Hacıbala Abutalıbovdan narazılıq edən yolka

"Bəzənmişdir yolkalar, Onların da sözü var. Duysun ellər, obalar, Yeni il gəldi, yeni il gəldi". Yeni ilə yeni ümidlər oyandıran bu musiqi hər il olduğu kimi bu il də ilin son günlərində dilimə düşüb. Hətta bu il musiqini oxuduqca daha yaradıcı düşünməyə başladığımın fərqinə vardım. Məsələn, elə burda qeyd etdiyim kimi, "Bəzənmişdir yolkalar, onların da sözü var". Bəli onlar da bizimlə danışmağa meyl edir. Fikirləşdim ki, öz səsini ellərə, obalara çatdırmaq istəyən bu yolkalarla bir az söhbət edim. Yeni kirayə qaldığım ev Qış parkının yanındadır. Düşündüm ki, elə indi evdən çıxsam, piyada yol qət edərək mərkəzi küçələrdə qurulan yolkaların hamısı ilə söhbətləşə bilərəm. Qış parkı ilə üzü Heydər Əliyev Sarayına tərəf yol aldım. Günəş artıq bizim tərəfdə işini bitirib, keçmişdi Amerika xalqını yuxudan oyatmağa. Mənim bu parkda gəzişməyim, dünyanın o biri tərəfində yuxudan oyanıb böyük insan kütləsinə qarışacaq Anjelikanı və Amerikanın prezidenti Donald Trampın vecinə olmaması gərçəyinə vararaq, ilk yolka ilə rastlaşdım. Rəngli işıqlarla bəzədilmiş yolkanın yanında iki rəfiqə məndən onların fotosunu çəkməyimi xahiş etdi: "Elə ,çəkin ki, yolka da düşsün”. Ard-arda telefonun düyməsini bir neçə dəfə tıqqıldatdım. Qızlardan "təşəkkür” sözcüyünü alıb, 1 ayın gəlini kimi bəzənib, qonaq getməyə hazırlaşan yolkanı bir də başdan aşağı süzdüm. O da mənim baxışlarıma eyni baxışlarla qarşılıq verdi. Yolkalar salamlaşmağı sevmir. Hal-əhval tutmaqla da heç araları yoxdur. Ona görə də bu ədəbaz yolkanın kefini pozmağa qərar verdim. Həm xeyir ola ki, bu qədər bədbəxt kütlənin içində belə xoşbəxt yolka olsun. Bu ki, bizə qarşı sayqısızlıqdır. "Üzr istəyirəm, deyəsən, sizin payınıza Şaxta baba və Qar qızı düşməyib”. Bu sözüm yolkanı acıqlandırsa da, özünü o yerə qoymadı. Hikkəli baxışlarla məni süzüb "Mən belə də gözələm. Budaqlarım əynimdə, işıqlarım da üstümdə. Başqa yolkalar kimi budağımı soyunub, çılpaq qalmamışam ki. O soyunanlar guya indi müasirdir? Müasirlik soyunmaqla olmur. Həm mən şəhərin Qış parkını bəzəyirəm. Mənimlə şəkil çəkdirmək də rahatdır. Başqa yerlərdə pul ödəməyə məcbur olanlar, mənimlə öz telefonları ilə şəkil çəkdirə bilir” dedi. Yolkanın danışıq tərzi mənə sosial şəbəkələrdəki profil fotosunda hicablı qız şəkli olan və səhifələrdə açıq-saçıq geyinən gözəl qız fotolarına baxıb onlar kimi ola bilmədiyi üçün "Əxlaqsız, əsl Azərbaycan xanımı belə geyinməz. Bu cür insanlar müasirliyi fahişəliklə səhv salıb” şərhi yazan bacını xatırladım. Bir az da söhbətə davam etsəm, özümü saxlaya bilməyib güləcəkdim. Ona görə də Yolkanın yanından tez uzaqlaşıb, bayram üçün bəzənən şəhərin üzündən zəhrimar yağan sakinlərinə qoşulub növbəti yolkalarla görüşə tələsdim. Növbəti qarşılaşdığım yolka Cəfər Cabbarlının heykəlinin