun yarımçıq olması bununla bağlıdır. Onlar elə bilirlər ki, Orucluq yalnız qidadan – yeməkdən, sudan imtinadır. Halbuki orucluq bədənin təlabatlarından imtinanın əksinə, ruhun təlabatlarını gücləndirmək deməkdir. Bütün günü oxumaq, öyrənmək, yaradıcılıqla məşğul olmaq, düzgün davranış və yaxşı əməllər etmək və yaxşı danışmaq. Yaradıcılıq deyəndə bu 3 şey nəzərdə tutulur - əsər yaratmaq, danışmaq və davranış. Dərk etmək isə qavramaq və Quranı oxumaqdır. Əgər bir insan oruc tutub, dediyim kimi, bu dərketmə və yaradıcılığı artırmırsa, Ramazan ayında başqa aylardan fərqli olaraq, o adamın orucu birtərəflidir və o insana az xeyir verəcək, və yaxud heç bir xeyir verməyəcək. Yəni bu insan orucluqdan sadəcə olaraq zəifləmiş, arıqlamış, tükənmiş şəkildə çıxacaq və əvəzində də Ramazan ayının bərəkətindən bəhrələnə bilməyəcək.
- Bərəkət dedikdə nəyi nəzərdə tutursunuz?
- Bərəkət bizim gözümüzlə görmədiyimiz bir qidadır. O qidanı sən yeməyəcəksənsə, deməli, sən bərəkət əldə edə bilməyəcəksən. Orucluğun bərəkəti məhz Orucluq ayında insanın daha çox elmi və mədəni cəhətdən özünü inkişaf etdirməsi, qidalandırması ilə bağlıdır. Bəs bizim adamlarımızın yanlış düşündüyü nədir? Bunlar “bərəkət” deyəndə, bunu maddi bir şey kimi başa düşürlər. Halbuki maddi şeyin bərəkətə heç bir aidiyyatı yoxdur. Bərəkət intensiv dərkedilən ölçülükdür. Məsələn, biz deyirik ki, 1 metr, bir də ondan böyük – 2 metr. 1 metr 50 sm-ə görə böyükdür, 2 metrə görə kiçikdir. Bərəkət də bu cürdür. Bərəkətin konkret maddi şeylərə münasibəti fərqlidir. Ona görə də Orucluq ayının bərəkəti deyiləndə, Orucluq ayından əldə edilən bilik, həyata keçirilən əməllər, davranışlar və s. bunlar nəzərdə tutulur. Orucluqda gərək insanlar kollektiv işlərlə məşğul olsunlar. Tutaq ki, kəndi abadlaşdırsınlar, yol çəksinlər, məscid, xəstəxana tiksinlər və s. Və yaxud Orucluq ayında müsəlmanlar mütləq xeyir işləri ilə məşğul olmalıdırlar. Yoxsullara, kasıblara əl tutmalıdırlar, xəstələrə xidmət etməlidirlər, kimsəsiz qocalara qayğı göstərməlidirlər, eləcə də Quranı təbliğ etməlidirlər. Ən vacibi budur. Çox təəssüf ki, Orucluqda müsəlmanların böyük əksəriyyəti bunu etmir. Bu da o deməkdir ki, bu, Orucluqdan daha çox aclıqdır. Aclığın da yalnız və yalnız fiziki xeyri ola bilər. Məsələn, bəzi xəstəliklər var ki, elmi şəkildə aclıqla müalicə olunur. Yəni əgər səndə bir xəstəlik varsa, Orucluqda aclıq edirsənsə, bu sənin mənfəətin olacaq, amma bərəkət, xeyir olmayacaq. Çünki xeyir üçün ruhu qidalandırmalısan.
- Dediklərinizdən belə aydın olur ki, Ramazan ayına sadəcə Qurani-Kərimin nazil olduğu ay kimi baxmaq yanlışdır...
