Fransadakı etirazların dördüncü həftəsi - TOQQUŞMALAR DAVAM EDİR

Baxış sayı:
2275

Fransa polisi şənbə günü Parisin mərkəzi Şanzelize prospektində toplaşan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər ölkədə yaşayış məsrəflərinin yüksək olmasına etiraz edirlər.

Polisin bildirdiyinə görə, şənbə günü 1,500-dən çox nümayişçi paytaxt küçələrinə etiraza çıxmış və ən azı 343 nəfər saxlanılmışdır.

Polis prezident sarayına yürüşə cəhd edən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Zorakı etirazların dördüncü həftəsi davam edir. Fransa, Eyfel qülləsi daxil olmaqla bir neçə turistik nöqtələri bağlayıb və on minlərlə təhlükəsizlik əməkdaşını səfərbər edib.

Parisdəki dükanların çoxu zərərin qarşısını almaq məqsədilə şənbə gününə planlaşdırılmış nümayişlərdən öncə pəncərələrini və qapılarını müxtəlif materiallarda örtüb. Polis şəhərin geniş küçələrini kordona alıb.

Ölkə üzrə 89 mindən çox polis cəlb edilib. Keçən həftənin etirazları zamanı bu rəqəm 65 min idi. Həmin həftə yanacaq vergilərinin artırılmasına etiraz edən nümayişçilərin ən azı 130 nəfəri xəsarət almışdı.

Polis küçədən etirazçılar tərəfindən silah kimi istifadə edilə biləcək materialları yığışdırıb. Bura küçə kafelərinin oturacaqları və masaları da daxildir.

Prezident Emmanuel Makron cümə gecəsi elan edilmədən Parisin kənarında anti-üsyan təhlükəsizlik qüvvələri ilə görüşüb və onlara gördükləri əməyə görə təşəkkür edib.

Noyabr ayından bəri dizel yanacağına tətbiq edilən sərt vergilərə etiraz məqsədilə keçirilən nümayişlərdə dörd nəfər həlak olub.

Makron vergi artımını ləğv etmək qərarı verməsinə baxmayaraq, etirazlar davam edir. Nümayişçilər bu yolla işçilərin, təqaüdçülərin və tələbələrin iqtisadi çətinliklərini ifadə edirlər.

Hökumət rəsmiləri keçən həftəki etirazlar zamanı baş verən zorakılığın davam edəcəyindən və bunu iqtisadiyyatı zəiflədəcəyindən, eyni zamanda hökumətin vəziyyəti nəzarət altında saxlaya biləcəyi ilə bağlı şübhələrin artacağından narahatdır.

Rəsmilər eyni zamanda ifrat sağın, anarxistlərin və anti-kapitalist qrupların “sari jiletlilər” kimi tanınan hərəkata qoşula biləcəklərindən narahatdır.