Gürcüstan Saakaşvilinin ekstradisiyası ilə bağlı Ukraynaya müraciət edib

Gürcüstan dövləti keçmiş prezident və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin həbsi və ekstradisiyası barədə Ukraynaya müraciət edib.
“lenta.ru”-nun verdiyi xəbərə görə, bunu Ukrayna ədliyyə nazirinin müavini Sergey Petuxov deyib. "Ukrayna Mixail Saakaşvilinin axtarışı, nəzarət altına alınması və ekstradisiyası barədə sorğu alıb. Gürcüstan Baş Prokurorluğunun sorğusu Ukrayna Ədliyyə Nazirliyi və Baş Prokurorluğuna ünvanlanıb", - deyə o, bildirib.
S. Petuxov M. Saakaşvili haqqında ekstradisiya yoxlaması başlandığını açıqlayıb. O qeyd edib ki, Gürcüstan Baş Prokurorluğu M. Saakaşvilinin siyasi motivlə təqib olunmayacağı və üçüncü ölkələrə təhvil verilməyəcəyi barədə təminat verir.
Qeyd edək ki, iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Hazırda Avropada olan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya geri dönəcəyini açıqlayıb.
QEYD: Göründüyü kimi baş verənlər Saakaşvili əleyhində Poroşenko hakimiyyəti ilə İvanaşvili hakimiyyətinin sövdələşməsi yönündə davam edir və bir siyasi komediyadan başqa bir şey deyil. Məqsəd isə Sentyabrın 10-da Saakaşvilinin Ukrayanaya gəlməsinin qarşısını almaqdır. Buna nə qədər nail olacaqlar, bunu isə Saakaşvilini bir siyasətçi kimi Ukrayna xalqının nə qədər dəstəkləməsindən və ayın 10-da sərhədə toplaşmalarından asılı olacaq.