- Əvvəlla, Ramazan ayında Quranın nazil olması dedikdə, burada Allahın yanındakı aydan söhbət gedir. Bayaq dediyim kimi, Allahın yaratdığı Adəmə Quran nazil olub. “Quran” sözü burda Allahın Adəmə verdiyi ruha ekvivalent olan konkret kitabdır. Yəni bu Quran əvvəlcədən – yardılış anında bizə üflənir. Ona görə də, Allah-təala Quranda buyurur ki, “görümürsüz, mən dünyanı necə yaratdım”, “görmədiniz, mən sizi necə yaratdım”?! İnsan yaranmamışdan özünü necə görə bilər? Amma Quranda “görmədiniz, mən sizi necə yaratdım?!” - bu o deməkdir ki, bu Quran bizə iki dəfə gəlib. Bir yaranan anında Allahın özündən üflədiyi ruh şəklində gəlib, sonradan biz bədənə girmişik, hər şeyi, Quranı tamamilə unutmuşuq. İkinci dəfə zahir bir kitab kimi gəlib. Yəni bir Quranın batini var, hansı ki, biz ondan yaranmışıq, bir də zahiri var, biz onu oxuyub özümüzün necə yarandığımızı dərk edirik. O cümlədən Ramazan ayında Quranın nazil olması bu Quranın vəhy olunmasının Ramazanda başlanılmasına işarə etmir. Bu, tam şəkildə yaradılışdan Allah-təalanın Adəmə üfləməsi kimi verildiyinə işarə edir ki, məhz Ramazanda verilib. Yəni Allahın ruhu tam qayıdan varlıqdır. Dedim axı, Ramazan 12-ci aydır, ruh verilmiş insandır. Quran kimə nazil olub? İnsana. Nə zaman? Ramazanda. Ramazan kimdir? Allahın yanındakı 12 aydan ən müqəddəsi. Yəni Allahın ruhunu ən çox əks etdirən aydır.
- Qədr gecəsi ilə bağlı fikirlərinizi bilmək də maraqlı olardı...
- Qədr gecəsində Quranın nazil edilməsi ilə bağlı müsəlmanların anladığının Qurana heç bir aidiyyatı yoxdur. Yəni yanlış anlayırlar. Məsələn, Qədr gecəsini gecə kimi başa düşürlər. Qədr – ölçü, dərəcə deməkdir. Gecə gündüzün əksikliyi deməkdir. Yəni bir şey var, amma qaranlıqda görünmür. Deməli, sən onu ölçüləyəndə o gündüzə çevriləcək. Allah-təala da deyir ki, Qədr gecəsi mələkləri və ruhu nazil etdim. Məsələn, yaradılış 7 gündən ibarətdir. Biz 6-nı bilirik. Quranda deyilir ki, 6-cı gün mən insanı yaratdım. Bəs 7-ci gün başa çatıb, ya yox?
- Çatmayıb?
- 7-ci gün başa çatmayıb. Ona görə, Quranda 7-ci günə aid heç bir şey deyilmir. Allah-təala deyir ki, 6 günə yaratdım, 7-ci gün nizama çəkib, tərtib etməyə başladım? İndi bu gün dünyada nizam var?
- Təbiətdə var.
- Bu o deməkdir ki, biz 7-ci günün içindəyik. Əgər bu gün 7-ci günün içindəyiksə, onda “Qədr gecəsi” deyəndə, bu dünyanın xarici görünüşünə işarə edir, necə ki, gecə şeylər görünmür, bu dünyanın da xaricində Allahın nuru görünmür. Qədr gecəsi budur. Yəni bizim gündüzlər gördüyümüz şeylər ki var, bunlar Allahın yanında Qədr gecəsidir. Hansı ki, Allah onu nizamlayıb, o nizam onun içində olduğuna görə, biz onu görmürük. O baxımdan Quranın Qədr gecəsi nazil olması görünən dünyanın batininə nazil olmasıdır. Hansı ki, o batinini dərk edəndə biz baxacağıq ki, Quran ayələri ilə bizim dərk etdiyimiz şeylərin batini arasından heç bir fərq yoxdur. Niyə? Nədən bəyan edir Quran? Əmələgəlmədən, mövcudolmadan, təcrübədən, təsəvvüretmədən, yaranmadan. Hansı ki, bunların hamısı daxili bilgi