Hacı Qalibin oğlu həbs edildi - KÜRDƏXANIYA GÖNDƏRİLDİ

Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib. Muxalifət.az Ölkə.az-a istinadla xəbər verir ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Qalib Salahzadə açıqlamasında xəbərin doğru olduğunu bildirib. O qeyd edib ki, oğlu günahsızdır və qərardan apelyasiya şikayəti veriblər: “Oğlum ağıllı, yerini bilən adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Sadəcə olaraq oğlumu şərləmək istəyirlər. Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman Azərsu ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni, oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də məhkəmə keçirilərək, oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır”.