Həbs edilən generalla bağlı YENİ XƏBƏR: ailəsinin şikayəti qəbul edilmədi...

Baxış sayı:
21280

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin ailəsi müsadirə edilmiş əmlakların hərraca çıxarılmasına etiraz edir.

Onun ailə üzvləri qeyd olunan səbəbdən məhkəməyə müraciət edib.

Şixəliyevin həyat yoldaşı Aybəniz Şixəliyeva, oğlu Elgün Şixəliyev və qızı Samirə Əliyeva dövlət nəfinə alınmış əmlakların icra məmuru tərəfindən hərraca çıxarılmasından narazıdırlar. Onlar hər biri ayrı-ayrılıqda Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər.

Mövlam Şixəliyevin vəkili Ceyhun Yusifovun sözlərinə görə, müvəkkili haqda apellyasiya instansiyasının qərarından kassasiya şikayəti verilib. Hazırda iş Ali Məhkəmənin icraatındadır:

“Yüksək instansiya məhkəməsinin yekun qərarı olmadan əmlakın hərraca çıxarılması  qanunsuzdur. Belə olan halda Ali Məhkəmənin qərarının nəticəsi sual altına düşür”,-deyə vəkil Yusifov əlavə edib.

Hakimlər eyni gündə A.Şixəliyeva və qızı S.Əliyevanın şikayətləri ilə tanış olub. Hər iki şikayət qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılıb. E.Şixəliyevin şikayətinə isə bu gün baxılacaq.

Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. O, eyni zamanda Prezidentin sərəncamı ilə general rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib./qafqazinfo