kimi bizim idrak etdiyimiz obyektlərin içindədir. Yəni Quran ayələri işarə ilə, bu dünya maddi ifadə olunan kitabdır. Eyni kitabdır. Birinin adı Furqandır, birinin adı Qurandır. Bizim masamızın üstündə olan kitab Qurandır. Dünya Furqandır. Furqan görünən, sonra oxunan, Qurani-Kərim oxunan, sonra görünən kitabdır. Fərq budur. Ona görə Quranı anlamırlar ki, oxuyandan sonra onun içindəki dərin mənaları görə bilmirlər. Halbuki Quranla bizim gördüyümüz dünya əksiklik təşkil edən eyni kitabdır, uyğunluqları eynidir, mənaları eynidir, amma görünüşləri fərqlidir. Biri maddi ifadə olunub, biri işarə ilə. Biri Furqandır, biri Qurandır. Ona görə də Qədr gecəsində, Ramazan ayında Quranın nazil olması Allahın yanındakı 12 aydan biri olan Ramazana Allah-təalanın özündən ruh üfləməsini işarə edir. Onun isə nə vaxt olduğu bilinmir. Nəyə görə? Allah-təala yaradılışa başlayanda zaman yox idi. Zamanı yaratdı. Zamanın yaranması 7-ci gündür. Deməli, məlum olur ki, o nazil etmədən qabaq zaman yox idi. Ona görə sən nəyi axtarısan?
O ki qaldı Qurani-Kərimin ilk dəfə Məhəmməd Peyğəmbərə bəyan edilməsinə, bu artıq nisbi nazilolmadır. Qurani-Kərimdə mütləq nazil olmadan söhbət gedir. Mütləq nazil olma o gecə, yəni bu dünyanın zahirindən nizamın yaradılanlara daxil edilməsinə işarə edir ki, nisbi şəkildə Quranın Məhəmməd Peyğəmbərə nazil edilməsinə oxşardır, eyni deyil. Məhəmməd Peyğəmbərə Quran necə nazil olub? Məhəmməd Peyğəmbər girib bir mağaraya... Yaradılışda nur da girir ruhun içinə və Allah-təala öz ruhunu Adəmə üfləyir və yaradır cənnətində. Eynilə oxşar hadisələrdir. Orda Allahın özü, burda mələk Allahın əvəzinə Məhəmməd Peyğəmbərə Qurani-Kərimi nazil etməyə başlayır. “Nazil etmək” sözünün mənasını başa düşmədiyimizə görə, müsəlmanların çoxu Quranın nazil edilməsini başa düşmür. Nazil edilmə - yuxarıdan aşağıya doğru endirilmə - deməkdir. Bu da beyindən Məhəmməd Peyğəmbərə Quranın verilməsidir. Məsələn, Məhəmməd Peyğəmbər mələyi görür. Bunun görməsi bizim gördüyümüz kimi xarici görüntü deyil. Mələk yalnız daxilən görünə bilər. Çünki, mələk maddi olmadığına görə, onu biz bir şey kimi görə bilmərik. Məhəmməd Peyğəmbər də onu zahirən görməyib. Görə də bilməz. Çünki mələk maddi deyil. O, onu yuxarıdan nazil edilmə əsasında batinən görüb. İsa Peyğəmbər də deyir ki, Allah-təala mənə daxildən deyir ki, bunu de, mən ancaq batindən Allahla əlaqədəyəm. Bu baxımdan Quranın nazil edilməsi məsələsi də məhz yaradılışda insana Quranın nazil edilməsinin nisbiliyidir. Bu gözümüzlə gördüyümüzdür, o isə bildiyimizdir. Bu baxımdan kimsə Ramazanda Quranın nazil edilməsini, Qədr gecəsini konkretləşdirirsə, bu o deməkdir ki, o, Quranı səthi mənadan anlayır. Dərin mənadan isə bu dünyanın mövcud olması həmin Quranın nazil edildiyi Qədr gecəsi, ölçü gecəsidir, yəni hər şey ölçülənib.
- Bütün dediklərinizdən belə anlaşılır ki, bizim oxuduğumuz, hazırda Sizin masanızın üzərində olan Qurani-Kərim maddi olduğundan müqqəddəs hesab oluna bilməz...
(Ardı var)
Ayxan İLDIRIMTÜRK