Göyçay sakinləri ciddi təhlükə ilə üz-üzə qalıb - PREZİDENTƏ MÜRACİƏT / VİDEO, FOTO
Göyçay rayonu Cəyirli kənd sakinləri Abışov Natiq Məzahir oğlu, Feyzullayev Rahim Zülfü oğlu, Məmmədov Zabit Hüseyn oğlu, Nəsirov Elnur Xeyrəddin oğlu, Abışov Şahsən Agasən oğlu, Beydullayev Qamət Qiyas oğlu və digərləri tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və aidiyyəti qurumlara müraciət edən şikayətçilər yazırlar:
"Biz, Göyçay rayon Cəyirli kənd sakinləri, mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən kömək istəyirik.
Belə ki, Cəyirli kəndi Göyçay çayının kənarında yerləşir. Kənd əhalisi ciddi təhlükə ilə üz-üzə qalıb.
Bir neçə gündür intensiv yağan leysan yağışlarına görə, Göyçay çayında su çoxalaraq, məcrasından çıxıb, ətrafda olan sakinlərə məxsus meyvə bağlarını uçurur. Uçqunlar günü-gündən çoxalaraq, evlərə yaxınlaşır. Buna görə kənd əhalisnin həyatı ciddi təhlükə qarşısındadır.Təcili tədbirlər görülməsə, əhali ağır faciələrə məruz qalacaqlar.
Bu barədə Göyçay rayon İcra Hakimiyyətinə və Suvarma Sistemləri İdarəsinə dəfələrlə müraciətlər edilsə də, heç bir tədbir görmək istəmirlər. Zərurət var ki, çayın Cəyirli ərazisindən keçən hissəsi betonla bəndlənsin.
Cəyirli kənd sakinlərinin əsas məşğuliyyəti bağçılıqdır. Başqa iş yerimiz yoxdur ki, gedib işləyib ailəmizi dolandıra bilək. Üç gün intensiv yağan leysan yağışlar nəticəsində çayın məcrası genişlənərək, hekratlarla bağ sahələrini yuyub aparmışdır. Ən böyük təhlükə isə odur ki, Göyçay çayının məcrası genişlənərək kəndin suvarma arxına yaxınlaşır. Əgər qarşısı təcili alınmasa suvarma arxını uçurdacaq və nəticədə 700-800 təsərrüfat susuz qalacaq ki, bu da lap ağır faciələrə səbəb olacaq.
Cənab Prezident!
Sizdən xahiş edirik ki, tez bir zamanda komissiya yaradılsın, Göyçay rayonuna ezam təşkil olunsun və yerində araşdırma aparıb, təcili tədbirlər görülsün".
Muxalifet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.