Həbibin MMA-da ilk döyüşü azərbaycanlıya qarşı olub: Bu... - VİDEO

Baxış sayı:
15871

UFC-nin yüngül çəkidə məğlubedilməz çempionu Həbib Nurməhəmmədov peşəkar MMA-da 2008-ci ildən bu yana 28 görüş keçirib. Oxu.Az xəbər verir ki, bütün görüşlərdə qalib gələn avar əsilli idmançı ilk çempionluğunu ötən ilin aprelin 7-də qazanıb. O, Nyu-Yorkun Bruklin bölgəsində keçirilən UFC-223 görüşündə yerli idmançı Al Ayakvintanı məğlub edərək yüngül çəkidə bu turnirin çempionu olub. Həbib daha sonra ötən ilin oktyabrın 6-da Las Veqasda (UFC-229) irlandiyalı Konor Makqreqoru məğlub etməklə titulunu qoruya bilib. Bu ilin sentyabrın 7-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə (UFC-242) amerikalı Dastin Puaryeyə qalib gəlməklə ikinci dəfə bu titulu özündə saxlamağı bacarıb. Daha əvvəl Həbib Nurməhəmmədovun iki dəfə bu ilin yanvarında Sabunçudakı xəstəxanada dünyasını dəyişmiş Xamiz Məmmədovla döyüşdüyünü bildirmişik. Bu döyüşlərin biri 2007-ci ildə Dağıstanda keçirilən sambo üzrə açıq çempionat çərçivəsində baş verib. Döyüş sambosu üzrə keçirilən görüşdə Xamiz 19 yaşlı Həbibə qalib gəlib. Lakin tərəflərin MMA-da ilk döyüşü 2011-ci ilin avqustun 5-də olub. Rostov yaxınlığında Don çayı üzərində gəmidə keçirilmiş bu görüş ProFC-30 turniri çərçivəsində baş tutub. Dağıstanlı idmançı birinci raundun 3-cü dəqiqə 15-ci saniyəsində Məmmədovu boğma fəndi ilə məğlub edib. Lakin bəlkə də, çoxları bilmir ki, dünya şöhrətli idmançının qarşılaşdığı yeganə azərbaycanlı Xamiz Məmmədov deyil. Belə ki, Həbib Nurməhəmmədov peşəkar MMA-da ilk döyüşünü də məhz azərbaycanlıya qarşı keçirib. Həmin şəxs Vüsal Bayramovdur. “CSFU: Çempionlar Liqası” adlanan turnirdə döyüş sambosu (combat sambo) və MMA yarışı keçirilib. Ukraynanın Poltava şəhərində olmuş bu görüş 2008-ci ilin sentyabrın 13-də baş tutub. Maraqlıdır ki, döyüş oktaqonda yox, rinqdə olub. Daha bir maraqlı məqam ondan ibarətdir ki, hər iki idmançı peşəkar MMA-da debütünü məhz bu görüşdə edib. İdmançımız rəqibinə çətin anlar yaşatsa da, birinci raundun 2-ci dəqiqə 20-ci saniyəsində Həbibin sevdiyi boğulma fəndinə düşüb. Hətta bundan sonra Vüsalın dili qatlanıb. Lakin həkimlərin müdaxiləsindən sonra Bayramovu özünə gətirmək mümkün olub. Bundan sonra Həbib Vüsalı çiyni üzərinə qaldıraraq ona təskinlik verib.