qarşısında qurulmuşdu. Yanında müxtəlif nağıl qəhrəmanları və Şaxta baba ilə Qar qızı da ona yoldaşlıq edirdi. Uşaqlar hallarından məmnun olsa da, Yeni ilin atributları çox yorğun görünürdülər. Burda dayanan yolkaya içimdən acıma hissi keçdi. O da bunu hiss elədi. Üzünü mənə tutub "Mənim sizdən heç xoşum gəlmir. Burda olandan depresiyaya düşmüşəm. Mən ümumiyyətlə, heç nədən razı deyiləm. Hələ bu uşaqların mənimlə şəkil çəkdirdiklərini görəndə, elə bilirəm başımdan aşağı qaynar su tökürlər. Budaqlarım büzüşür” dedi. Mənim isə cavabım "Razı deyilsən, o zaman, etiraz elə” oldu. Bu vaxt ağlayan uşağını Şaxta babanın qucağından alıb "xoşbəxt ailə tablosu” fotosunu çəkməyə qoymadığı üçün əsəbdən gözünə heç nə görünməyən gənc qadının deyinməsi qulaqlarımda cingildədi. Qadının yerinə təəsüfləndim. Çünki rəfiqələrinin gözünə soxacağı o fotonu çəkə bilmədi. Yolka da mənimlə birgə xanıma baxıb dərindən bir ah çəkdi: "Nəyə etiraz edim ki, onsuz da dəyişən heç nə yoxdur. Guya mənim yerimi dəyişsələr nə olacaq ki? Keçən dəfə Hacıbala müəllim gəlmişdi. Məni göstərib dedi ki, "Bu cür yolka görəndə, elə bil, qəbirdə adam görürəm”. Mən də çox incimişəm. Axı indi təzə mod düşüb, çılpaq dəmirlərin üstünə işıq dolayıb, adını yolka qoyurlar. Hardan yarandığı məlum olmayan əxlaqsız yolkalar indi daha çox dəbə düşüb. Lap sponsorlu müğənnilər kimi”. Yolka deyinməyində olsun, biz də gedək şəhərin ən çox parlayan yerinə, yəni "Tarqovı”ya. Şəhərin bu yaraşıqlı görünüşü içimə böyük ümidlər doldurmağa başladı. Bəlkə, doğurdan da Yeni il əhəmiyyətli gündür. Amma qorxuram ki, it bizi bəyənməsin və üstümüzə hürsün. Bu düşüncələrin içindən birdən Nazım babanın sədalarını duydum. "Sən yanmazsan, mən yanmazsam, biz yanmazsaq, Necə çıxar qaranlıqlar aydınlığa”. Bayaqdan hər kəsin pislədiyi budaqsız yolkaların daha şən göründüyünün şahidi oldum. "Sizin haqqınızda pis sözlər danışırlar. Buna münasibətiniz necədir”? deyə sual etdim. Qəribədir bu yolkalar daha şən görünürdülər. Hətta mən də onlara baxıb sevinməyə başladım. İçlərindən biri mənə baxıb "Eyni şeylər təkrarlandıqca vərdişə çevrilir. İnkişaf isə ancaq dəyişikliklə baş verən prosesdir. Biz bizdən daha yaxşıları yaranana kimi çoxalmağa davam edəcəyik” dedi Düz sözün qarşısına əlavə söz demədən, "Soyuq əllər, İsti ürək" adlı yarmarkaya üz tutdum. Çünki şəhərin ən məşhur yolkası orda qurulub. Əgər onunla şəkil çəkdirməmisizsə, demək ki, Yeni il sizin üçün gəlməyəcək. Elə bu düşüncələrlə birgə gəlib çatdım Yarmarkada yerləşən o məşhur yolkanın yanına. Adam əlindən Yolkaya yaxınlaşmaq qeyri-mümükün idi. Ona görə də növbəmi gözləməyə qərar verdim. Bu yolka başqalarından çox fərqlənirdi. Bunun səbəbini soruşanda dönüb mənə tərs-tərs baxaraq dedi: "Hacıbala müəllim deyir ki, bu ölkə də bir yolka var, o da sənsən”. Lalə Niftaliyeva